Laçın, nəinki Azərbaycanın, dünya miqyasında ən gözəl şəhərlərindən birinə çevriləcək

13:55 04-04-2023 244

   Artıq, 3 ildir ki, işğaldan azad olunmuş ərazilərdə ölkə Prezidenti, cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən bərpa-quruculuq işləri bu torpaqların əsl sahiblərinin kim olduğunu bir daha dünyaya nümayiş etdirir. Keçmiş məcburi köçkünlərin öz torpaqlarına qayıtması, 30 il işğal altında qalmış ərazilərdə həyatın yenidən canlanması Azərbaycan xalqı üçün son dərəcə mühüm əhəmiyyətə malik bir məsələdir. İşğaldan azad olunmuş ərazilərin bərpasını öz maliyyə imkanları hesabına həyata keçirən Azərbaycan bu sahədə öz standartlarını yaradıb və bu, dirçəlişin Azərbaycan modelidir. Belə ki, “Ağıllı şəhər” və “Ağıllı kənd” layihələri uğurla icra edilir. Bu torpaqlarda təkmil infrastruktur layihələri həyata keçirilir ki, bu, hər bir bölgənin iqtisadi inkişafında vacib amildir. Ölkə Prezidenti, cənab İlham Əliyev Laçın şəhərində görülən işlərin fonunda qeyd etdiyi kimi, Laçın nəinki Azərbaycanın, dünya miqyasında ən gözəl şəhərlərindən birinə çevriləcək, eyni zamanda, bir cənnət məkan olacaqdır. İki ildən artıq dövrdə bu torpaqlarda aparılan bərpa-quruculuq işləri, Azərbaycanın iqtisadi imkanlarının təqdimatıdır. Bütün bu işlər ölkəmizin daxili imkanları əsasında həyata keçirilir. Bircə faktı qeyd etmək lazımdır ki, Azərbaycan qısa zamanda həm Qarabağın, həm də, Şərqi Zəngəzurun hava qapılarını dünyaya açdı. Füzuli və Zəngilan Beynəlxalq Hava limanlarının ardınca 2024-cü ilin sonu, 2025-ci ilin əvvəlində Şərqi Zəngəzurun növbəti hava qapısı dünyaya açılacaq. Belə ki, Laçın Beynəlxalq Hava Limanı qeyd edilən vaxtda istifadəyə veriləcək.

   2023-cü ilin sonuna kimi Laçın şəhərinə minlərlə insan qayıdacaq. Bu, onu deməyə əsas verir ki, laçınlıların öz doğma yurdunda xoşbəxt həyatı uzaqda deyil. Ölkə başçısının vurğuladığı kimi, birinci mərhələdə Laçın şəhərində 500-ə yaxın fərdi ev inşa edilir və ya ermənilər tərəfindən dağıdılmış evlər yenidən bərpa olunur. Çoxmərtəbəli səkkiz yaşayış binası yenidən qurulur, ya da ki, tamamilə əsaslı təmir olunur, 30-dan çox ictimai bina inşa edilir. Beləliklə, ölkəmizin bu gözəl guşəsində yenidən həyat canlanacaq, insanlar öz yurdlarına qayıdacaq və tezliklə, Laçın rayonu da Şərqi Zəngəzur iqtisadi rayonunun mühüm mərkəzlərindən birinə çevriləcəkdir.

  Müşfiq Səfərov,

 Yeni Azərbaycan Partiyası Beyləqan rayon təşkilatının sədri.