“ ŞƏHİD  QARDAŞLARIMIN QİSASINI MƏN ÖZÜM ALACAĞAM”

15:50 12-05-2024 210

   Hüseynov Cavid  Əlfət oğlu 18 iyun 1974-cü il  tarixdə  Sumqayıt şəhərində anadan olub.

   Sumqayıt şəhər 30 nömrəli tam orta məktəbin  səkkizinci sinfini bitirib. Sonra sənədlərini  peşə liseyinə verib. Dərzilik  ixtisası üzrə  təhsil alıb. 18 yaşı tamam olmamış  evlərinə məktub yazıb , bu məktubu dostuna verib. Deyib ki, bu məktubu bizə verərsən.  Məndən  nigaran olmayın. Dayımgilə gedirəm.

     Xüsusi maşınlarının  təkərini satıb, özünə hərbi forma alıb. Sumqayıt şəhər Hərbi Komissarlığa  gedib. Könüllü olaraq  döyüşə getmək istədiyini deyib.

     Yaşı çatmadığı üçün  icazə verməyiblər.

     Buna baxmayaraq Cavidin  ürəyində  düşmənə qarşı nifrət daha da alovlanıb.  O, döyüşmək  üçün  geyindiyi hərbi forma ilə  Ağdama  gedib.

     Cavidin döyüş yolu Ağdamdan başlamışdır. Ağdamda Qarabağ şahinləri  dəstəsində döyüşüb. Burada  bir neçə  hərbi əməliyyatın keçirilməsində  iştirak  etmişdir. Döyüş yoldaşlarının dediyinə görə  dörd  düşmən tankını sıradan  çıxarıb, xeyli erməni cəlladlarını məhv etmişdir.

    Cavid Hüseynov növbəti  döyüşlərin birində döyüşçü yoldaşlarına demişdi:

-Arxaya yol yoxdur, geridə torpaqlarımızdı! Döyüşlərdə nahaq tökülən qanlarımızın, şəhid  qardaşlarımın qisasını mən özüm alacağam!

     O,  dediyini  də həyata keçirdi. Ağdamın yaşayış məntəqələrinin  müdafiəsində  əsl qəhrəmanlıq nümunəsi göstərmiş, düşmənin  xeyli canlı qüvvəsini və hərbi texnikasını məhv etmişdi.

    Cavid Əlfət oğlu Hüseynov 1992-ci ilin may ayının 8-də  Ağdam uğurunda gedən qanlı döyüşlərin birində ağır yaralanmış, şəhidlik zirvəsinə ucalmışdır. Hüseynov Cavid Əlfət oğlu 12 may 1992-ci il tarixdə  Sumqayıt şəhərində Şəhidlər xiyabanında  dəfn edilmişdir. Subay idi.

  Cavid və Qarabağ dyüşlərində şəhid olan igidlərimizin qisası 44 gün davam edən Vətən müharibəsində alındı.Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin “İrəli” əmri ilə  müzəffər ordumuz  mənfur düşmənləri məhv edərək  ata-baba torpaqlarımızı azad etdi. Xalqımıza  qələbə sevinci yaşatdılar. 

Tahir Hüseyn,

Şair-publisist.