Azərbaycan cəmiyyətinin üstünlüklərindən biri də, onun çoxmədəniyyətli və çoxmillətli olmasıdır

08:29 05-12-2022 568

    Məlumdur ki, Azərbaycan Respublikasında tolerantlıq kimi multikulturalizm ideyalarına sadiqlik hər zaman güclü olub və bu gün də, eyni münasibət davam etməkdədir. Azərbaycanda insanları yaxınlaşdıran, xalqları sülh, sabitlik, insanları mehribanlıq, qarşılıqlı hörmət naminə birləşdirən azərbaycançılıq və multikulturalizm olduqca böyük dəyərdir. Xalqımızın Ümummilli Lideri Heydər Əliyevin 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra, xalqa: "Suverenliyimizi daim yaşatmaq, dövlət müstəqilliyimizi əbədi etmək üçün harada yaşamasından asılı olmayaraq, bu gün, hər bir azərbaycanlıdan müqəddəs Azərbaycan qayəsi ətrafında əməl və əqidə birliyi, sarsılmaz həmrəylik tələb olunur" – deyə etdiyi çağırışı da, dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımızın bir amal ətrafında sıx birliyini təmin edib, yaşadıqları ölkələrin ictimai-siyasi həyatında fəal iştirakları ilə Azərbaycan həqiqətlərinin təbliğinə öz böyük töhfələrini vermələrinə stimul olub. Azərbaycanda multikulturalizmin banisi olan Heydər Əliyev rəhbərliyi dövründə yaradılan sağlam mühit dinlər, xalqlar, cəmiyyətlər arasında sabitlik, dostluq, birlik toxumu səpib. Heydər Əliyevin bütün xalqlara, dinlərə eyni gözlə yanaşması sayəsində, ölkəmizdə yaşayan hər bir xalqın nümayəndəsi sülh, əmin-amanlıq içərisində yaşayır. Bir sözlə, Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu azərbaycançılıq ideologiyası milli həyatın ahəngdarlığının, konfessiyaların dinc yanaşı yaşamasının, ölkədə yaşayan bütün etnosların qarşılıqlı əlaqəsi və təsirinin çoxəsrlik ənənəsi, onların ümumi taleyi, gələcək müstəqil Azərbaycanın bütövlüyü, inkişafı, firavanlığı uğrunda birgə mübarizəsinin ümumi tarixi təcrübəsidir. Ulu Öndər Heydər Əliyev bu haqda demişdir: “Azərbaycan həmişə çoxmillətli bir ölkə olubdur, bu gün də, çoxmillətli bir ölkədir. Biz, bunu ölkəmizin üstünlüyü hesab edirik. Biz, Azərbaycanı heç vaxt təkmillətli bir dövlətə çevirmək fikrində olmamışıq. Ona görə də, Azərbaycanda yaşayan insanlar milliyyətindən asılı olmayaraq, həmişə bərabərhüquqlu olmuşlar. Azərbaycanda bu gün, bütün başqa millətlərə məxsus olan, yaşayan insanlar da respublikamızın vətəndaşlarıdır və ölkəmizdə eyni hüquqlara malikdirlər”.

   Hal-hazırda multikulturalizmin Azərbaycan modeli dünya xalqları arasında münasibətlərin dərinləşməsinə istiqamətlənmiş mühüm, müsbət dəyər kimi geniş və hərtərəfli şəkildə təşviq edilir. Ulu Öndərin həyata keçirdiyi bu uzaqgörən siyasət, Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Azərbaycanın multikulturalizm dəyərlərinə sahib olması, onu təşviq etməsi aparıcı beynəlxalq təşkilatlar və dünya birliyi tərəfindən yüksək dəyərləndirilir. Azərbaycanda Beynəlxalq Multikulturalizm Mərkəzinin yaradılması, praktiki, elmi, təbliğati və təşviqati istiqamətdə fəaliyyət göstərməsi xüsusi əhəmiyyət kəsb edir. Hazırda, ölkəmizin təcrübəsi tədqiqat obyektidir, bir çox ölkələrdə öyrənilir və tədris edilir. Bu istiqamətdə əməkdaşlığa maraq artır və ilbəil əlaqələr genişlənir. Azərbaycan xalqı birgəyaşayış təcrübəsi, həyat tərzi ilə sübut edir ki, multikulturalizm yaşayır və onun gələcəyi də vardır, yalnız onu qəbul etmək, təbliğatçısı, təşviqatçısı olmaq lazımdır.

    Bu gün, Azərbaycanın tolerantlıq təcrübəsi digər ölkələrə nümunə göstərilirsə və öyrənilməsinin vacibliyi qeyd olunursa, deməli, bu, dövlətimizin uğurlu siyasətinin göstəricisidir. Bu günün reallıqlarını düzgün dəyərləndirmək, hər zaman keçilən yola nəzər salmağa, düzgün təhlillər aparmağa böyük zərurət yaradır. Məlum olduğu kimi, ötən əsrin sonlarında sovet ittifaqının dağılması ilə yaranan reallıq dünya birliyi üçün yeni proses olsa da, çox sürətlə yayılan qlobal dəyişikliklər, iqtisadi, siyasi, sosial, demoqrafik sahələrdə olduğu kimi, dini dözümlülük ənənələrinin qorunması üçün də, əsl sınağa çevrildi. Bu baxımdan, tarixən tolerantlıq, dözümlülük ənənələri ilə zəngin olan Azərbaycan bir çox millətlərin və dini konfessiyaların yanaşı yaşamasını təmin edən ölkə kimi nümunə göstərilir. Dövlət-din münasibətləri modeli çərçivəsində inkişaf edən Azərbaycanda bütün dini konfessiyalar qanun qarşısında bərabərdir və eyni statusa malikdir…

   Sabit Mehdiyev,

Yeni Azərbaycan Partiyası Beyləqan rayon təşkilatının məsləhətçisi.