Xocalı Şəhidlərinin qanı yerdə qalmadı

20:44 24-02-2023 311

     Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev: " Xocalı soyqırımı aktı insanlıq tarixinə ən qorxulu, ən amansız kütləvi terror aktlarından biri kimi daxil oldu. Bütövlükdə, Azərbaycan xalqına qarşı yönəldilmiş Xocalı soyqırımı öz ağlasığmaz qəddarlığı, qeyri-insani cəza üsulları ilə bəşər tarixində bir vəhşilik aktıdır və eyni zamanda, bütün bəşəriyyətə qarşı tarixi bir cinayətdir".

    Bildiyimiz kimi, Azərbaycan xalqı 200 il ərzində erməni millətçi-şovinistlərinin davamlı olaraq etnik təmizləmə, soyqırım siyasətinə məruz qalmışdır. Azərbaycan xalqı tarixi torpaqlarından qovulmuş, qaçqına, məcburi köçkünə çevrilmiş və bütün bunlar ermənilər tərəfindən kütləvi qırğınlarla müşayət olunmuşdur. Azərbaycanlıların öz tarixi-etnik torpaqlarından qovulması sovet dövründə də davam etmişdir. 1948-1953-cü illərdə Ermənistandan 150 min azərbaycanlı deportasiya olunmuş Azərbaycanın Kür-Araz düzənliyində yerləşdirilmişdir. 1988-ci ildə isə öz tarixi torpaqlarında yaşayan 250 min azərbaycanlı bu ərazidən qovulmuş, bununla da Ermənistan monoetnik dövlətə çevrilmişdir. 1988-ci ildən Dağlıq Qarabağ ətrafında başlayan hadisələr erməni ideloloqlarının "dənizdən dənizə Ermənistan" adlı sərsəm bir ideyasını reallaşdırmaq cəhdi kəndlərin, şəhərlərin dağılması, on minlərə günahsız insanın ölümü, yüz minlərlə azərbaycanlının öz tarixi torpaqlarından didərgin düşməsi ilə nəticələndi. Bütün beynəlxalq hüquq normalarına zidd olaraq, Ermənistan dövləti Dağlıq Qarabağı özünə birləşdirmək istəyir, bu yolda bütün cinəyət və vəhşiliyə hazır olduqlarını nümayiş etdirirlər. XX əsrin faciəsi olan Xocalı soyqırımı bu aqressiv və cinayətkar erməni siyasətinin nəticəsidir. XX əsrin sonunda baş vermiş bu faciə təkcə, Azərbaycan xalqına deyil, bütün insanlığa, bəşəriyyətə qarşı yönəlmiş ən ağır cinayətlərdən biridir. Xocalı soyqırımı əsrin Xatın, Xirosima, Naqasaki və Sonqmi kimi dəhşətli faciələri ilə bir sırada dayanır. Ermənilərin Xocalı şəhərini hədəfə almaqda məqsədi nə idi? Bu bir tərəfdən Qarabağın dağlıq hissəsində azərbaycanlılardan ibarət olan, strateji əhəmiyyətli maneəni aradan qaldırmaq idisə, digər tərəfdən də, ümumiyyətlə, Xocalını yer üzündən birdəfəlik silmək məqsədi idi. Xocalı elə bir yaşayış məskəni idi ki, o, Azərbaycan tarixinin qədim dövrlərindən müasir dövrə qədər tarix və mədəniyyət ənənələrini özündə əks etdirirdi. Bu xüsusi mədəniyyət tarixə Xocalı-Gədəbəy mədəniyyəti kimi düşmüşdür. Xocalının kromlexləri, dolmenləri, siklopları, kurqanları və digər abidələri, həmçinin müxtəlif növ məişət əşyaları insan cəmiyyətinin inkişaf dinamikasını özündə əks etdirən maddi mədəniyyət nümunələridir. Erməni işğalından sonra, bütün bu maddi mədəniyyət abidələrinin məhv ediliməsi və dünyanın ən qədim məzarlıqlarından sayılan Xocalı qəbiristanlığının texnika vasitəsiylə darmadağın edilməsi erməni vandalizminin bariz nümunəsi olmaqla yanaşı dünya mədəniyyətinə qarşı zorakılıq aktıdır.

1992-ci il fevral ayının 26-da Ermənistan hərbi birləşmələri 7 min əhalisi olan Xocalı şəhərində genosid aktı həyata keçirdi. Ermənistan hərbi birləşmələrinin şəhərə hücumu zamanı burada, yalnız 3 minə yaxın insan qalmışdı, çünki, mühasirədə qaldığı 4 aydan artıq zaman ərzində blokadada olduğu üçün əhalinin xeyli hissəsi şəhərdən çıxmaq məcburiyyətində qalmışdı. Xocalı soyqırımı zamanı 613 nəfər ödürüldü, 1000 nəfər müxtəlif yaşlı dinc sakin aldığı güllə yarasından əlil oldu. 106 nəfər qadın, 63 azyaşlı uşaq, 70 qoca öldürüldü. 8 ailə tamamilə məhv edildi, 25 uşaq hər iki valideynini, 130 nəfər valideyinlərindən birini itirdi. Faciə baş verən gecə 1275 nəfər dinc sakin girov götürüldü, onların 150-sinin taleyi indi də məlum deyil.

    27 sentyabr 2020-ci ildə başlayan 44 günlük Vətən müharibəsində Şanlı Ordumuz Müzəffər Ali Baş Komandan, ölkə Prezidenti, cənab İlham Əliyevin rəhbərliyi ilə Xocalı faciəsi qurbanlarının da qisasını aldı. Xocalı soyqırımını törətməkdə düşmənin məqsədi torpaqlarımızı zorla ələ keçirmək olsa da, bu ağır faciə xalqımızı daha da mətinləşdirdi, qəhrəman övladlarımızı Vətən və milli dövlətçiliyimiz naminə qətiyyətli, mütəşəkkil mübarizəyə səfərbər etdi. Vətən müharibəsində qəhrəman oğullarımız 30 il işğal altında qalan torpaqlarımızı azad etməklə yeni reallıq yaratdı, “dəmir yumruq” qalib gəldi. Vətən müharibəsində misilsiz igidlik nümunələri göstərən Şanlı Ordumuz, Müzəffər Ali Baş Komandan, ölkə Prezidenti, cənab İlham Əliyevin rəhbərliyi və xalqımızın sarsılmaz birliyi ilə  ilə Xocalı faciəsi qurbanlarının da qisasını aldı, Şəhidlərimizin qanı yerdə qalmadı. Azərbaycan öz ərazi bütövlüyünü bərpa etdi, Vətən bütövləşdi. Bununla da, xalq öz rəhbərinin ətrafında yumruq kimi birləşərək tarixi hədəflərinə qovuşdu. Vətən müharibəsi nəticəsində əldə edilən Şanlı Zəfər, Xocalı və bu kimi qətliamlara məruz qalan xalqımıza qürur hissi ilə dolu, çox böyük bir sevinc bəxş etdi...

Sabit Mehdiyev,

Yeni Azərbaycan Partiyası Beyləqan rayon təşkilatının məsləhətçisi.