Elman İsrafiloğlu-Poeziya 2023

10:17 20-11-2023 69

SÖZ MƏDƏNİDİR ÜRƏK

 

İnsan bir ömür yaşar,

Hər vaxt şən ola bilməz.

Ağac sınandan sonra,

O, ta şux qala bilməz.

 

Riyakarlar həmişə,

Özündən razı qalar.

Söz aparən, gətirən,

Xəbərçi, şeytan olar.

 

Fikrin ölçüsü varmı?

Düşünürəm hər səhər.

Düşüncələrim  yaşar,

Yaşayar ömrüm qədər.

 

Söz mədənidir  ürək,

Yaxşı söz çııxarağın.

Yaxşı sözümüz ilə,

Dünyada yaşayağın.

 

Bu dünyaya gələndən ,

Qonağıyıq torpağın.

Sönməyə qoymayağın,

Dünyamızın   çırağın.

 

Kainata açılan,

Hər birimiz bir qapı.

Ozon qatı sökülüb,

Tapılmır iynə, sapı.

 

İnsanlar ömrü boyu,

Sərhədsiz məkan gəzər,

 Düşüncələr içində,

Özü-özünü əzər.

 

 

BU  GÜN  SƏNİ  DƏRDƏ  NİŞANLADILAR.

 

Sevinci, gülüşü  üzündə boğub,

Arzunu, istəyi gözündə boğub,

Yolları qəlbinin izində boğub,

Bu gün səni dərdə nişanladılar.

 

Ümidlərin sındı, yandı arzun da,

Sözlərin qırılıb qaldı ağzında.

Mesajların dondu, dondu yazında,

Bu gün səni dərdə nişanladılar.

 

Çəkilib gizlində göz yaş tökərsən,

Qəlbində özgə bir sevgi əkərsən,

Ölüncə həsrətin dadın  çəkərsən,

Bu gün səni dərdə nişanladılar.

 

Ətri də dəyişdi gülün, çəmənin,

Dəyişdi  baxışın, sözün söhbətin,

Barmağın alışıb, yanmadı sənin,

Bu gün səni dərdə nişanladılar.

 

İllərlə qəlbində yaşayasıyam,

Bu eşqi ölüncə daşıyasıyam.

Taleylə, qədərlə barışasıyam,

Bu gün səni dərdə nişanladılar.

 

Büküldü bir sevgi payız fəslinə,

Xına da  çəkildi zərif əlinə.

Ay Elman, sevgini yığıb gözünə,

Bu gün səni dərdə nişanladılar.

 

 

HAQSIZLIQ  HƏR  ŞEYDƏN  AĞIRDIR, AĞIR.

 

Dərd var batman-batman çəkər insanlar,

Dərd də var ağrıs adamı yıxar.

Haqsızlıq dərdilə insan barışmır,

Haqsızlq hər şeydən  ağırdır, ağır.

 

Adam var sanırsan sanki mələkdir,

Bir kimsənin xeyir, şərinə gəlməz.

Uzaq dur nadandan, uzaq ol hər vaxt,

Duru olmayanda su da içilməz.

 

Söz başa düşməyən nadan adamdan,

Nə qədər gen gəzsən bəla tapmazsan.

Xəlbir su saxlamaz, ha su töksən də,

Həyatda yaşamaq gəlməsin asan.

 

Zamanın atəşi yandırar səni,

İçində zamanın sapı olmasa.

Yüksələ bilməzsən bir vəzifəyə,

Üzünə açılan qapı olmasa.

 

Dünyaya paltarsız gəlir hər insan,

Paltarsız da  köçür hər kəs dünyadan.

Ay Elman, yüz ildə yaşasa nadan,

Yaxşılıq nədir, nə gözləmə ondan.  

 

 

PAYIZ  AĞLAYIRDI   YOLLARIM  ÜSTƏ

 

Quş kimi uçurdu payız əlimdən,

Zamanla qol-qola gedirdim toya.

Payız ağlayırdı  yollarım üstə,

Sənsiz bu yollarda  iz qoya-qoya.

 

Sənin gözlərinə yığılmaq üçün,

Payız öz rəngini sərmişdi yerə,

Bu əsən küləklər qolumdan tutub,

Sığınmışam sənsiz xatirələrə.

 

Bu payız ağlayır gözümdə mənim,

Axan göz yaşımı bir kimsə görmür.

Ələnir ömrümə zamanın yükü,

Bu yükü üstümdən kimsə götürmür.

 

...Bir şarkı çalınır, vaxtın şarkısı,,

Zamanın  havası ta dəbdən  düşüb.

Çalınan şarkıya  oynamaq olmur,

Zamanın havasın kimsə dəyişib.

 

Bu toy dəftərinin siyahısına,

Adımı yazıram, mən sına-sına.

Gözümdə ağlayan baxışlarına,

Xoşbəxt ol! Deyirəm, mən yana-yana

Qismətsən  mənə yox, sən başqasına.

 

 

YALANÇI  DÜZLÜYƏ EYLƏMƏZ  HƏVƏS

 

Sağalmaz  xəstəlik ,   olsa canında,

Sağalar, vaxtı var öz zamanında.

Sözünü  bilməyən nadan yanında,

Fikir ver,  hər zaman, sən öz sözünə.

 

Ləkə yapışdırma  öz vüqarına,

Həmişə  arxalan düz ilqarına.

 Xəyanət etsən də başqalarına,

Xəyanət eyləmə özün-özünə.

 

Lovğa, yekəxana, yaltaq adamlar,

Olubdur, olacaq, həmişə də var.

Özündən müşdəbeh  kəmfürsət olar,

Dar gündə namərd tək  durar üzünə.

 

Ər oğul həmişə elə, ər olar,

Qiyamətə qoymaz qisasın alar.

“Kasıblar  mərd olar”, deyib atalar,

Namərdlər düşməsin  cığır- izinə.

 

Ruhsuzda, cansızda olmaz  bil nəfəs,

Yalançı düzlüyə eyləməz  həvəs,

Ay Elman,yalandan danışsa hər kəs,

Heç zaman baxammaz Haqqın gözünə.