Avropa qitəsində həm təbii qaz, həm də, bərpaolunan enerji istehsalı ilə bağlı gələcək planlarımız uğurlu olacaqdır

09:51 10-02-2023 300

      Sirr deyil ki, Avropa üçün enerji tərəfdaşının etibarlılığı hər şeydən əhəmiyyətlidir. Məlum olduğu kimi, 2023-cü ilin fevral ayının 3-də Bakıda "Cənub Qaz Dəhlizi" Məşvərət Şurası çərçivəsində nazirlərin 9-cu və "Yaşıl Enerji" Məşvərət Şurası çərçivəsində 1-ci iclasları keçirilib. Ölkə Prezidenti, cənab İlham Əliyevin təşəbbüsü ilə yaradılan Məşvərət Şurası çoxtərəfli əməkdaşlığın uğurlu nümunəsinə çevrilib. Bu bir daha sübut edir ki, Azərbaycan Avropa dövlətlərinin suverenliyinin ən vacib elementlərindən olan enerji təhlükəsizliyinin təminatçısı kimi mövqelərini möhkəmləndirməyə davam edir. Bu, həmçinin, Azərbaycanın artan nüfuzu və müasir beynəlxalq münasibətlər sistemində güclənən mövqeyinin göstəricisidir. Avropa üçün alacağı enerji resursunun özündən daha əhəmiyyətlisi tərəfdaşının etibarlılığı və təchizatçı regionda sabitliyin dayanıqlı olmasıdır. İyirmi ilə yaxın ölkə Prezidenti, cənab İlham Əliyevlə birbaşa təmaslar Azərbaycan liderini Avropada sözü və imzası bir şəxsiyyət kimi tanıdıb. Eyni zamanda, hətta, müharibə şəraiti belə Azərbaycanın neft-qaz təchizatçısı kimi heç bir öhdəliyinə maneə yarada bilməyib. Cənab İlham Əliyevin nail olduğu daxili stabillik möhkəmdir və Azərbaycanın öhdəliklərinin icrası ilə bağlı heç bir problem yoxdur. Ən vacib olanı isə, Azərbaycan müstəqil iradə sahibidir, yəni sərvətləri üzərində 2-ci, 3-cü tərəflər yox, konstitusion formada təsbit olunduğu kimi, Azərbaycan Respublikası özü qərar sahibidir.

    Avropa İttifaqı Rusiya ilə dərinləşən qütbləşmə və artan gərginlik fonunda enerji təhlükəsizliyi böhranı yaşayır. Ölkə Prezidenti, cənab İlham Əliyevin həyata keçirdiyi müstəqil siyasət nəticəsində, ölkəmizin formalaşan etibarlı tərəfdaş imici, zəngin ehtiyatlar və yaradılan şaxələndirilmiş enerji infrastrukturu Azərbaycanı Avropa üçün ən optimal ümid yerinə çevirir. Mövcud əməkdaşlıq formatı isə, ölkəmizi Avropa İttifaqının, eləcə də, birliyə daxil olan ayrı-ayrı dövlətlərin enerji təhlükəsizliyi, bununla da milli təhlükəsizliyində söz sahibinə və ciddi təsir imkanlarına malik qütbə çevirir. Azərbaycanın imici Avropanın enerji təhlükəsizliyində rolunun artması ilə bağlı ittifaq ölkələrində hər hansı narahatlıq yaranmasının qarşısını alır. Balkanlar və Mərkəzi Avropa ölkələri ölkə Prezidenti, cənab İlham Əliyevə güvəndiklərini açıq formada ifadə edərək, bu formatın dərinləşdirilməsində maraqlı olduqlarını bildirirlər. Azərbaycan milli maraqlarına uyğun şəkildə bütün dünya dövlətləri ilə sülh şəraitində əməkdaşlıq edir. Bu mənada, dövlətimizin başçısının Avropada son təmasları, xüsusən, Bolqarıstan, Rumıniya, Macarıstana səfərlərinin, Sofiya şəhərində Yunanıstan-Bolqarıstan Qaz İnterkonnektorunun açılışının, "Azərbaycan Respublikası, Gürcüstan, Rumıniya, Macarıstan Hökumətləri arasında "yaşıl enerji"nin inkişafı, ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş"in imzalanmasının davamı kimi, "Cənub qaz dəhlizi" və "Yaşıl Enerji" Məşvərət Şuralarının Bakıdakı iclaslarının keçirilməsi  proseslərin Azərbaycanın iradəsi, arzusu daxilində inkişaf etdiyini göstərir. Bir sözlə, Azərbaycan bu gün, Avropanın enerji təhlükəsizliyinin təminatçısı kimi mövqeyini getdikcə möhkəmləndirir. Təkcə bu fakt, Ulu Öndər Heydər Əliyevin siyasi kursunun bütövlükdə region üçün alternativsiz olduğunun ən bariz nümunəsidir..

Sabit Mehdiyev,

 Yeni Azərbaycan Partiyası Beyləqan rayon təşkilatının məsləhətçisi.