Dövlət dili sahəsində yaşanan problemlərin həllinə xidmət edən siyasət

20:54 27-04-2023 232

      Sirr deyil ki, azərbaycançılıq ümummilli ideologiya, milli, və milli-mədəni vəhdət məfkurəsi kimi cəmiyyətdə səfərbəredici, birləşdirici, ruhlandırıcı rol oynayır. Milli mədəniyyət azərbaycançılıq milli ideologiyasının ideya mənbəyi olduğu kimi, həm də, ideologiyanın dövlət, xalq üçün zəruri mənəvi, siyasi fəaliyyətinə təkan verən dil, mentalitet, milli xarakter və milli psixologiyanın ifadəsi kimi də çıxış edir. Milli mədəniyyət, milli ideologiya qlobal mədəniyyətə qovuşaraq ümumbəşəri mənəvi-mədəni dəyərlərlə birləşir, Azərbaycan dövlətçiliyinin daha da möhkəmləndirilməsi qlobal və yerli düşüncə tərzlərinin birliyini yaradır, ölkədə, ölkədən xaricdəki bütün azərbaycanlıların mənəvi imperativinə çevrilir. Dünyanın ən nadir mədəni sivilizasiyalarından və milli-etnik tərkibilə özünəməxsus bir demokratik, hüquqi dövlət olan Azərbaycanda müxtəlifliyin vəhdəti hakimdir. Azərbaycanda reallaşan mədəniyyət və milli ideologiya Azərbaycan xalqının ortaq dəyərlər, davranış münasibətləri adlı məkanın formalaşmasına, etnik şüurda hər bir qatın statusunu sezməyə imkan verir, özünün real, tarixi-mədəni varlığının subyekti olmasına şərait yaradır. Azərbaycanda mədəniyyətlər və dinlərarası durum, etnik-milli-bəşəri müstəvilərin ahəngdar mövcudluğu baxımından dünyaya örnək ola bilər.

    Ulu Öndər Heydər Əliyev azərbaycançılıq ideologiyasını və azərbaycanlıların ortaq mənəvi-mədəni dəyərlərini “ən başlıca sərvət” hesab edirdi. Azərbaycanda bütün etnik birliklərin nümayəndələri bir azərbaycanlı, Azərbaycan vətəndaşı kimi tolerantlıq, humanizm, xeyirxahlıq şəraitində azərbaycançılıq ideologiyasını və ölkəmizdə formalaşan mədəniyyəti özünün mənəvi-mədəni sərvəti sayır. Azərbaycanın gələcək inkişafı azərbaycançılıq, Azərbaycan mədəniyyətinin birləşdirdiyi bütün xalqların və dünya azərbaycanlılarının birgə fəaliyyətindən asılıdır. Dahi şəxsiyyət, Ulu Öndər Heydər Əliyev Azərbaycan dilinin, tarixinin ədəbiyyatının, mədəniyyətinin yeni azərbaycançılıq məfkurəsi ilə dərkinin metodologiya və strategiyasını formalaşdırdı. Bu baxımdan, “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 18 iyun 2001-ci il tarixli Fərmanı, “Azərbaycan əlifbası və Azərbaycan dili gününün təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 9 avqust 2001-ci il tarixli Fərmanı böyük tarixi-siyasi əhəmiyyətə malik sənədlər idi. Bu tarixi sənədlər, artıq yeni əsrin və üçüncü minilliyin əvvəllərində ana dili uğrunda mübarizənin dövlət səviyyəsində milli müstəqillik uğrunda mübarizənin - azərbaycançılığın tərkib hissəsi kimi əks etdirən dövlət proqramalarının, böyük strategiyanın təməl faktları idi. Azərbaycan dili, bu gün dərin fikirləri ən incə çalarlarınadək, olduqca aydın bir şəkildə ifadə etmək qüdrətinə malik dillərdəndir. Məlumdur ki, xalqın ümummilli mənəvi birliyinin Heydər Əliyev tərəfindən yaradılması konsepsiyasında Azərbaycan dili çox mühüm yer tutur. Heydər Əliyev özü bu dilin parlaq bilicilərindən olmuşdur. Onun nitqləri, çıxışları, müsahibələri yeni siyasi üslubu formalaşdırmış və Azərbaycan dilini o qədər əhəmiyyətli dərəcədə zənginləşdirmişdir ki, tədqiqatçıların hələ neçə-neçə nəsli natiqlik sənətinin bu nümunələrinə müraciət edəcəkdir. Ulu Öndər Azərbaycan  dilinə, məhz azərbaycançılığın mənəvi əsası kimi yüksək qiymət verirdi. Ulu Öndər Heydər Əliyev: - “Mən hər bir dilə öz hörmət və ehtiramımı bildirirəm, amma hesab edirəm ki, öz dilimizlə - Azərbaycan dili ilə hər birimiz fəxr edə bilərik. Ona görə ki, bu, zəngin dildir, artıq dünyada tanınmış dildir. Xalqımızın adı da tanınıb, respublikamızın adı da tanınıb, dilimizin adı da tanınıb. Bu, reallıqdır. Azərbaycanın dövlət müstəqilliyi Azərbaycan dilini əbədi edibdir. Bu gün, Azərbaycan dili yaşayır və yaşayacaqdır. Qoy Azərbaycan dili müstəqil Azərbaycanda, eləcə də, dünyada yaşayan bütün azərbaycanlıların dili olsun.”

 Ulu Öndərin ideyalarının əzmkar davamçısı, Azərbaycan Respublikasının 

 Prezidenti  İlham  Əliyev  bu  siyasətin tarixi rolundan  bəhs  edərkən demişdir:

- “Azərbaycan rəhbərliyinin apardığı siyasət yeganə düzgün siyasətdir. Bunu həyat da sübut  etmişdir. Azərbaycan  çox  böhranlardan  şərəflə  çıxmışdır. Vətəndaş    müharibəsi və cəmiyyətin parçalanması təhlükəsindən qurtarmışdır. İndi Azərbaycanda sabitlikdir, güclü iqtisadiyyat vardır, demokratikləşdirmə yolunda çox işlər görülür. Buna görə də mən qəti əminəm ki, hazırda yeridilən xətt davam etdirilməlidir. İndiki siyasət bir çox onilliklər üçün nəzərdə tutulmuş siyasət olmalıdır. Əks halda, Azərbaycan yenə də hansısa hərc-mərcliyə məruz qala bilər.” 

     Bu sətirlərdə Ulu Öndər Heydər Əliyev siyasətinə, Onun ideologiyasına qüvvətli inam və cənab İlham Əliyevin qalibiyyət əzmi ifadə olunur. Bu gün, bütün dünyada azərbaycançılığın ən böyük qarantı Azərbaycanın və hər bir azərbaycanlının Prezidenti, cənab İlham Əliyevdir.

     Azərbaycan dili, artıq milli dövlətçiliyimizin əsas göstəricilərindən biri kimi layiq olduğu ali məqama yüksəldilmiş,  dövlət dili səviyyəsində qərarlaşaraq xalqımızın milli kimliyini bütün dünyaya təqdim edir. Ana dilinin dövlət dili statusuna yüksəlməsi, haqlı olaraq, tarixi hadisə, milli dövlətçiliyimizin tarixinin önəmli səhifəsi sayılır. Bu, milli yetkinliyin təsdiqi, xalqın öz taleyinə sahibliyinin, dövlət qurmaq və qorumaq qüdrətinin parlaq ifadəsidir...

 

  Sabit Mehdiyev,

 Yeni Azərbaycan Partiyası Beyləqan rayon təşkilatının məsləhətçisi.