Azərbaycan və Rumıniya dövlətləri arasında əməkdaşlığın dərinləşdirilməsi üçün çox yaxşı imkanlar var

19:11 08-02-2023 303

     Məlum olduğu kimi, Rumıniya müstəqilliyimizin bərpa edilməsini tanıyan ilk Avropa dövlətlərindən biri olmuşdur. Həmin illərdən başlayaraq Azərbaycan-Rumıniya münasibətləri davamlı olaraq dostluq və əməkdaşlıq ruhunda inkişaf edib. Rumıniya bir qayda olaraq Azərbaycan tərəfindən irəli sürülən bütün regional iqtisadi layihələrə dəstək verib. O cümlədən, Rumıniya Avropa İttifaqının enerji təminatında Azərbaycanın əvəzedilməz rolunu yüksək qiymətləndirərək Cənub Qaz Dəhlizi layihəsinə Avropa İttifaqı çərçivəsində dəstək verilməsinin təşəbbüsçülərindən olub. Layihə istifadəyə verildikdən sonra, ölkələrimiz arasında iqtisadi-ticari münasibətlərin daha yüksək səviyyəyə qaldırılması üçün potensial dəfələrlə artıb. Əvvəllər Azərbaycan Rumıniyaya, yalnız neft tədarük edirdisə, bu gün, artıq Azərbaycan qazının da Cənub Qaz Dəhlizi vasitəsilə Rumıniyaya çatdırlması üzrə hazırlıq işləri aparılır.

    Hal-hazırda,  Azərbaycan aparılan islahatlar nəticəsində dünya miqyasında uğurla inkişaf edən ölkə kimi tanınıb. Azərbaycanda dayanıqlı inkişafı təmin edən dövlət siyasəti həyata keçirilir. Ölkə Prezidenti, cənab İlham Əliyevin yürütdüyü məqsədyönlü siyasət Azərbaycanın Rumıniya kimi müttəfiqlərinin və dostlarının sayını artırıb. Azərbaycanın uğurlu inkişafının timsalında, məhz ötən illərdə atılmış addımların təzahürü görünür. Bu gün, Azərbaycan enerji sahəsində böyük uğurlar əldə edir və energetika sahəsində yeni-yeni kontraktlar imzalanır. Azərbaycanın neft-qaz sənayesinə maraq artmaqdadır. Bu baxımdan, son zamanlar Avropa İttifaqı ölkələri, eləcə də, Rumıniya Azərbaycanla əməkdaşlığı gücləndirir. Hər iki ölkə arasında əməkdaşlığın genişləndirilməsi üçün kifayət qədər potensial mövcuddur. Artıq, bu əməkdaşlıq təkcə neft-qaz sahəsini deyil, həmçinin, kənd təsərrüfatı, rəqəmsallaşma, nəqliyyat kimi daha geniş sferaları da əhatə edəcək. Azərbaycan-Rumıniya əməkdaşlığının genişlənməsi isə, öz növbəsində, Azərbaycan-Avropa münasibələrinin sabitləşməsinə və artan dinamika üzrə inkişafına öz töhfələrini verəcəkdir...

Sabit Mehdiyev,

Yeni Azərbaycan Partiyası Beyləqan rayon təşkilatının məsləhətçisi.