Azərbaycan 30 il ərzində Ermənistanla danışıqlarda iştirak edirdi və bu danışıqlar heç bir nəticə vermədi

14:08 22-06-2023 225

      Məlum olduğu kimi, 2020-ci il dövlətçilik tariximizə qızıl hərflərlə yazıldı və Zəfər ili kimi həkk olundu. Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan, cənab İlham Əliyevin rəhbərliyi ilə şanlı Ordumuz işğalçı Ermənistan üzərində möhtəşəm Qələbə qazanaraq, xalqımızın 30 illik həsrətinə son qoydu və bizi tarixi torpaqlarımıza qovuşdurdu. Şübhəsiz ki, torpaqlarımızın işğaldan azad edilməsi ədalətin təntənəsi, eyni zamanda hər bir azərbaycanlı üçün qürur mənbəyi idi. Azərbaycan gücün və qüdrətin, xalq-iqtidar birliyinin, həmrəyliyin, milli iradə və əzmkarlığın sayəsində özünün ərazi bütövlüyünü, suverenliyini bərpa etdi, şəhidlərimizin qisası alındı. 27 sentyabr 2020-ci il tarixdə başlanan 44 günlük Vətən müharibəsi, Azərbaycan Silahlı Qüvvələrinin qüdrətini, gücünü bir daha dünyaya nümayiş etdirdi. Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında düşmənə sarsıdıcı zərbə vurdu. Ölkə Prezidenti, cənab İlham Əliyev rəşadətli Ordumuzun Ermənistana qarşı apardığı “Dəmir yumruq” əks-həmlə hərbi əməliyyatında – Vətən müharibəsində Qələbəmizi belə qiymətləndirib: - “Azərbaycan tarixdə heç vaxt belə parlaq Zəfər əldə etməmişdir, tarixdə heç vaxt indiki qədər güclü olmamışdır. Bizim gücümüz birliyimizdədir. Biz birlik nümayiş etdirmişik, əzmkarlıq nümayiş etdirmişik, qəhrəmanlıq nümayiş etdirmişik və bunun nəticəsində dəmir yumruqla düşmənin başını əzib öz doğma torpaqlarımızı azad etmişik.”

      Heç şübhəsiz ki, ölkəmizdə Ordu quruculuğu prosesinin əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuşdur. Heydər Əliyevin 1993-cü ildə xalqın təkidli tələbi ilə siyasi hakimiyyətə qayıdışı ölkədə ictimai-siyasi sabitliyi təmin etdi, müstəqil Azərbaycanda peşəkar, nizam-intizamlı, vahid komandanlıqdan idarə olunan Silahlı Qüvvələrin formalaşdırılmasına şərait yaratdı, qısa müddətdə güclü ordu yaradıldı. Ölkə Prezidenti, cənab İlham Əliyevin Azərbaycan Silahlı Qüvvələrinin inkişafı, ölkəmizin müdafiə qüdrətinin artırılması istiqamətində ardıcıl olaraq həyata keçirdiyi məqsədyönlü tədbirlər nəticəsində hərb quruculuğu sahəsində ciddi nailiyyətlər əldə olundu, Azərbaycan Silahlı Qüvvələri müasir hərbi texnika və silahlarla təmin edildi. Bu sahəyə xüsusi diqqət, aparılan davamlı islahatlar Azərbaycan Ordusunun dünyanın 50 ən güclü ordusu siyahısında yer tutmasını şərtləndirdi.

            Sirr deyil ki, işğalçı Ermənistan sülh prosesini məqsədyönlü şəkildə pozmağa davam edirdi. Azərbaycan Respublikasının Prezidenti, cənab İlham Əliyev sentyabr ayının 24-də BMT Baş Assambleyasının 75-ci sessiyasındakı çıxışında Ermənistanın Azərbaycana qarşı yeni müharibəyə hazırlaşdığı barədə xəbərdarlıq etdi. 2020-ci il sentyabr ayının 27-də isə, Ermənistanın Silahlı Qüvvələri beynəlxalq hüquq normalarını yenidən kobud surətdə pozaraq, Azərbaycana qarşı irimiqyaslı hərbi təcavüzə başladı, yaşayış məntəqələrini, hərbi mövqeləri bir neçə istiqamətdən atəşə tutdu. Bu hücumların qarşısının alınması məqsədi ilə, Azərbaycan Ordusu əks-hücum əməliyyatlarına başladı və xalq bir nəfər kimi müqəddəs Vətən müharibəsinə qalxdı, artıq döyüşlərin ilk saatlarında düşmən geri çəkilməyə məcbur edildi. Ölkə Prezidenti, Ali Baş Komandan, cənab İlham Əliyev sentyabr ayının 27-də xalqa müraciətində Azərbaycan Ordusunun düşmənə ağır zərbə vurduğunu bildirdi: - “Biz haqq yolundayıq. Bizim işimiz haqq işidir. Biz zəfər çalacağıq! Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!” Xalqa müraciətini bu sözlərlə bitirən Ali Baş Komandan torpaqlarımızın azad ediləcəyinə, 30 ildən çox davam edən işğala son qoyulacağına əminliyini ifadə etdi.

             Azərbaycanın qazandığı Qələbə, xüsusilə Şuşanın düşmən əsarətindən azad edilməsi müharibənin taleyində həlledici rol oynadı. Şuşanın azad edildiyi gün – 8 noyabr tarixi dövlətçilik tariximizə qızıl hərflərlə yazıldı. Azərbaycan və Rusiya Prezidentləri və Ermənistanın baş naziri tərəfindən 2020-ci il noyabr ayının 10-da üçtərəfli bəyanatın imzalanması ilə münaqişə başa çatdı.  Ermənistanın öz məğlubiyyətini etiraf etməsi və kapitulyasiya aktına imza atması, Azərbaycanın Vətən müharibəsində tam qələbə qazanması, Qarabağ müharibəsində itirilmiş torpaqlarımızın düşmən tapdağından azad edilməsi ilə nəticələndi. Ölkə Prezidenti, Ali Baş Komandan, cənab İlham Əliyev aydın şəkildə bildirdi ki, Dağlıq Qarabağa heç bir status verilməyəcək: - “Biz bir neçə rayonu döyüş meydanında düşməndən azad etdik, üç rayonu düşməni məcbur edərək qaytardıq və beləliklə, Dağlıq Qarabağ münaqişəsini həll etdik. İndi artıq Dağlıq Qarabağ münaqişəsi yoxdur. Əgər kimsə hesab edir ki, bu münaqişə hələ də davam edir, səhv edir.”

Beləliklə, Azərbaycan xalqı düşmən üzərində tarixi zəfər qazanmaqla daha bir qəhrəmanlıq salnaməsi yazdı və qalib xalq olduğunu bütün dünyaya sübut etdi. Müzəffər Ali Baş Komandan, cənab İlham Əliyevin qətiyyəti və dəmir iradəsi, Silahlı Qüvvələrimizin qüdrəti, Azərbaycan əsgərinin igidliyi, xalq-iqtidar birliyi, ölkəmizin iqtisadi gücü tarixi Qələbəni təmin edən mühüm amillər oldu. Azərbaycanın tolerant və multikultural dəyərlərə malik ölkə olduğu, burada bütün xalqların dostluq və əmin-amanlıq şəraitində yaşadığı da artıq çoxdan dünyaya məlumdur. Təsadüfü deyil ki, ölkə Prezidenti, cənab İlham Əliyev dəmir yumruğun gücünü və xalqın birliyini belə xarakterizə edib: - "Bu günlərdə dəfələrlə Azərbaycan xalqına müraciət edərək düşmənə yumruq göstərmişdim. Demişdim ki, bu yumruq elə belə yumruq deyil, bu, dəmir yumruqdur. Bu dəmir yumruqla düşmənin başını əzirik və əzəcəyik. Eyni zamanda, bu yumruq birliyimizin rəmzidir. Bax, bu gün Azərbaycan xalqı bir yumruq kimi birləşib. Həmişə belə olub və bu birlik əbədi olacaq. Bu birlik bizə gələcəkdə də bütün vəzifələri icra etmək üçün imkan yaradacaq!”

Ölkə Prezidenti, cənab İlham Əliyevin müvafiq Sərəncamına əsasən, Vətən müharibəsində qazanılmış Böyük Qələbənin əbədiləşdirilməsi məqsədi ilə “Zəfər Günü” təsis olunub. 44 günlük Vətən müharibəsində misilsiz qəhrəmanlıq və şücaət göstərən, torpaqlarımızı canı, qanı bahasına işğaldan azad edən şəhidlərimiz heç vaxt unudulmayacaq. Ölkə Prezidenti, cənab İlham Əliyevin şəhidlərimizin əziz xatirəsinin əbədiləşdirilməsi məqsədi ilə Bakı şəhərində “Vətən müharibəsi” memorial kompleksinin, “Zəfər” muzeyinin yaradılması haqqında Sərəncamı, həmçinin, yaralananların və şəhid ailələrinin təminatına dəstək məqsədi ilə “YAŞAT” Fondunun yaradılması barədə Fərmanı şəhidlərə, qazilərə, eləcə də, onların ailələrinə xüsusi diqqətin göstəricisidir. Sevindirici haldır ki, bu gün, artıq tarixi torpaqlarımıza Böyük Qayıdış reallaşır. Şübhəsiz ki, bu Qayıdışın da memarı ölkə Prezidenti, Ali Baş Komandan, cənab İlham Əliyevdir. İnanırıq ki, dövlət başçısının rəhbərliyi altında işğaldan azad edilmiş bütün ərazilərdə dayanıqlı və davamlı iqtisadi fəallıq, bölgələrdə sosial infrastrukturun yaradılması, sənaye və kənd təsərrüfatı müəssisələrinin, müxtəlif təyinatlı obyektlərin inşası, habelə, əhalinin mənzil-məişət məsələlərinin həlli qısa müddətdə təmin ediləcəkdir.

Bu gün, dünya azərbaycanlıları bir yumruq kimi birləşib ölkə Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı, cənab İlham Əliyevi dəstəkləyir. Ölkə başçısının cəsarətli addımlarından ruhlanan hər bir soydaşımızın, öz dövlətinin, rəhbərinin yanında olması, sözsüz ki, düşmənlərimizə həddini və yerini bilməsi üçün kifayət edir...

Sabit Mehdiyev,

 

Yeni Azərbaycan Partiyası  Beyləqan rayon təşkilatının məsləhətçisi.