Akademik Zərifə Əliyevanın 100 illik yubileyi qeyd edilir

21:03 15-04-2023 363

        Məlum olduğu kimi, Azərbaycan Respublikasının Prezidenti, cənab İlham Əliyev, Akademik Zərifə Əliyevanın 100 illik yubileyinin qeyd edilməsi haqqında Sərəncam imzalayıb. 2023-cü ilin aprel ayında Azərbaycanın görkəmli alimi, Əməkdar elm xadimi, tibb elmləri doktoru, professor, Azərbaycan Elmlər Akademiyasının həqiqi üzvü Zərifə Əziz qızı Əliyevanın anadan olmasının 100 ili tamam olur. Akademik Zərifə Əliyeva zəngin mənəviyyata sahib əsl ziyalı kimi mənalı ömür yolu keçmiş, əhatəli elmi fəaliyyəti ilə ölkəmizdə tibb sahəsinin inkişafına əhəmiyyətli töhfələr vermişdir. Alimin oftalmologiyanın aktual məsələlərinə dair uzunmüddətli araşdırmalarının uğurlu nəticəsi olan sanballı əsərləri həmişə təqdirlə qarşılanmış və yüksək qiymətə layiq görülmüşdür. Bu tədqiqatlarda irəli sürülən yeni və effektli müalicə metodları, kompleks profilaktik tədbirlər qısa müddətdə müvəffəqiyyətlə geniş tətbiqini tapmışdır. Azərbaycanda oftalmologiya məktəbinin ilk tədqiqat mərkəzi olaraq ixtisaslaşdırılmış elmi tədqiqat laboratoriyası, məhz akademik Zərifə Əliyevanın təşəbbüsü ilə yaradılmışdır. Həkimlik etikasını bütün elmi və pedaqoji fəaliyyəti boyu daim diqqət mərkəzində saxlayan Zərifə Əliyeva respublikada yüksəkixtisaslı kadrların hazırlanması işinə gərgin əmək sərf etmiş, gənc alimlərin və həkim-oftalmoloqların böyük bir nəslini formalaşdırmışdır. Zərifə xanım Əliyevanın çoxcəhətli elmi, tibbi fəaliyyəti təkcə, öz dövrü üçün deyil, bu gün üçün də mühüm əhəmiyyət kəsb edir və aktuallığını qoruyur. Ölkəmizdə XX əsrin 1-ci yarısına qədər daha çox terapiya, eləcə də, cərrahiyə sahələrinin inkişaf etməsi, məhz Zərifə xanım Əliyevanın xidmətləri sayəsində mümkün olmuşdur. XX əsrin ikinci yarısından başlayaraq, Azərbaycanda oftalmologiya elminin və göz xəstəlikləri tədqiqatlarının inkişaf edən sahələrdən birinə çevrilməsi,  şübhəsiz ki, Zərifə xanım Əliyevanın adı ilə bağlıdır. Bu, Zərifə xanım Əliyevanın Azərbaycan tibb elmi qarşısındakı böyük məqsədlərindən biri idi. Zərifə xanım Əliyeva ölkəmizi keçmiş Sovetlər İttifaqında və onun hüdudlarından kənarda da oftalmologiya üzrə elmi tədqiqat işləri aparılan nüfuzlu mərkəzə çevirmişdir. Zərifə xanımın göz həkimi kimi məşhurlaşması, bu sahədə məktəb yaratması ilə Azərbaycandan kənardakı tibb mərkəzlərinə xəstələrin axınının qarşısı alınmışdır. Zərifə xanımın bir məqsədi də ondan ibarət idi ki, o, rus həkimlərindən ibarət heyət yaradaraq, onları Azərbaycanın regionlarına aparır, müalicə işi təşkil edirdi. Zərifə Əliyeva dünya tibb elminə yeni müalicə üsulları gətirmişdir. Onun bu istiqamətdə apardığı tədqiqatları təkcə, nəzəri müddəalarla deyil, həm də, o müddəaları formalaşdırmaqda ona əsas verən təcrübə ilə əlaqələndirməklə də fərqlənməyi bacarmışdı.

     Zərifə xanım Əliyeva həm də, ölkəmizdə böyük ictimai xadim kimi qəbul olunmuşdur. Zərifə xanımın obrazını canlandırarkən onun sadəqətli olması mütləq ön sırada gəlmişdir. O, Əziz Əliyevin ocağında qazandığı sədaqət andını Heydər Əliyev kimi görkəmli dövlət xadiminin sədaqətli yoldaşı olmaqla, bütün dünyanın gözü qarşısında isbat etmişdir. Zərifə xanım Əliyevanın çoxcəhətli fəaliyyəti ölkəmizdə hər zaman yüksək qiymətləndirilmişdir. O, “Əməkdar elm xadimi” adına, “Qırmızı əmək bayrağı ordeni”nə layiq görülmüş, o zaman üçün əlçatmaz sayılan “Averbax” mükafatının Azərbaycana gətirilməsinin mümkünlüyünü sübut etmişdir. Milli Oftalmologiya Mərkəzi Zərifə xanım Əliyevanın adını daşıyaraq ölkəmizin nüfuzlu tibb mərkəzlərindən biri kimi inkişaf etmişdir. Akademiyada Zərifə xanımın adına mükafat təsis olunmuşdur. Bakıda məktəb-lisey Zərifə xanımın adını daşıyır. Ən başlıcası isə, Zərifə xanım Əliyeva Heydər Əliyev kimi görkəmli siyasi xadimin həyat yoldaşı, XXI əsrdə Azərbaycan Respublikasının Zəfər tarixinə öz adını yazdırmış ölkə Prezidenti, cənab İlham Əliyevin anasıdır...

  Müşfiq Səfərov,

 Yeni Azərbaycan Partiyası Beyləqan rayon təşkilatının sədri.