Şuşa Bəyannaməsinin əhəmiyyətini şərtləndirən mühüm amillər

16:26 14-06-2023 239

    Bildiyimiz kimi, Azərbaycanın çağdaş hərbi-siyasi tarixinin ən parlaq səhifələrindən biri olan Şuşa Bəyannaməsinin imzalanmasının ikinci ili tamam olur. Şuşa Bəyannaməsi Türkiyə ilə Azərbaycanın qardaşlıq taleyini rəsmiləşdirən tarixi sənəddir. Bu bəyannamənin imzalanmasının hərbi, siyasi, iqtisadi, mədəni əhəmiyyəti ilə yanaşı, həm də çox böyük rəmzi mənası var, çünki 2021-ci il iyun ayının 15-də, müstəqil Azərbaycan dövlətinin Qurtuluş günündə, Azərbaycan Respublikasının Prezidenti, cənab İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti, cənab Rəcəb Tayyib Ərdoğanın Azərbaycanın, eləcə də, Türk dünyasının mədəniyyət paytaxtı olan Şuşa şəhərində bu bəyannaməni imzalaması ilə məşhur Qars müqaviləsi təzələndi. Həmin gün, Şuşa Bəyannaməsi imzalanarkən ölkə Prezidenti, cənab İlham Əliyev də öz çıxışında bu siyasi aktın tarixi əhəmiyyətini vurğulayaraq bildirdi: “tarixi Qars müqaviləsi düz 100 il əvvəl imzalanıb. Bu da böyük rəmzi məna daşıyır. Yüz ildən sonra azad edilmiş Şuşa şəhərində müttəfiqlik haqqında imzalanmış birgə Bəyannamə bizim gələcək iş birliyimizin istiqamətini göstərir”. Biz burada çox önəmli olan digər məqamı da xüsusi olaraq vurğulamalıyıq ki, tarixi Qars müqaviləsi yalnız Naxçıvan Muxtar Respublikasının təhlükəsizliyini təmin edirdisə, Şuşa Bəyannaməsi isə, bütün Azərbaycanın gələcək təhlükəsizliyinin qarantına çevrildi. Bu bəyannamədə bir çox önəmli məsələlər öz əksini tapıb. Belə ki, Şuşa Bəyannaməsində Azərbaycan və Türkiyənin hərbi, siyasi əlaqələri, iqtisadi-ticarət əlaqələri, mədəniyyət, təhsil, idman, gənclər siyasəti, beynəlxalq müstəvidə birgə əməkdaşlıq, həmçinin, bütün digər sahələr əhatə olunur. Bir sözlə, bəyannamədə iki qardaş ölkə üçün həyati önəm daşıyan hər bir məsələ diqqət mərkəzində saxlanılıb. Bu da bəyannamənin əhəmiyyətini şərtləndirən mühüm amillərdən biridir. Sözügedən tarixi sənədin imzalanmasından ötən 2 il ərzində cərəyan edən regional və qlobal proseslər, o cümlədən Rusiya-Ukrayna müharibəsi fonunda baş verən geosiyasi təlatümlər Şuşa Bəyannaməsindən irəli gələn öhdəliklərin yerinə yetirilməsinin ölkələrimiz üçün nə dərəcədə böyük əhəmiyyət kəsb etdiyini bir daha təsdiqləyir. Bəyannamədən irəli gələn qarşılıqlı öhdəliklərin icrası hazırkı qlobal hərbi, siyasi, iqtisadi təlatümlər fonunda Azərbaycan və Türkiyə arasında müxtəlif sahələri əhatə edən əməkdaşlığın daha da dərinləşməsini təmin edəcək. Bu sənəd regional inteqrasiyaya və təhlükəsizliyə xidmət etməklə bərabər, eyni zamanda, Azərbaycan ilə Türkiyənin yeni güc mərkəzi kimi dünyada nüfuz sahibinə çevrilməsini, beynəlxalq mövqelərinin daha da möhkəmlənməsini şərtləndirir. Ən önəmli məqamlardan biri də budur ki, Şuşa Bəyannaməsi Ermənistanın hərbi-siyasi rəhbərliyinə, revanşist erməni müxalifətinə və onlara havadarlıq edən ölkələrə də mühüm ismarıcdır. Belə ki, Şuşa Bəyannaməsi ilə Türkiyə tərəfi Azərbaycanın ərazi bütövlüyünün pozulması, dövlət sərhədlərinə təhdid kimi halların baş verəcəyi təqdirdə, öz Ordusu ilə ölkəmizin yanında yer alacağını açıq şəkildə beynəlxalq ictimaiyyətin diqqətinə çatdırır. Bəyannamənin bu müddəası Rusiya sülhməramlı kontingentinin müvəqqəti nəzarət zonasına daxil olan ərazilərimizdəki erməni separatçı və terrorçu qüvvələrini də ciddi surətdə narahat edir, çünki Azərbaycanın Xankədidə antiterror əməliyyatı keçirəcəyi təqdirdə, Türkiyə tərəfi bu əməliyyata da gərəkən dəstəyi verə bilər. Bir sözlə, Şuşa Bəyannaməsi qardaş Türkiyəyə özünün bütün imkanları ilə hər zaman yanımızda olmağa imkan verir. Biz də öz növbəmizdə bütün beynəlxalq platformalarda qardaş ölkənin maraqlarını qorumağa hazırıq və qoruyuruq.

    Şuşa Bəyannaməsinin imzalanması gününün özü bu sənədin tarixi əhəmiyyətini şərtləndirən əsas amillərdən biridir. Bəli, məhz 15 İyun-Azərbaycanın Milli Qurtuluş gününə təsadüf edən bu tarixi məqam Ulu Öndər Heydər Əliyevin “bir millət, iki dövlət” müdrik kəlamının məntiqi sübutunun göstəricisidir. Ərazilərimizin işğaldan azad edilməsindən, yalnız Azərbaycan mədəniyyətinin beşiyi yox, həm də xalqımızın qeyrət simvolu olan Şuşada bu sənədin imzalanması onun tarixi əhəmiyyətini daha da artırır. Azərbaycan Respublikasının Prezidenti, cənab İlham Əliyevin torpaqlarımızın işğaldan azad edilməsi ilə Ulu Öndər Heydər Əliyevin ruhu qarşısında həm də, öz övladlıq borcunu yerinə yetirdiyinə görə xoşbəxt olduğunu vurğulaması və 44 günlük Vətən müharibəsində xalqımıza siyasi-mənəvi dəstək göstərən qardaş Türkiyə Respublikasının Prezidenti, cənab Rəcəb Tayyib Ərdoğanla Şuşada belə tarixi sənədi imzalaması bunun əyani sübutudur. Şuşa Bəyannaməsinin tarixi əhəmiyyətini şərtləndirən məqamlardan biri də, ümumilikdə Türk dünyasında ilk dəfə belə bir sənədin ərsəyə gəlməsidir ki, bu da gələcəkdə türk dövlətləri arasında daha bir tarixi Bəyannamənin imzalanmasına ciddi zəmin yaradır. Şuşa Bəyannaməsi qardaşlıq və müttəfiqlik fəaliyyətlərimizi istənilən platformada daha səmərəli koordinasiya etməyə imkan verir. Bu sənədin Cənubi Qafqazda sabitliyin qarantına çevrilməsi şəksizdir. Eyni zamanda, Şuşa Bəyannaməsi ölkələrimizə qarşı potensial hərbi-siyasi təhlükələrin qarşısını almaq üçün də sipər rolunu oynayır. Bu baxımdan, Azərbaycan və Türkiyənin dövlət başçılarının belə bir qabaqlayıcı sənədi imzalaması əsl siyasi uzaqgörənlik nümunəsidir. Şuşa Bəyannaməsinin tarixi əhəmiyyətini təsdiqləyən ən əsas amil isə, Azərbaycan-Türkiyə müttəfiqliyinin digər ölkələrə və ya dövlətlər qrupuna qarşı yönəlməməsi, mahiyyət etibarilə müdafiə xarakterli olmasıdır. Sadəcə, iki qardaş ölkə mürəkkəb və ziddiyyətli hərbi-siyasi proseslərin yaşandığı müasir dövrdə mövcud və hipotetik təhdidlərə qarşı birgə mübarizə aparmaq əzmində olduqlarını, məhz tarixi Şuşa Bəyannaməsi vasitəsi ilə dünyaya bəyan edib...

 Sabit Mehdiyev,

   Yeni Azərbaycan Partiyası Beyləqan rayon təşkilatının məsləhətçisi.