Enerji diplomatiyası

15:29 01-05-2023 260

    Sirr deyil ki, müstəqillik qazandıqdan sonra, Azərbaycan Respublikası sürətlə müasir beynəlxalq münasibətlər sisteminin ciddi bir aktoruna çevrilmişdir. Azərbaycan dövləti tam müstəqil xarici siyasət yeritməklə, regionda kəskin toqquşan maraqların mövcudluğu fonunda öz milli maraqlarının yüksək səviyyədə təmin olunması istiqamətində böyük nailiyyətlərə imza atmışdır. Həmçinin, unikal enerji diplomatiyasının konseptual əsaslarının böyük müdrikliklə hazırlanması, dəqiqliklə həyata keçirilməsi ölkənin milli maraqlarının qorunmasında və yüksək iqtisadi inkişaf tempi əldə etməsində həlledici rol oynamışdır. Bu baxımdan, Ümummilli Lider Heydər Əliyev böyük uzaqgörənliklə Azərbaycan Respublikasının neft diplomatiyasının imperativi kimi ilkin nəhəng enerji layihələrinin və sonrakı mərhələlərdə alternativ enerji daşıyıcıları marşrutlarının yaradılmasını müəyyənləşdirmişdir. Bu olduqca unikal və yenicə müstəqillik qazanmış Azərbaycanın milli maraqlarına tam cavab verən bir strategiya idi, çünki, alternativ enerji daşıyıcıları marşrutlarının yaradılması hər şeydən öncə, Azərbaycan Respublikasının hər hansı bir dövlətdən asılılığının meydana gəlməsinin qarşısını almalı idi. Həmçinin, Azərbaycana qarşı potensial təzyiqləri də dəf etmiş olardı. Digər mühüm məqam isə ondan ibarət idi ki, Azərbaycan öz məhsullarım daha əlverişli enerji bazarına çıxarmaq imkanları qazanmış olardı. Artıq, bu gün hesab etmək olar ki, Ümummilli Lider Heydər Əliyevin enerji strategiyasının reallaşdırılması istiqamətində mühüm addımlar atılmışdı. Öz enerji təhlükəsizliyi problemlərini Xəzərin enerji mənbələri hesabına həll etməyə çalışan Qərbin, ehtiyatlan İran körfəzinin və Şimal dənizinin neft ehtiyatlan ilə müqayisə olunan Azərbaycana can atması təbiidir. Qərb şirkətləri üçün Azərbaycan, Rusiya ilə İranı adlamaqla onları Xəzər hövzəsi və Mərkəzi Asiya ilə birləşdirən körpü rolunu oynayır. Bu da xarici neft şirkətlərinin ölkəmizin neft-qaz sektoruna marağını getdikcə daha da artırır. Heydər Əliyevin hakimiyyətə gəlməsi və "Əsrin müqaviləsi"nin imzalanması ilə Azərbaycan Respublikasının unikal enerji strategiyasının reallaşdırılması istiqamətində ilkin mühüm addımlar atılmış oldu. Xüsusilə də, neft ixracı kəmərləri üzrə xarici şirkətlərlə danışıqlar yeni və daha intensiv mərhələyə daxil oldu. Azərbaycan tərəfi Bakı-Tbilisi-Ceyhan ixrac kəmərinə üstünlük verilməsini daha məqsədəuyğun saymışdır. 1997-ci ildə “Əsrin müqaviləsi” çərçivəsində ilk neft hasil olundu. Bu neft demək olar ki, dərhal artıq hazır olan Bakı - Novorossiysk boru kəməri ilə nəql olunmağa başladı. 1999-cii ilin yanvarında neft artıq ikinci kəmər – Bakı-Supsa ilə nəql olunmağa başladı. 1998-ci ilin 7-8 sentyabr tarixlərində Bakıda keçirilən İpək Yolunun Bərpası Sammiti və həmin ilin oktyabrında Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft boru kəmərinə dair Ankara bəyannaməsi proseslərin inteqral hissələri oldu. Bu hadisələr neft kəmərləri məsələsində yeni mərhələnin əsasını qoydu və məlum oldu ki, BTC digər alternativlər olan Bakı-Novorossiysk, Bakı-Supsa kəmərlərindən daha əlverişlidir. Xüsusi qeyd etmək lazımdır ki, Azərbaycanın enerji diplomatiyasında Ermənistanın işğalçılıq siyasətindən çəkindirilməsi məsələsi daim diqqət mərkəzində olmuşdur. Ərazilərimizin 20%-ə qədərini zəbt etməklə regional sabitliyi təhlükə altına alan Ermənistan, Azərbaycan Respublikasının səyləri və iradəsi nəticəsində regional layihələrdən kənarda qalmışdır. Bu da, işğalçı ölkənin iqtisadiyyatının iflic vəziyyətinə düşməsində müəyyən rol oynamışdır. Bu layihələrdən kənarda qalmağın Ermənistan üçün nə dərəcədə böyük itki olduğunu erməni rəsmiləri də etiraf etmək məcburiyyətində qalmışlar.

    Qeyd etdiyimiz kimi, Azərbaycan Respublikasının enerji diplomatiyasında Qərblə enerji sahəsində yüksək əməkdaşlığın qurulması prioritet kimi müəyyənləşdirilmişdir, çünki, zəngin karbohidrogen ehtiyatlarına malik olan Azərbaycan Avropa üçün sabit və mühüm enerji mənbəyi hesab olunur. Azərbaycan təkcə zəngin karbohidrogen ehtiyatlarına sahib ölkə deyil, о eyni zamanda Mərkəzi Asiyadan Avropa istiqamətində göndərilə biləcək karbohidrogen məhsullarının nəqlində mühüm tranzit ölkə hesab olunur. Xəzər regionundan dünya bazarlarına enerji daşıyıcılarının nəql edilməsində Azərbaycan ən vacib rollardan birini oynayır və tranzit baxımından Azərbaycan olduqca əlverişli mövqedədir. Azərbaycan Respublikası ilə Avropa ölkələri arasında enerji sahəsində iş birliyinin sərhədləri kifayət qədər geniş olmaqla bir çox mühüm sahələri əhatə edir. Bu əməkdaşlıq sahələri içərisində neft sektoru mərkəzi yerdədir. Bunu Azərbaycan dövlətinin enerji diplomatiyasının böyük uğuru kimi dəyərləndirmək olar. Belə ki, Azərbaycanın atdığı strateji addımlar sübut etdi ki, Avropanın enerji təhlükəsizliyində ölkəmizin xüsusi rolu vardır. Azərbaycan Respublikasının enerji diplomatiyası ətrafında təhlillər apararkən, bu diplomatiyada ciddi gözlənilən bir məqamı da xüsusi olaraq qeyd etmək lazımdır. Belə ki, Azərbaycan tərəfində aydın dərk edilir ki, enerji mənbələrinin diversifikasiyası təkcə ölkələrin enerji təhlükəsizliyini təmin etmir, həm də daha səmərəli və təhlükəsiz şərtlərlə enerji əldə etməyə şərait yaradır. Şaxələndirilmiş ixrac neft-qaz kəmərləri sisteminin qurulması respublikamızın enerji müstəqilliyini təmin etmiş, Avropa və digər uzaq regionların yüksək keyfiyyətli karbohidrogen resursları ilə təminatı üçün yeni perspektivlər açmış, Xəzəryanı ölkələrdə hasil olunan enerji daşıyıcılarının nəql edilməsi baxımından sabit tranzit dəhlizi kimi Azərbaycana real imkanlar yaratmışdır. Bunun nəticəsində ABŞ, Çin, İngiltərə, Almaniya, Fransa, Hindistan, İsrail, Cənubi Koreya, Braziliya, İndoneziya, Çili, İspaniya da daxil olmaqla üç istiqamətdə dünyanın 33 ölkəsinə Azərbaycandan xam neft və neft məhsulları ixrac edilir. Beləliklə, Azərbaycanın neft kəmərlərinin diversifikasiyası məsələsi təkcə iqtisadi və kommersiya baxımından deyil, həm də siyasi baxımdan vacibdır. Bu Azərbaycanın bölgədə müstəqil siyasət yeritməsini, enerji asılılığı olmayan bir dövlət kimi mövcudluğunu şərtləndirir.

    Beləliklə, Azərbaycan Respublikasının Prezidenti, cənab İlham Əliyevin son illərdə neft-qaz sahəsində həyata keçirdiyi düşünülmüş strategiya əsasında, müstəqil dövlətimiz nəinki regionun aparıcı dövlətinə, eyni zamanda, Avropanın enerji təhlükəsizliyinin başlıca təminatçılarından birinə çevrilmişdir. Respublikamızın bölgənin və qitənin enerji təhlükəsizliyində mühüm rol oynadığı istər dünyanın aparıcı dövlətləri, istərsə də aparıcı beynəlxalq təşkilatlar tərəfindən birmənalı etiraf olunur. Azərbaycan regionda hansısa ölkədən enerji asılılığı olmayan, tələbatını daxili imkanlar hesabına ödəməyə qadir dövlət kimi çıxış edir.

Müşfiq Səfərov,

Yeni Azərbaycan Partiyası  Beyləqan rayon təşkilatının sədri.