Regionun logistik potensialını zənginləşdirən layihələr

19:35 15-12-2022 553

   Bildiyimiz kimi, Azərbaycanın əlverişli coğrafi mövqeyi, həyata keçirilən irimiqyaslı layihələr ölkəmizin tranzit və yükdaşıma potensialından daha səmərəli istifadə etməklə, bu sahədən daxil olan gəlirlərin həcminin durmadan artmasına geniş imkan yaradır. Bu məsələyə vaxtaşırı münasibətini açıqlayan Prezident İlham Əliyev bu yaxınlarda bir daha bildirmişdir: “Biz son illərdə ölkə daxilində nəqliyyat infrastrukturu ilə çox ciddi məşğul olmuşuq. Demək olar ki, nəqliyyat infrastrukturuna çox böyük vəsait qoyulubdur. Biz yeddi aeroport tikmişik, onlardan altısı beynəlxalq statusa malikdir. O aeroportlar indi işləyir, xaricdən gələn turistlərin sayı artır. Ələtdə Xəzər dənizində ən böyük yeni ticarət limanı tikilir, yaxın gələcəkdə istifadəyə veriləcəkdir. Dəmir yolu infrastrukturu yeniləşir. Azərbaycan Xəzər dənizində ən böyük donanmaya malikdir. Burada da biz liderliyi möhkəmləndiririk. Gəmiqayırma zavodunun tikintisi artıq xaricdən gəmilərin alınmasına ehtiyac qalmadığını göstərir”.

   Tarixi İpək Yolunun keçdiyi Azərbaycanın yerləşdiyi ərazi bütün dövrlərdə Avropa və Asiyanı, hətta ən uzaq dövlətləri belə birləşdirən, strateji ticari-iqtisadi dəhlizlərin qovuşduğu məkanlardan biri kimi tanınıb. Müasir şəraitdə ölkələr arasında əlaqələrin məzmunu yeni keyfiyyət dəyişikliklərinə məruz qalsa da, regional nəqliyyat dəhlizləri ümumdünya kommunikasiya sistemində çəkisini və mövqeyini qoruyub saxlayır. Xüsusən, qloballaşan dünyamızın yeni geoiqtisadi çağırışları kontekstində Azərbaycanın bu sahədə rolu artaraq strateji əhəmiyyət kəsb edir. Postneft dövründə iqtisadiyyatın şaxələndirilməsi, bütövlükdə dövlət gəlirlərinin və ümumi daxili məhsulun fərqli sektorlar hesabına formalaşması əsas hədəflərdən biridir. Nəticə etibarilə nəqliyyat sektorunda islahatların aparılması və infrastrukturun qurulması göstərir ki, beynəlxalq yükdaşımalarda ölkəmizin payının artması mühüm əhəmiyyət kəsb edir, respublikamıza iri məbləğdə əlavə valyuta daxil olmasına şərait yaradır. Bu, eyni zamanda, Azərbaycanın iqtisadi gücünün artmasının da samballı göstəricisidir. Azərbaycanın reallaşdırdığı bir sıra qlobal layihələr, o cümlədən Şərq-Qərb, Şimal-Cənub nəqliyyat dəhlizləri təkcə regional deyil, həmçinin beynəlxalq miqyaslı infrastrukturdur. Məsələn, Şimal-Cənub dəhlizi təkcə İranı Rusiya ilə birləşdirmir, burada daha çox Hindistanı Avropa ilə bağlayan nəqliyyat xəttindən söhbət gedir. Azərbaycan bu nəqliyyat dəhlizinin reallaşmasını praktik olaraq həyata keçirən ölkələrdən biridir. Bunlarla bərabər, beynəlxalq logistik mərkəzlərin yaradılması, qədim İpək yolunun bərpası, yükdaşımalarda elektron xidmətlərin tətbiqi, prosedur qaydalarının sadələşdirilməsi nəticə etibarilə ölkəmizin strateji nəqliyyat mərkəzinə çevrildiyini göstərir. Göründüyü kimi, Azərbaycanda nəhəng nəqliyyat layihələrinin reallaşdırılması həm iqtisadi, həm də, geosiyasi önəm daşıyır, çünki söhbət həm də, ölkəmizdə istehsal olunan qeyri-neft məhsullarının beynəlxalq nəqliyyat marşrutları ilə dünya bazarlarına çıxarılmasından gedir. Nəqliyyat dəhlizləri imkan verəcək ki, azərbaycanlı sahibkarlar öz məhsullarını dünya bazarına daha asan və az xərclə çıxarsınlar. Azərbaycan dəmir yollarının inkişafına, müasirləşməsinə, mövcud problemlərinin həllinə diqqətin artırılması nəticəsində respublikamızın dəmir yolları da regionun mühüm və əhəmiyyətli nəqliyyat-logistika qurumuna çevrilərək dünyanın inkişaf etmiş ölkələrinin dəmir yolları sırasında öz layiqli yerini tutacaq. Yeri gəlmişkən, logistika və ticarət sürətlə qloballaşan dünyada iqtisadi inkişafın əsas təkanverici qüvvələrindən biri hesab olunur. Bu mənada logistika imkanlarının genişləndirilməsi inkişafa xidmət etməklə yanaşı, ölkəmizin regional və beynəlxalq ticarətdə rolunun artmasına da gətirib çıxaracaq. Logistika imkanlarının genişləndirilməsi bu gün, Prezident İlham Əliyevin ölkənin iqtisadi imkanlarının artırılması baxımından qarşıya qoyduğu mühüm vəzifələrdən biridir. Dövlət başçısının tapşırıqlarına uyğun olaraq, Azərbaycanın ixrac potensialının və yerli məhsulların xarici bazarlara çıxış imkanlarının genişləndirilməsi də bu amillə sıx bağlıdır. Azərbaycanın xarici ticarətinin strukturunda isə kənd təsərrüfatı məhsulları üstünlük təşkil edir və bu sahədə logistika mərkəzlərinin yaradılmasına ciddi ehtiyac duyulurdu.  Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizinin Azərbaycan hissəsində daşınmış yüklərin həcmi də getdikcə artır. Bu, Şərqlə-Qərbin qovşağında yerləşən, unikal coğrafi geosiyasi şəraitə malik olan respublikamızın hazırda dünya təsərrüfatının nəqliyyat sektorunda baş verən proseslərdən kənarda qalmaması ilə bağlıdır. Başqa sözlə, Azərbaycanı regionun ticarət mərkəzinə çevirmək məqsədilə son illərdə ölkənin strateji-coğrafi mövqeyindən səmərəli istifadə edilmişdir. Ölkəmizdə tranzit və nəqliyyat xidmətlərinin inkişafı bu sahənin infrastrukturunun təkmilləşdirilməsi, potensialın daha da artırılması üçün kompleks tədbirlərin reallaşdırılmasının nəticəsidir. 

    Son illər ərzində Azərbaycanda tranzit imkanların artırılması istiqamətində qarşıya qoyulan vəzifələrin uğurla yerinə yetirildiyini deməyə əsas verir. Ötən müddətdə tranzit potensialının artırılması istiqamətində bir sıra irimiqyaslı layihələr həyata keçirilib, bu sahəyə irihəcmli investisiyalar yönəldilib. Bakıda, eləcə də, ölkə regionlarında beynəlxalq hava limanlarının, Şərq--Qərb, Şimal--Cənub nəqliyyat dəhlizləri istiqamətində beynəlxalq əhəmiyyətli avtomobil yollarının tikintisi, dəmir yolu xətlərinin yenilənməsi ölkənin xarici iqtisadi əlaqələrinin genişlənməsində mühüm rol oynayır. Ən əsası, bunlar Azərbaycanın tranzit potensialını və tranzit daşımalarında iştirak imkanlarını genişləndirir. Digər tərəfdən, İpək Yolu üzərində geniş iqtisadi zolağın yaradılmasının fəal dəstəkçisi olan respublikamız digər dəhlizlərlə müqayisədə yüklərin Azərbaycan ərazisindən keçməklə müxtəlif istiqamətlərə tranzit daşımalarının səmərəli təşkilinə etibarlı təminat verir, daha əlverişli şərtlərlə qısa müddətdə, təhlükəsiz və vaxtında çatdırılmasına, tranzit daşımalarının həcminin dəfələrlə artmasına imkan yaradır. Bu illər ərzində gerçəkləşdirilən beynəlxalq layihələr ölkəmizin regionun logistika məkanında liderlik mövqeyini möhkəmləndirir. Azərbaycanın beynəlxalq tranzit ölkə kimi nüfuzu və əhəmiyyəti durmadan artır...

   Müşfiq Səfərov,

  Yeni Azərbaycan Partiyası  Beyləqan rayon təşkilatının sədri.