Ulu Öndər Heydər Əliyev türk dünyasını daha sıx birləşdirmək üçün əlindən gələni edirdi

Hər kəsə məlumdur ki, Ulu Öndər Heydər Əliyev SSRİ-nin süqutundan sonra da, türk dünyasının əsas himayədarlarından biri idi. Dahi şəxsiyyət Heydər Əliyev müstəqil Azərbaycanın rəhbərliyinə qayıdandan sonra, təkcə Azərbaycan dövlətçiliyi üçün deyil, eyni zamanda, yeni müstəqillik əldə etmiş digər türk dövlətlərinin inkişafı üçün də əlindən gələni etmişdir. Sirr deyil ki, türk xalqlarının mükəmməl dövlət qurmasını istəməyənlər çox idi. Ona görə də, Ulu Öndər Heydər Əliyev Azərbaycanın müstəqilliyini və dövlətçiliyini qorumaqla digər türk dövlətlərinin bərabərliyi, gələcək tərəfdaşlığı üçün tarixi xidmət göstərmiş oldu. Ümummilli Lider Heydər Əliyev 1993-cü ildə Azərbaycan Ali Sovetinin sədri seçiləndə demişdir: - “Türkdilli ölkələrlə əlaqələrimiz sürətlə inkişaf etməlidir. Bizim bu dövlətlərlə əlaqələrimiz uzun illər çox yaxın olub. Bu əlaqələri qırmaq olmaz, əksinə, inkişaf etdirmək lazımdır”.
Ulu Öndər Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışı, ölkəmizin təkcə yetmiş il eyni dövlətin tərkibində olduğumuz Orta Asiya respublikaları ilə deyil, türk dünyasının ən qüdrətli dövləti olan Türkiyə Cümhuriyyəti ilə münasibətlərini də, məhz lazım olan səviyyəyə qaldırmışdı. O, müstəqil Azərbaycana rəhbərlik etdiyi illərdə dəfələrlə Türkiyədə səfərlərdə olmuş, Türkiyənin dövlət və hökumət rəhbərləri Azərbaycana çoxsaylı səfərlər etmişdilər. Xüsusilə qeyd edək ki, Ümummilli Lider Heydər Əliyevin Prezidentliyi dövründə xarici ölkələrin rəhbər şəxsləri ilə 500-dən çox görüş keçirmiş və bu görüşlərin, təxminən, 100-ü Türkiyənin payına düşmüşdür. 20 sentyabr 1994-cü ildə Azərbaycan xarici neft şirkətləri ilə “Əsrin müqaviləsi”ni imzalayanda, Türkiyə şirkəti TPAO-nun payı cüzi – 1,75 faiz idi. Bunun səbəbi türk şirkətinin müqavilə üzrə danışıqlara gec qoşulması, Qərb sərmayədarları ilə müqayisədə astagəllik etməsi olmuşdu, lakin sonradan Ulu Öndər Heydər Əliyev Azərbaycanın layihədəki payı hesabına Türkiyəyə əlavə 5 faiz ayrılması barədə qərar verdi. Nəticədə, Türkiyə “Əsrin müqaviləsi”nin mühüm iştirakçılarından birinə çevrildi. Azərbaycanın 1996-cı ildə imzaladığı ikinci böyük müqavilə – “Şahdəniz” layihəsində isə, Türkiyəyə daha yüksək – 9 faiz pay ayrılmışdı. 1999-cu ilin noyabr ayında İstanbulda Bakı –Tbilisi –Ceyhan neft kəmərinə dair həlledici qərar verilmiş və ilkin hökumətlərarası saziş imzalanmışdı. “İstanbul bəyannaməsi”nə Azərbaycan, Türkiyə və Gürcüstanın dövlət başçıları, eləcə də, layihəyə dəstək verən ABŞ rəhbəri Bill Klintonla yanaşı, Qazaxıstan Prezidenti Nursultan Nazarbayevin də imza atması kəmərə daha böyük regional önəm qazandırmışdı. O zaman Qazaxıstanın bu layihəyə qoşulmasında Ulu Öndər Heydər Əliyevin mühüm, təşəbbüskar rolu olmuşdur. Ümummilli Lider Heydər Əliyev 18 noyabr 1994-cü ildə türk dövlət başçılarının İstanbul sammitində demişdi: - “Ötən müddətdə Azərbaycan tərəfinin buraxdığı səhvlər nəticəsində Azərbaycanın Qazaxıstanla, Özbəkistanla, Türkmənistanla, Qırğızıstanla əlaqələri çox zəif olub. Bildirmək istəyirəm ki, Azərbaycan bu əlaqələrin gücləndirilməsinə çalışır və çalışacaqdır. Bizim əməkdaşlığımız zamanın hökmüdür. Bu əməkdaşlığımız xalqlarımızın, ölkələrimizin tarixi kökləri, əsrlər boyu toplanmış adət-ənənələrinin birliyi, dil birliyi və fəaliyyət birliyi əsasında qurulub. Bu, çox böyük əsasdır və biz bu imkanlardan səmərəli istifadə etməliyik”.
Ulu Öndər Heydər Əliyev zəkası ilə türk dünyasında birliyin formalaşdırılması üçün uzaqgörən addım atıb, dahi rəhbərin bilavasitə təşəbbüsü ilə təməli qoyularaq həyata keçirilən qlobal layihələr türkdilli dövlətləri birləşdirir. Türk dünyasının Ulu Öndər Heydər Əliyev ilə qürur duyması və Onun dahi şəxsiyyət, müdrik siyasi xadim kimi qəbul olunması da tarixi etirafdır. Bu mənada türk dünyasının tarixi şəxsiyyətləri sırasında Ümummilli Lider Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs olunan “Türk dünyası” kitabının nəşri qürurvericidir. Ulu Öndər Heydər Əliyevin respublikamızın gələcəyi naminə göstərdiyi böyük fəaliyyətinin nəticələri zaman keçdikcə daha aydın şəkildə görünməkdədir. Bu gün, ölkəmiz Ümummilli Lider Heydər Əliyev dühası ilə daha da inkişaf edir, möhkəmlənir. Sevindirici haldır ki, Ümummilli Lider Heydər Əliyev türk dünyasının bir amal uğrunda birləşdirilməsi üçün heç kəsin ata bilməyəcəyi addımları atmışdı. Nə yaxşı ki, həmin addımlar bu gün türkdilli ölkələrin hamısında qətiyyət və qədirbilənliklə davam etdirilir.
Müşfiq Səfərov,
Yeni Azərbaycan Partiyası Beyləqan rayon təşkilatının sədri.