Azərbaycan öz imkanlarından tam istifadə edərək daha böyük addımlar atacaq

00:22 18-02-2023 267

     Sirr deyil ki, bu gün, Azərbaycan enerji ixrac edən ölkəyə çevrilməkdədir. Ölkəmiz, artıq neft və qaz məhsulları ilə yanaşı, enerji layihələrində, o cümlədən, bərpaolunan enerji mənbələrinin istismarı, şaxələndirilməsi sahəsində regionun əsas mərkəzi kimi çıxış edir. Hazırda, enerji sahəsində imzalanan sazişlər, yeni enerji güclərinin təməlinin qoyulması Azərbaycanın Avropa regionuna qaz və neft məhsulları ilə yanaşı, gələcəkdə "yaşıl enerji" ixracında da rolunu artıracaq. Respublikamız bölgədə bütün növ enerji mənbələri üzrə aparıcı dövlətlərdən birinə çevriləcək. Azərbaycan çox böyük "yaşıl enerji" potensialına da malikdir. Dənizdə külək enerjisinin potensialı 157 qiqavat, quruda külək və günəş enerjisinin potensialı 27 qiqavatdır, işğaldan azad edilmiş torpaqlarda isə bu ehtiyatlar 10 qiqavata yaxındır. Bu resursların istehsalı üçün Azərbaycan dünyanın ən nüfuzlu investorları ilə sazişlər imzalayıb. "Masdar" şirkəti və Azərbaycan Dövlət Neft Şirkəti arasında külək və günəş enerjisi stansiyalarının yaradılmasına dair razılaşma sənədi imzalanıb. Eləcə də "Fortescue" şirkəti ilə əməkdaşlıq sazişinə imza atılıb. Həmçinin, "ACWA Power" şirkəti 2,5 qiqavat enerji istehsal edəcək. Bu, onu göstərir ki, Azərbaycan Avropaya həm də, "yaşıl enerji" ixrac edə biləcək. Artıq bununla bağlı 2022-ci il dekabr ayının 17-də Azərbaycan, Gürcüstan, Macarıstan və Rumıniya arasında Qara dənizin dibi ilə elektrik kabelinin çəkilməsinə dair saziş də imzalanıb. Bu marşrut Azərbaycanı bərpaolunan enerji sahəsində də çox mühüm ixrac mənbəyinə çevirəcək. Azərbaycan istehsala dünyadakı qabaqcıl texnologiyaları tətbiq edir. Ümumiyyətlə, Azərbaycan enerji sahəsində son iki ildə böyük addımlar atır.  Burada "yaşıl enerji" sahəsində görülən işləri də xüsusilə vurğulamaq lazımdır. Azərbaycan regionda enerji ixrac edən ölkələr arasında öndə gedir və bu, ölkəmizə həm iqtisadi, həm də, siyasi güc verir. Azərbaycan elektrik enerjisini artıq qonşu ölkələrə, o cümlədən, Avropaya ixrac edə bilir və ixrac potensialı, ixracat ildən-ilə artır. Bütün bunlar, ölkə Prezidenti, cənab İlham Əliyevin praqmatik siyasətinin göstəriciləridir. Bizi dəstəkləyən ölkələri iqtisadi tərəfdən də özümüzə yaxın hesab edirik. İqtisadi layihələrdə maraqlar artanda siyasi dəstək də artır. Bu, beynəlxalq siyasətdə ən uğurlu addımlardan biridir...

  Müşfiq Səfərov,

 Yeni Azərbaycan Partiyası Beyləqan rayon təşkilatının sədri.