Seçkidə bərabər imkanlar yaradılmışdır

21:41 29-12-2023 145

    İllərin təcrübəsi göstərir ki, hər bir dövlətin mütərəqqi inkişafı müxtəlif səbəblərlə yanaşı, həm də, demokratik seçkilərdən asılıdır. Seçkilər idarəetmənin mərkəzi institutu, insanların cəmiyyətin siyasi-ictimai həyatında iştirakının ən kütləvi formasıdır. Xalq dövlətin idarə edilməsində iştirak hüquqlarını əsas etibarilə seçkilər vasitəsilə reallaşdırır və bu zaman hakimiyyət də idarəedilənlərin razılığı ilə legitimliyini təmin edir. Bu razılığı hökumətin səlahiyyətinə çevirən ən başlıca mexanizm isə, ilk növbədə, azad, ədalətli və obyektiv seçkilərin təşkilidir. Demokratik seçkilərin əsas şərti hesabat vermək məsuliyyətindən əlavə, həm də, aşkarlıq, şəffaflıq, obyektivlikdir. Seçkilərin bu meyarlar əsasında keçirilməsi siyasi mədəniyyətin, hüquq düşüncəsi və mədəniyyətinin formalaşması, xalqın ümumi iradəsinin milli maraqlar ətrafında birləşdirilməsi kimi çox mühüm amillərə meydan açır. Azərbaycan xalqı da ötən əsrin sonlarına doğru dövlət müstəqilliyinə qovuşduqdan sonra hüquqi, demokratik, dünyəvi inkişaf kursunu seçmiş, dünyanın sivil toplumu olaraq güvəndiyi, öz taleyini etibar etdiyi legitim siyasi hakimiyyəti məhz demokratik, azad, şəffaf seçkilər yolu ilə-müstəqil, azad iradə əsasında seçmək əzmini nümayiş etdirmişdir. Demokratik seçkilər hüquqi dövlət quruculuğunun əsas göstəricilərindən biridir. Beynəlxalq ekspertlərin birmənalı rəyinə əsasən, Azərbaycan Respublikasında Seçki Məcəlləsi seçkilər sahəsində bütün qanunvericilik normalarını özündə əks etdirmiş, Avropa standartlarına uyğun tərtib olunmuşdur. Sənəd ölkədə prezident, parlament və bələdiyyə seçkilərinin, həmçinin, referendumun keçirilmə qaydalarını müəyyənləşdirmişdir. Seçki Məcəlləsi eyni zamanda Mərkəzi Seçki Komissiyasının, eləcə də, dairə və məntəqə seçki komissiyalarının təsisi, fəaliyyəti prinsiplərini də özündə əks etdirmişdir. Seçki Məcəlləsi şəffaf, demokratik seçkilərin keçirilməsi üçün daha möhkəm hüquqi bazisin yaradılması, namizədlərin qeydiyyatı, seçkilərə hazırlıq və seçki komissiyalarının formalaşdırılması, fəaliyyətinin təşkili prinsiplərinin, mexanizmlərinin təkmilləşdirilməsinə imkan yaratmışdır. 1993-cü ildən indiyədək keçirilən bütün seçkilərə, referendumlara, həmçinin, ayrı-ayrı vaxtlarda parlamentə, bələdiyyələrə təyin olunmuş əlavə və təkrar seçkilərə dair beynəlxalq təşkilatların verdikləri müqayisəli rəylər onu təsdiq edir ki, Azərbaycanda seçkilərdən-seçkilərə seçki praktikası, mədəniyyəti daha da yüksəlmişdir. Təbii ki, bütün bunların kökündə Azərbaycan hakimiyyətinin ölkədə demokraktik dəyərlərin möhkəmlənməsi ilə bağlı qətiyyətli və ardıcıl mövqeyi dayanır. Beynəlxalq miqyasda respublikamızın demokratik imicinin daha da yüksəlməsinə nail olan ölkə Prezidenti, cənab İlham Əliyev də seçki sisteminin daha da təkmilləşməsini, hər bir seçkinin ədalətli və şəffaf keçirilməsini diqqət mərkəzində saxlayır. Məhz cənab İlham Əliyevin ölkəmizə rəhbərlik etməsindən sonra seçki sisteminin təkmilləşdirilməsi istiqamətində görülən işlər bunun əyani təsdiqidir.

      Azərbaycanda seçkilərin keçirilməsində artıq böyük təcrübə var və biz ən qabaqcıl təcrübəni öyrənirik, Azərbaycanda tətbiq edirik. Bütün işlər beynəlxalq standartlara uyğun şəkildə qurulubdur. Azərbaycanda seçkilərin keçirilməsi prosesi ildən-ilə daha da təkmilləşir, şəffaflıq tam şəkildə təmin edilir və insanlar azad, sərbəst şəkildə öz iradələrini ifadə edirlər. Seçicilərlə maarifləndirmə işlərinin aparılması, seçki hüquqları ilə bağlı çoxsaylı sənəd nümunələrinin hazırlanması, seçici siyahılarının dəqiqləşdirilməsi ilə əlaqədar yeni üsulların tətbiq edilməsi də ölkəmizdə seçki sisteminin təkmilləşdirilməsi ilə bağlı həyata keçirilən tədbirlərdəndir. Azərbaycanın inkişaf edən seçki sistemində demokratik ab-havanın, şəffaflığın təmin edilməsi üçün müasir informasiya texnologiyaları da tətbiq olunur. Belə ki, regionda ilk dəfə, məhz Azərbaycanda seçkinin gedişatının internet vasitəsilə birbaşa izlənilməsi sistemi yaradılmışdır. Azərbaycan hakimiyyətinin aşkarlığın daha çox təmin edilməsi üçün bütün təşəbbüslərə, yeniliklərə yüksək həssaslıq nümayiş etdirməsi bütün dünyada təqdir olunur. Seçki sisteminin təkmilləşdirilməsi ilə bağlı həyata keçirilən tədbirlər, o cümlədən qanunvericiliyin təkmilləşdirilməsi Azərbaycanda formalaşdırılan demokratik seçki mühitinin daha da möhkəmləndirilməsinə xidmət edir. Bu, həm də, onun təsdiqidir ki, Azərbaycanda seçkilərin azad və ədalətli keçirilməsi üçün ölkə rəhbərliyinin güclü siyasi iradəsi var. Seçkilərdə demokratiyanın təmin olunması respublikamızın beynəlxalq aləmdə nüfuzunun artmasına, həmçinin, yerinin möhkəmlənməsinə təsir göstərən əsas amillərdən biridir.

 Sabit Mehdiyev,

 Yeni Azərbaycan Partiyası Beyləqan rayon təşkilatının məsləhətçisi.