Ulu Öndər Heydər Əliyev, ən mürəkkəb dövrlərdə Azərbaycana rəhbərlik edib

20:58 15-04-2023 215

    Bildiyimiz kimi, 1969-cu ildə — Azərbaycan SSR- də həyatın bütün sahələrində dərin tənəzzülün hökmranlıq etdiyi bir şəraitdə xalqımızın böyük təəssübkeşi, fəxri olan Heydər Əliyev Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin Birinci katibi seçildi və ölkənin ali idarəçilik sükanı arxasına keçdi. Bununla da, Sovet Azərbaycanının tarixində böyük dönüş dövrü başladı. Tarixi inkişafın sonrakı gedişi sübut etdi ki, bugünkü yeni, müstəqil Azərbaycanı Heydər Əliyev hələ, o zaman qurmağa başlamışdı. Sovet rejiminin bütün xüsusiyyətlərinə dərindən bələd olan və zəngin idarəçilik təcrübəsi qazanmış Heydər Əliyev Azərbaycanı düşmüş olduğu çox ağır vəziyyətdən çıxarmaq üçün qəti addımlar atmağa başladı. O, dahiyanə uzaqgörənliklə, dərindən ölçüb-biçərək ölkənin uzunmüddətli, dinamik, hərtərəfli inkişafını təmin edən kompleks inkişaf proqramları hazırlatdı və dərhal onların icrasına başlandı. Xalqımız Heydər Əliyevi rəğbətlə qarşıladı, onu sevdi və arxasınca getdi. Azərbaycan xalqının tarixində Heydər Əliyev dövrü başlandı. Xalqın dahi oğlu Sovet İttifaqı kimi böyük bir dövlətin zəngin iqtisadi potensialından və geniş imkanlarından istifadə edərək Azərbaycanı tərəqqi yoluna çıxarmaq siyasəti yeritməyə başladı. Bütün ömrünü doğma xalqına həsr etdi. Böyük siyasətçi iqtisadiyyat və mədəniyyətin müxtəlif sahələrində öz Vətəninin, xalqının inkişafı üçün zəruri olan ən vacib məsələlər barədə əvvəlcə, Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin Siyasi Bürosu, Mərkəzi Komitənin plenumları, Kommunist partiyasının qurultayları səviyyəsində əlverişli qərarlar qəbul edilməsinə nail olur, sonra da, bütün xalqımızı həmin qərarların icrasına səfərbər edir, doğma Azərbaycanın tərəqqisi uğrunda yorulmadan, gecəli-gündüzlü mübarizə aparırdı. Azərbaycanı özü-özünü təmin edə bilən, müstəqil yaşamağa qadir olan və elmi-texniki cəhətdən yüksək tərəqqi etmiş bir ölkəyə çevirmək onun planlarının başında gəlirdi. Bir sözlə, Vətənimizin müstəqilliyə gələn yolunu Heydər Əliyev hələ o zaman başlamışdı.

    Azərbaycanın XX əsr tarixinin əlli ildən çox bir dövrü Heydər Əliyev şəxsiyyəti ilə, onun böyük quruculuq fəaliyyəti ilə sıx bağlıdır. O, bu quruculuğa hələ, 1969-cu ildə Azərbaycan rəhbərliyinə gəlməzdən də əvvəl, XX yüzilliyin 40-cı illərindən başlamışdı. Bu illərdə Azərbaycanın hüquq-mühafizə oqranlarında fəaliyyətə başlayan Heydər Əliyev qarşısına çıxan bütün maneələri və çətinlikləri dəf edərək ittifaq dövlətinin — SSRİ-nin Azərbaycanda əsas dayağı olan Azərbaycan Dövlət Təhlükəsizliyi Komitəsinin sədri vəzifəsinədək ucaldı. Onun bu dövrdə, son dərəcə gərgin, mürəkkəb şəraitdə göstərdiyi məqsədyönlü, səmərəli fəaliyyəti nəticəsində, Dövlət Təhlükəsizliyi Komitəsinin xalqımızın düşmənlərindən təmizlənməsi sahəsində çox ciddi addımlar atıldı və ilk dəfə olaraq xalqımızın layiqli övladlarının fəal surətdə təhlükəsizlik orqanlarında işə cəlb olunmasına başlandı.

  1970-1985-ci illər ərzində Azərbaycanın əldə etdiyi ən mühüm tarixi nailiyyətlərdən biri də, xalqın uzaq gələcəyini nəzərdə tutan güclü kadr potensialının, o cümlədən, nadir ixtisaslar üzrə mütəxəssislər ordusunun yaradılması idi. Belə ki, həmin illərdə iqtisadiyyatın sürətli, çoxşaxəli inkişafına uyğun olaraq respublikanın ali və orta ixtisas təhsili şəbəkəsi genişləndirildi. SSRİ-nin 170 qabaqcıl ali məktəblərinə 3500 azərbaycanlı gənc göndərildi. Hər il təhsil almaq üçün Azərbaycandan kənara 800 tələbə yola salınırdı. Hərbi təhsilin inkişafına xüsusi diqqət yetirilirdi. SSRİ-nin kosmik uçuşlara hazırlıq mərkəzində azərbaycanlı gənclərin olmamasından narahatlıq keçirən Azərbaycan rəhbəri gənclərin ali təyyarəçilik məktəblərinə göndərilməsini şəxsi nəzarətinə götürmüşdü.

   Bu gün, Bakıya, Azərbaycanın Respublikasının bütün rayonlarına gözəllik, yaraşıq verən yüzlərlə yaşayış binaları, mehmanxanalar, ictimai binalar, məktəblər, mədəniyyət sarayları, iqtisadiyyatımızın nüvəsini təşkil edən fabriklər, zavodlar, nəhəng sənaye obyektləri, iri istehsal kompleksləri, su anbarları, dəryaçalar, Kür su kəməri, yaşıllıq zonaları, istirahət ocaqları, neçə-neçə yollar, o cümlədən, yurdun şimal-qərb ucqarını paytaxta bağlayan Bakı-Balakən dəmir yolu, Dağlıq Qarabağın mərkəzə — Bakıya bağlılığını artırmaq və orada Azərbaycan mühitini canlandırmaq üçün görülən mühüm tədbirlər, o cümlədən, Xankəndinə dəmiryolu çəkilməsi, məhz Heydər Əliyev zəkasının, onun yorulmaz fəaliyyətinin, bu böyük insanın bütün varlığına hopmuş Vətən sevgisinin nəticəsi idi.

    Heydər Əliyevin Azərbaycana birinci rəhbərliyi dövründə həyata keçirdiyi bütün bu əzəmətli quruculuq işlərinin çox böyük tarixi əhəmiyyəti bundan ibarət idi ki, xalqımızda milli qürur, milli mənlik şüuru oyandı, azadlıq, müstəqillik duyğuları baş qaldırdı. Bu, əslində, XX yüzilliyin 70-ci illərində Azərbaycan xalqının milli azadlıq hərəkatının yeni mərhələyə-yüksəliş mərhələsinə daxil olması demək idi. Bu, Heydər Əliyevin xalqımızın istiqlal mübarizəsi tarixində misilsiz xidmətidir. Bütün bunlardan sonra, fikrimcə, Prezident Heydər Əliyevin bugünkü fəaliyyəti ilə əvvəlki rəhbərlik dövründəki fəaliyyəti arasındakı sıx məntiqi əlaqəni, dialektik vəhdəti isbat etməyə ehtiyac qalmır. Faktlar özü hər şeyi daha yaxşı sübut edir...

...Heydər Əliyevin Azərbaycana başçılıq etdiyi Birinci dövrlə İkinci dövr arasındakı illər, sözün əsl mənasında, tariximizin hərc-mərclik dövrü, ağır tənəzzül illəri idi. Xüsusilə, Azərbaycanın tarixinin 1990-1993-cü illəri xalqın yaddaşında ən ağır fəlakət illəri, "olum ya ölüm" dövrü kimi qaldı. Moskvaya satılmış xəyanətkar rəhbərlər və onları əvəz edən, heç bir idarəçilik bacarığı olmayan "Azərbaycan Xalq Cəbhəsi rejimi" məmləkəti dağılıb məhv olmaq təhlükəsi ilə üz-üzə qoymuşdular. Azərbaycan Cənubi Qafqazın xəritəsindən silinmək üzrə idi. Bu zaman Vətənin ümid çırağı, əliyalın xalqın yeganə qələbə silahı, məhz Heydər Əliyev zəkası idi. Bu dövrdə — 1990-cı il yanvar ayının 21-də həyatını təhlükə qarşısında qoyaraq Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gəlib doğma xalqına başsağlığı verən, Bakıda kütləvi qırğın törədənlərin cəzalandırılmasını tələb edən Heydər Əliyev, əslində, doğma xalqının qurtuluş mübarizəsinin önünə keçdi. 1993-cü ilin iyun ayında — Heydər Əliyevin hakimiyyətə qayıdışı ərəfəsində Azərbaycan öz tarixinin ən qanlı burulğanı içərisində çabalayırdı. Cəbhədə ağır məğlubiyyətlər, xəyanətlər, satqınlıq, vəzifə ələ keçirmək üçün müqəddəs torpaqlarımızın hərraca qoyulması adi hal almışdı. Ölkədə, sözün əsl mənasında, hakimiyyətsizlik idi. Siyasi hərc-mərclik, hərki-hərkilik baş alıb gedirdi. Bölgələrimizdə, rayonlarda, paytaxtın ayrı-ayrı məhəllələrində faktiki olaraq silahlı quldur dəstələri hökmranlıq edirdilər. Ölkəni xalq adından idarə edən, əslində isə, heç bir səriştəsi olmayan, ən adi idarəçilik qaydalarının belə nə olduğunu bilməyən və xaricdəki ağalarının göstərişi ilə hərəkət edən məhdud bir qrup məmləkəti milli fəlakət həddinə çatdırmışdı. İdarəçilik sükanı sahibsiz qalmışdı. Ölkə vətəndaş müharibəsi və etnik toqquşmalar meydanına çevrilməkdə idi. Cəbhə düşmənin üzünə açıq idi. Ulularımızın müqəddəs əmanəti olan Vətən torpaqları hərraca qoyulmuşdu. Azərbaycan xarici aləmdəki olan-qalan nüfuzunu da tamamilə itirmişdi. Ən təhlükəli cəhət isə, bundan ibarət idi ki, Azərbaycanın xaricdəki yağı düşmənləri daxildəki satqınlarla birləşmişdilər. Daşnakların "Böyük Ermənistan" yaratmaq niyyətləri, tarixi düşmənlərimizin qonşu ölkələrin paytaxtlarında hazırlanmış və Azərbaycanı Qafqazın siyasi xəritəsindən silib götürmək planları reallaşmaq üzrə idi. Azərbaycan torpağı etnik əlamətə görə parçalanıb yox olmaq təhlükəsi qarşısında qalmışdı. Bax, bu fəlakət anında - Azərbaycan xalqının, Vətənin yeganə ümid yeri, qurtuluş çırağı Heydər Əliyev idi. Müdrik xalqımız, o zaman qəti və sərrast hərəkət edərək yeganə düzgün addımı atdı və dünyanın bu böyük siyasət adamını hakimiyyətə gətirdi. Bununla da, Azərbaycanın xarici və daxili düşmənlərinin oxu daşa dəydi, bədxahlarımızın arzuları gözlərində qaldı. Məhz o zaman — 1993-cü ilin iyun günlərində Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə Azərbaycanın qurtuluşunda həlledici dönüş baş verdi. Müdrik dövlət xadimi bir neçə siyasi gedişdən sonra, vətəndaş müharibəsi təhlükəsini aradan qaldırdı. Xarici və daxili düşmənlərin Azərbaycanı parçalayıb yox etmək, müstəqil dövlətimizi aradan qaldırmaq planı puça çıxdı. Dövlətimizin, xalqımızın tarixi müqəddəratının idarəçilik sükanı dahi dövlət adamının əlinə keçdi. Vətən, millət, bütün xalqımız məkrli düşmənlərin hazırladığı fəlakət uçurumuna yuvarlanmadı, fəlakətdən, ölüm qəzasından yan keçdi. Qurtuluş savaşında qələbəyə doğru dönüş başlandı. Azərbaycan dövlətçiliyi və Prezident Heydər Əliyevin qətiyyəti sayəsində, 1994-cü ilin oktyabr və 1995-ci ilin mart qəsdləri zamanı ağır sınaqlardan uğurla çıxdı. Heydər Əliyev andına sadiq qalan, çətin məqamda Vətənin müstəqilliyi, xalqın azadlığı naminə şəhid olmağa hazır olan Prezident olduğunu nümayiş etdirdi. Ağır günlərdə xalqını, Vətənini qoyub qaçmadı. Dövlət başçısının qətiyyəti xalqa ruh yüksəkliyi gətirdi, inamımızı özümüzə qaytardı. Azərbaycan qanlı burulğandan çıxdı, sabitlik və əmin-amanlıq yarandı. Böyük dövlət xadimi kimi Heydər Əliyevin digər tarixi qələbəsi, məhz sabitlikdir. Ölkədə sabitlik yaratmaqla Heydər Əliyev öz gücünə, təcrübəsinə güvənən dahi siyasətçi kimi dəfələrlə söylədiyi məşhur kəlamına sadiq qaldığını sübut etdi: - “Azərbaycanın dövlət müstəqilliyi əbədi olacaqdır, sarsılmaz olacaqdır, dönməz olacaqdır”.

    Sirr deyil ki, Heydər Əliyev müharibə məsələsində düzgün mövqe tutdu. Müdrik bir strateq kimi real vəziyyətlə hesablaşdı. Məkrli düşmənlərimizin və onların beynəlxalq havadarlarının gücünü, planlarını, Azərbaycanın düşdüyü qanlı burulğanın nə qədər təhlükəli olduğunu nəzərə aldı, vəziyyəti düzgün qiymətləndirdi. Real vəziyyətdən çıxış edərək, atəşkəs rejiminə nail oldu. Bununla  da, Azərbaycanın gənc, sağlam qüvvələrinin mənasız yerə qırılmasının qarşısını aldı, genefondumuzu xilas etdi. Bu isə, öz növbəsində, Azərbaycan xalqının yaşaması, gələcəyi demək idi.

    Məlum olduğu kimi, bu gün, müstəqil Azərbaycanın beynəlxalq aləmdə nüfuzu və şöhrəti durmadan artmaqdadır. Azərbaycan Respublikası bütün dünyada demokratik, hüquqi, dünyəvi dövlət nüfuzu qazanmışdır. Heydər Əliyev zəkasının məhsulu olan təməl qanunumuz dünyanın ən demokratik, ən mükəmməl konstitusiyalarından biridir və beynəlxalq aləmdə Vətənimizə böyük rəğbət qazandırır. Yurdumuzda hökmranlıq edən sabitlik, həyata keçirilən daxili islahatlar xarici ölkələrlə əlaqələrimizin genişlənməsinə müsbət təsir göstərir. Özünün xarici siyasətini bərabərlik və qarşılıqlı mənafe prinsipləri əsasında quran Azərbaycan Respublikası dünyanın bütün dövlətləri üçün açıq bir ölkəyə çevrilmişdir…

 Sabit Mehdiyev,

 Yeni Azərbaycan Partiyası Beyləqan rayon təşkilatının məsləhətçisi.