Tarixi Zəfərimiz hər bir azərbaycanlı üçün, hər bir vətəndaş üçün, bütün dünya azərbaycanlıları üçün qürur mənbəyidir.

11:02 13-01-2023 56

        Müstəqil Azərbaycan Respublikasının yaradılması və öz mövcudluğunu qoruyub saxlaması geniş mənada, milli birliyin Azərbaycan xalqının ictimai, siyasi və mənəvi tələbatına çevrilməsi deməkdir. Milli birlik və həmrəylik şəraitində cəmiyyətdə sabitlik mövcud olur, yüksək mənəvi dəyərlər ictimai qanunauyğunluqların əsas bazasına çevrilir və bu, belə bir harmonik mühitdə dövlətin siyasi, iqtisadi və digər sistemlərinin rahat inkişafına, beləliklə də, ümumi rifahın təmin olunmasına gətirib çıxarır.
       Digər tərəfdən, müstəqil dövlətin qurulması milli birliyi zəruri etdiyi kimi həm də bu birliyə şərait yaradan amildir. 

      Əlbəttə ki, güclü milli dövlətin olması milli həmrəyliyin və birliyin bütün dünyada yaşayan azərbaycanlıları əhatə etməsi baxımından çox vacib amildir. Bu, o deməkdir ki, hansı ölkədə yaşamasından asılı olmayaraq hər bir soydaşımız doğma Azərbaycan üçün dəyərli olduğunu hiss edir, bu isə onu Vətən naminə çalışmağa daha da ruhlandırır. Dövlətin hər bir azərbaycanlıya qayğısının təsdiqi olaraq, xaricdə yaşayan soydaşlarımızın təşkilatlanmasında, Azərbaycan ilə əlaqələrinin möhkəmlənməsində, Azərbaycan həqiqətlərinin təbliği yönündə fəaliyyətlərinin genişləndirilməsində respublika rəhbərliyinin və müvafiq rəsmi qurumların hərtərəfli dəstəyini ayrıca qeyd etmək lazımdır.

     Əminliklə qeyd etmək olar ki, bu gün dünya azərbaycanlıları qürur və iftixar hissi keçirirlər ki, onları müdafiə və himayə edən, hər bir azərbaycanlının inam və güvən yeri olan müstəqil Azərbaycan dövləti var. Eyni zamanda, müasir, müstəqil dövlətimizin inkişafı soydaşlarımızın birlik və həmrəyliyini təmin edən mexanizm qismində çıxış edir.

Ulu öndər Heydər Əliyevin əsasını qoyduğu milli maraqlara söykənən daxili və xarici siyasət kursunun Prezident cənab İlham Əliyev tərəfindən müasir dövrün reallıqlarına və qanunauyğunluqlarına müvafiq surətdə davam etdirilməsi ölkəmizi hər bir azərbaycanlının görmək istədiyi ideal məmləkətə çevirib.

      Nəticə etibarilə, “Mən hər bir azərbaycanlının Prezidenti olacağam” deyən və ötən dövr ərzində həyata keçirdiyi daxili və xarici siyasət strategiyasının səmərəlilik səviyyəsinə, bunun fonunda ölkəmizin milli inkişafının real nəticələrinə, Azərbaycanın müasir beynəlxalq münasibətlər sisteminin nüfuzlu və güclü aktora çevrilməsinə, eyni zamanda, Özünün liderlik keyfiyyətlərinə görə bunu sübuta yetirən Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasət bu gün hər bir azərbaycanlının müstəqil Azərbaycan dövlətinə bağlılığını, inam və güvənini təmin edən başlıca faktor qismində çıxış edir.

    2022-ci ildə tarixi qələbəmizi siyasi müstəvidə, beynəlxalq münasibətlər sistemində daha da möhkəmləndirən, öz milli maraqlarını layiqincə təmin edən Azərbaycan idman ölkəsi kimi öz statusunu qoruyub və daha da inkişaf etdirib. Ölkədə dövlət siyasətinin prioritet istiqamətlərindən biri olan Azərbaycan idmanı Ulu Öndər Heydər Əliyevin müəyyən etdiyi idman siyasətini uğurla həyata keçirən dövlət başçısı cənab İlham Əliyevin yüksək diqqət və qayğısı ilə əhatə olunub. Azərbaycanın idman ölkəsi kimi dünyada tanınması, bu sahədə əldə etdiyi nailiyyətlər də məhz ölkə başçısının idmanın inkişafına olan diqqət və qayğısı sayəsində əldə edilib. 

      “Azərbaycan özünü dünyada güclü idman dövləti kimi təsdiqləyib və bütövlükdə ölkəmizin dünya arenasında mövqeyi ildən-ilə möhkəmlənir". Bu sözləri Azərbaycan Respublikasının Prezidenti, Milli Olimpiya Komitəsinin Prezidenti cənab İlham Əliyev yanvarın 9-da 2022-ci ilin idman yekunlarına həsr olunan mərasimdə deyib.

    "Biz öz siyasətimizi ardıcıl şəkildə aparırıq. Azərbaycanda sabitlik, əmin-amanlıq, təhlükəsizlik hökm sürür, genişmiqyaslı quruculuq işləri aparılır. Tarixi Zəfərimiz hər bir azərbaycanlı üçün, hər bir vətəndaş üçün, bütün dünya azərbaycanlıları üçün qürur mənbəyidir. Biz gələcək nəsli də vətənpərvərlik ruhunda tərbiyə edəcəyik, necə ki, bunu həmişə etmişik və elə gözəl gənc nəsil yetişdirmişik ki, həm idman arenalarında ölkəmizin bayrağını qaldırır, həm də döyüş meydanında. İkinci Qarabağ müharibəsində iştirak edənlərin mütləq əksəriyyəti gənclər idi - bizim siyasətimiz əsasında yetişən, həm cəmiyyətdə, həm də ailələrdə gözəl tərbiyə alan gənclər idi. Bu amil əlbəttə ki, bütün sahələrdə özünü göstərir. Yəni, artıq iki ildən çoxdur ki, xalqımız müzəffər xalq kimi yaşayır və bu qürurverici amil bizimlə bundan sonra əbədi olacaq. Sadəcə olaraq, bizim hər birimiz də öz sahəmizdə, öz fəaliyyətimizdə bu müqəddəs Zəfərə layiq olmalıyıq. Əminəm ki, indi idmançılarımız beynəlxalq yarışlarda iştirak edərkən onlar tamamilə başqa bir həvəslə, hətta başqa bir hərəkətlə çıxış edirlər və bizim müzəffər xalq olmağımızın həqiqətini bir daha təsdiqləyirlər", - dövlət başçısı bildirib.

      Azərbaycanın beynəlxalq aləmdə idman ölkəsi kimi tanınmasını və mötəbər arenalarda bayrağımızın dalğalanmasını biz şərəf və qürurla seyr ediriksə, bütün bu naliyyətlərin təməlində məhz dövlətin uğurlu idman siyasətinin dayandığını yaxşı bilirik. İdmana olan diqqət və qayğı hər bir ölkənin dövlət siyasətinin əsasını təşkil etməlidir, çünki idman oyunları, olimpiadalar dövlətlərarası uğurlu əlalqələrin, dostluğun, sülhün əsasını təşkill edən ünsürlərdəndir.Dövlət başçısının müntəzəm olaraq qaliblərlə görüşü, onlara diqqət və qayğısı idmançılarda gələcək qələbələrə ruh yüksəkliyini, peşələrinə stimulu və onları daima dəstəkləyən qüdrətli Azərbaycana məhəbbəti formalaşdırır.

     Sentyabrın 27-dən başlayan, 44 gün davam edən və işğal altındakı ərazilərimizin qaytarılması ilə nəticələnən Vətən Müharibəsi tariximizin ən parlaq səhifəsinə, Azərbaycan xalqının iftixar və qürur mənbəyinə çevrildi. Azərbaycan xalqı öz liderinin - müzəffər Ali Baş Komandan İlham Əliyevin ətrafında sıx birləşərək bütün dünyaya öz gücünü, mətinliyini, mübarizliyini nümayiş etdirdi. Bu real faktordur ki, bütün müharibələrdə əsas sözü xalq və onun ordusu dediyi kimi uğurlu zəfərlərdə sərkərdənin də çox böyük rolu olur. Bu gün Azərbaycan xalqı hansı səviyyədə uğurlu sərkərdəyə - Ali Baş Komandana sahib olduğunu aşkar gördü. Prezident İlham Əliyev yalnız hərb meydanında müzəffər sərkərdə deyil, diplomatik cəbhədə böyük strateq nümunəsi ortaya qoydu, informasiya müharibəsində Azərbaycanın haqq səsi oldu, cəsarətlə bütün təzyiqlərə sinə gərdi, öz xalqı ilə vəhdətdə olan lider kimi mübarizlik rəmzinə çevrildi.

 Müşfiq Səfərov,

Yeni Azərbaycan Partiyası

Beyləqan rayon təşkilatının sədri.