Bu gün törədilən terror hadisəsi, İranın Azərbaycana qarşı münasibətinin təzahürüdür

20:29 27-01-2023 189

   Məlum olduğu kimi, son zamanlar İranda həm rəsmi şəxslər, həm də, hakimiyyətin ayrı-ayrı qolları tərəfindən Azərbaycan əleyhinə təbliğat aparılır. Rəsmi Tehranın bu mövqeyi nəticəsində qarşılıqlı münasibətlərimizdə soyuqluq yaranıb. Bütün bunların ardınca Tehrandakı səfirliyimizə ölümlə nəticələnən hücum, iki ölkə arasında münasibətlərin daha da gərginləşməsinə yönəlmiş addımdır. Təbii ki, Azərbaycanın regionumuzda, eləcə də, dünyada güclənən mövqeyi İranı da narahat edir. Buna görə də, rəsmi Tehran dövlətimizin bölgədəki sülh və əməkdaşlıq təşəbbüslərinə əngəl olmağa çalışır. Bütün bunların fonunda Tehrandakı səfirliyimizə hücum edilməsi ciddi suallar doğurur.

   Şübhəsiz ki, İranda səfirliyimizə qarşı törədilən terror aktı Azərbaycana hücumdur və buna görə cavab verilməlidir. İranda Azərbaycanın səfirliyinə qarşı təşkil olunan hücumla bağlı rəsmi İran əsaslı, dəqiq və məntiqli izahat verməlidir.1961-ci ildə qəbul edilmiş diplomatik əlaqələr haqqında Vyana Konvensiyasına görə, diplomatik nümayəndəliklər, onların personları, diplomatik xidmətə cəlb olunmuş digər şəxslər xüsusi imtiyaza və immunitetə malik olan şəxslərdir. İran da bu Konvensiyaya qoşulduğu üçün diplomatik nümayəndəliyin təhlükəsizliyini qorumaq öhdəliyi daşıyır, ancaq baş vermiş terror hadisəsi onu göstərir ki, artıq bu öhdəlik pozulub və rəsmi İran bu məsələyə qaneedici izahat verməlidir. Məsələ ondadır ki, bu hadisə təkcə iki ölkə arasında deyil, bütövlükdə regionda baş verən hadisələr kontekstində çox təhlükəli eskalasiyaların yaranmasına gətirib çıxara bilər. Nəzərə almaq lazımdır ki, bu, artıq Azərbaycanın rəsmi nümayəndəliklərinə qarşı birinci dəfə təşkil olunan terror hadisəsi deyil. Bir müddət öncə Böyük Britaniyada Azərbaycanın səfirliyinə qarşı yenə İran mənşəli radikal qruplar tərəfindən terror təşkil edilmişdi. Həmin vaxt da İran törədilmiş cinayətlə bağlı qaneedici və məntiqli izahat verməmiş, hadisəni radikal qrupların müstəqil aktı kimi qiymətləndirmişdi. Ona görə də əgər bu hadisə də hər hansı bir məzhəb, dini yaxud terrorçu qrupların fəaliyyəti ilə əlaqələndiriləcəksə, bu izahat da qaneedici olmayacaq. Azərbaycan tərəfi mütləq rəsmi İrandan dəqiq, aydın və məntiqli izahat tələb edir. Onsuz da, regionda hadisələr çox mürəkkəbdir. Bu vaxta qədər İran rəsmilərinin regiondakı mümkün sülh və kommunikasiyaların açılması ilə bağlı qeyri-konstruktiv, radikal mövqeləri, hətta bəzən Ermənistandan belə daha, artıq radikal fikirlər səsləndirmələri bunu deməyə əsas verir ki, burada mütləq İran rejiminin müəyyən qurumları ilə bu hadisəni törədənlər arasında bir əlaqə ola bilər. Buna görə də, bu məsələyə dəqiq aydınlıq gətirilməlidir. Nəzərə almaq lazımdır ki, bu kimi hadisələr təkcə iki ölkə arası münasibətlər kontekstində deyil, bütövlükdə regionda baş verən hadisələr kontekstində çox təhlükəli eskalasiyaların yaranmasına gətirib çıxara bilər. Bu da regionda sülhlə bağlı yaranmış şərtləri tamamilə dağıda bilər. İranda Azərbaycan səfirliyinə qarşı törədilən terror aktı əslində, Azərbaycana qarşı terror hücumudur. Məsələ ilə bağlı bütün hallar ən kiçik incəliliklərinə qədər öyrənilməli, araşdırma prosesinə azərbaycanlı mütəxəssislər cəlb edilməli, bir də bənzər hadisələrin baş verməməsi üçün İran tərəfi rəsmi zəmanət verməlidir. Əks təqdirdə, Azərbaycan cinayət hadisəsinə adekvat cavab vermək hüququnu özündə saxlayır...

 Sabit Mehdiyev,

 Yeni Azərbaycan Partiyası Beyləqan rayon təşkilatının məsləhətçisi.