H İ K M Ə T L İ   S Ö Z L Ə R

09:42 19-11-2023 77

Bağışlayan və rəhm edən Allahın adı ilə

 

Tahir Hüseyn

H İ K M Ə T L İ   S Ö Z L Ə R

 *Hər kəsdə ağıl var:

  Şeytana tabe olsa bəladır,

  Allaha tabe olsa əladır.

 

*İnsan  qəlblə danışanda göz gərəkdir,

  Dillə danışanda söz gərəkdir.

 

*Diləyimi Allahdan istədim:

  Versə də Allahımdı, verməsə də Allahımdı.

 

*Həyatda əsl dostlar var

  Onlar Allaha görə dost olarlar.

 

*Bəlalar balalardan gələrlər.

 

*Allahdan mənə  verilənin  şükrün,

  Vermədiyinin  səbrn yerinə yetirməyə kömək diləyirəm.

 

*İnsan olmağın  müddəti- olumla-ölüm  arası,

  Kimi yolda qalası-kimi sona varası.

 

*Bir “Ol”a yarandı dünya,

  Bir “Ol”a dolandı dünya.

 

*Öz-özünlə söhbət etmək, düşünmək,

  Başqası ilə qeybət etməkdən üstündüt.

 

*Özünün qədrin bilməyən,

  Başqasın qədrin heç bilməz.

 

*Söz İlahi nemətidir,

  Söz bizə əmanətdir.

 

*Mömin insan həyalı olar,

  Cahil insan riyalı olar.

 

*İnsan yaranışın unudub,

  Bu torpaq çoxların udub.

 

*Nəfsi təslim etməsək Allaha,

  Nəfs sürüklər bizi günaha.

 

*İnsana lazım olan öyüd Allah göndərən “Quran”da,

  İblisə çevriləndə üz, təsir etməz “Quran”da.

 

*Dünya möminlə zinətlənər,

  Dünya kafirlə bidətlənər.

 

*Hər biləndən bir üstün bilən var,

  Bilən özündən üstünü saymasa,

  Onun özün də bilən saymazlar.

 

*Yaxşılıqlarn mənbəyi Yaradandır,

  Pisliklərin mənbəyi Haqq yoldan azdırandır.

 

*Qəlbin gözəlliyi ölüncən,

  Qəlibin gözəlliyi oluncan.

 

*Mələkdən üstünü insana  mələk təəccüblənir,

  Şeytandan alçaq insana  mələk təəsüflənir.

 

*Ömrün əzəl vaxtı,

  Gözəl vaxtı,

  Xəzəl vaxtı var.

 

*Hikmətlə zəngin olanlar azmaz dünyada,

  Nemətlə zəngin olanlar doymaz dünyada.

 

*Yaxşılıqlar ona olunan pisliyi unudanlardır,

  Pislər ona olunan yaxşılığı unudanlardır.

 

*Bir tikə çörək verənə  min dəfə baş əyənlər,

  Ömrü boyu çörək verən Allaha baş əymədilər.

 

*Elm insanı zinətləndirər,

  Cahillik insanı zillətləndirər.

 

*”Quran” qəlblərinə enməyənlər,

  Doğru yolu  diləməyənlər.

 

*Haqqın nizamı pozulmaz,

  Haqqın nizamına tabe olmayanların nizamı pozular.

 

*Gözələ aşiq olmaq deyil hünər,

  Gözəli yaradana aşiq olmaqdı  hünər.

 

*Qəlbin  iştirak etmədiyi əməl naqisdir.

 

*Sağ ikən hörmət qazanmayana,

  Öləndən sonra rəhmət oxunmaz.

 

*İnsan ata-ananı özü seçmir,

  Ancaq dostu özü seçir.

  Çox vaxt dostlar  xasiyyətcə bir-birinə bənzəyir.

 

*Həyası olmayanın təqvası olmaz,

  Təqvası olmayanın nə qəlbinin, nə də qəlibinin  libası olmaz.

 

*Tədbir işlətmək Allahdandır,

   Hiylə işlətmək şeytandandır.

 

*Bəzi adamlar şeirin nəfəsinə yox,

  Qəfəsinə diqqət edirlər.

 

*Ariflər dünyanı duyurlar,

  Ariflər dünyaya uymurlar.

 

*Allahın dostları xalqla Xaliqə görə rəftar edirlər.

 

*Öz nəfsini danlamayanı,

  Öz nəfsini qınamayanı,

  El danlayar, el qınayar.

 

*Dinin zahirin yaşayanlar,

  Dini yaşadanlardan daha çoxdurlar və öndə görünürlər.

 

*Bəzi şairlər  yardan o qədər yazdılar  ki, ömr keçdi,

  Yaradanın  yolun azdılar.

 

*Doğru yolu diləyənin,

  Doğru dilədiyini, doğru yolun sahibi bilir.

  Və onu doğru yola yönəldir.

 

*Rəbbin diləyənə, Rəbbi kifayətdir,

  Dünyanı diləyənə, dünya ziyafətdir.

 

*Rəbbinin eşqin insan dünyaya payladı,

  Rəbbinə aşiq olmağa eşqi qalmadı.

 

*İnsanın dəyəri malı-parası ilə ölçülmür,

  İnsanın dəyəri İlahi təqvası ilə ölçülür.

 

*Özündən razı olan insan,

  Allahın narazı olduğu insandır.

 

*Nəfsini islah etməyən insanı

  Heç kim islah edə bilməz.

 

*Zikri sevməyən şükr etməz,

  Şükr etməyən nəfsin təzkiyyə etməz.

 

*İnsan libasına görə yox,

  Təqvasına görə dəyərlidir.

 

*Təvəzökarlıq maymaqlıq deyil,

  Təcəvüzkarlıq insanlıq deyil.

 

*Elm kamil insanın əlində kəramətdir,

  Cahil insanın əlində fəlakətdir.

 

*Qəlbin açarı Salamdır,

  Salam Allahdan kəlamdır.

 

*Tənəzzül edənə şivən qoparma,

  Tərəqqi edənə həsəd aparma.

 

*Kainatı , Yaradanı unudanlar,

  Dünya nemətindən doymayanlar.

 

*Haqqı tanıyanın-qəlbi sevər,

  əli verər, üzü gülər.

 (davamı var)