2020-ci ilin 10 noyabr tarixində Ermənistan məcbur olub kapitulyasiya aktına imza atıb

22:35 08-12-2022 524

     Bildiyimiz kimi, Ermənistanın 30 il ərzində yürütdüyü işğalçılıq və düşmənçilik siyasəti sonda onun məğlubiyyəti ilə nəticələndi. Azərbaycan Ordusu Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında 44 günlük Vətən müharibəsi ərzində uğurlu döyüş əməliyyatları ilə torpaqları işğalçılardan təmizlədi, Ermənistan məcburiyyət qarşısında qalaraq kapitulyasiya aktına imza atmalı oldu. 2020-ci il noyabr ayının 10-da Azərbaycan Prezidenti İlham Əliyev, Rusiya Prezidenti Vladimir Putin və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında üçtərəfli Bəyanat imzalandı. Bu Bəyanat Ermənistanın kapitulyasiyasını əks etdirən sənəd olmaqla yanaşı, bir çox baxımdan da mühüm əhəmiyyətə malikdir. Bunlardan biri Ağdam, Kəlbəcər və Laçının qansız və heç bir itkisiz Azərbaycana qaytarılması idi. Ağdam 2020-ci il noyabr ayının 20-də, Kəlbəcər noyabr ayının 25-də, Laçın isə, dekabr ayının 1-də Azərbaycana qaytarıldı. Düşmənin 30 il ərzində Ağdamda yaratdığı müdafiə istehkamlarının, səngərlərin, bunkerlərin mövcudluğu, ərazinin başdan-başa minalanması, Kəlbəcər və Laçının mürəkkəb relyefi, qışın yaxınlaşması ilə əlaqədar aparılacaq döyüş əməliyyatlarının çətinləşməsi bu rayonların müharibə ilə işğaldan azad edilməsinin hansı itkilər hesabına başa gələcəyini təsəvvür etməyə imkan yaradır. Digər mühüm məqam isə, Dağlıq Qarabağın statusu ilə məsələnin Bəyanatda əksini tapmamasıdır. 10 noyabr 2020-ci ildən sonra, Azərbaycan Türkiyə ilə birgə bölgədə mühüm oyunçuya çevrildi. İrəvanın əsas hamisi olan Rusiya da yeni reallıqla barışmaq məcburiyyətindədir. Rusiya öz satelliti Ermənistanı reallığı qəbul etməyə vadar edir. 10 noyabr Bəyanatı Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq, dövlətlərarası xarakterini bir daha təsdiqləmiş oldu. Ermənilərin onu 1988-91-ci illərdə SSRİ-nin tərkibində olduğu kimi daxili münaqişə formasında saxlamaq cəhdləri birdəfəlik aradan qalxdı. Dağlıq Qarabağın statusu məsələsi danışıqlar predmetindən çıxmış oldu, orada yaşayan ermənilərə öz müqəddəratını təyinetmə prinsipinin heç daxili aspekti də şamil edilməyəcək. Onlar Azərbaycan vətəndaşına verilən hüquqlardan yararlanmalı olacaqlar. Digər tərəfdən, münaqişənin tənzimlənməsinin beynəlxalq hüquqi bazası yenilənməlidir. Azərbaycan BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsini təkbaşına icra etdi və bu istiqamətdə BMT Nizamnaməsinin 51-ci maddəsini əldə rəhbər tutaraq, özü həmin qətnamələrin tələblərini yerinə yetirmiş oldu.

    Tarixdən də məlumdur ki, kapitulyasiya zamanı düşmənin hərbi əmlakı qalib gəlmiş tərəfə keçir, silahlı qüvvələrin şəxsi heyəti isə silahsızlaşdırılır və əsir götürülür. Kapitulyasiyanın növlərindən biri də danışıqsız kapitulyasiyadır. Bu zaman kapitulyasiya haqqında akt qalib gəlmiş tərəfin irəli sürdüyü şərtlər əsasında, məğlub edilmiş tərəfin nümayəndələri tərəfindən imzalanır. Başqasının torpağına göz dikən ölkələr son anda təslimçilik aktına imza atmalı olurlar. Bu gün, təklənən və darmadağın olan Ermənistanın Bakının şərtlərini sona qədər qəbul etməkdən başqa yolu qalmayıb. Proseslər də, təbii ki, buna doğru da gedir. Əslində, İrəvanın Bakı və Ankara ilə anlaşmaq, sülh içində yaşamaqdan savayı yolunun olmadığını hər kəs anlayır. 

    Sirr deyil ki, Azərbaycan Ermənistanı döyüş meydanında məhv etdi. Ermənistanın uzun illər ərzində yaratmış olduğu ordusunun yenilməzliyi haqqındakı mif darmadağın oldu. Cəmi 44 gün ərzində Ermənistan ordusu, hərbi texnikası, canlı qüvvəsi məhv edildi və Azərbaycan öz gücünü, öz qüdrətini göstərdi. Azərbaycan müharibəni həm döyüş meydanında, həm siyasi müstəvidə qazandı. Təcavüzkar erməni əsgəri haqq uğrunda savaşan Azərbaycan əsgəri qarşısında dura bilmədi...

Müşfiq Səfərov,

 Yeni Azərbaycan Partiyası Beyləqan rayon təşkilatının sədri.