Mən rəssam olsaydım

Möhübbət Həsənov

16:09 16-05-2024 72

VƏTƏN SEVGİSİNƏ ALIŞAN ÜRƏK

     Dəyərli ağsaqqal ziyalımız Möhübbət Həsənovla məni həkim-şair dostum Musa Təbib Hamamlı tanış etdi. Bakı Dövlət Universitetinə birlikdə gəlmişdilər.“Ara-sıra şeirlər,publisistik məqalələr yazır. Qəzetlərdə çap olunur”, - dedi.

    Qısa görüşümüz əsnasında səmimi ünsiyyət yarandı aramızda... Olanlardan-keçənlərdən danışdıq... Söhbətimizin sonunda içərisində bir dəstə yazı olan qovluğu mənə təqdim etdilər. Oxuyub rəyimi bildirəcəyimə vəd verdim...

    İş elə alındı ki, aradan xeyli vaxt keçdi, bizdən asılı olmayan səbəblər üzündən rəyim gecikdi. Amma “Hər yubanmanın bir xeyri də olur” deyimi bu dəfə də özünü doğrultdu. Günlərin-ayların bir-birini qovduğu ötən çağlarda Möhübbət Həsənovla köhnə dostlar kimi dönə-dönə telefonda aramıza körpü saldıq. Bu ilıq söhbətlərimiz zamanı onun iç dünyasına, mübarizələrlə dolu, keşməkeşli həyat yoluna daha yaxından bələd oldum. Qələmə aldığı şeirlərinin, nəsr əsərlərinin mayasının hardan su içdiyini dərindən duya bildim...

     İxtisasca iqtisadçı olan Möhübbət Həsənovun asudə vaxtlarında şeir yazmaq istəyi daxili tələbatdan doğur. Onun fikrincə, “Şeir insanın yaşadığı müəyyən bir anın fəlsəfi poetik ifadəsidir”.Elə bu da onun etirafıdır: “Bu hissləri keçirdiyim vaxtlarda özümü gündəlik iş qayğılarından təcrid edərək çox gözəl istirahət edə bilirəm. Əlbəttə, özümə şair deməyə haqqım yoxdur və bu fikirdən çox uzağam. Lakin bir həvəskar kimi şeir yazmaq istəyi məndə mənəvi saflığa, xeyirxahlığa, cəmiyyət qarşısında artan məsuliyyətə doğru          aparır”.

Möhübbət Həsənov səmimiyyətlə yazır:

Şeir yazdığımı heç kəsə demə,

 Şimşək tək səmada çaxacağam mən.

    Möhübbət Həsənovun qələmindən kağıza süzülən, çap olunan və ya hələlik gün üzü görməyən ədəbi yazılarını oxuduqca bu fikri bir daha təsdiqləyirsən ki, sözə könül verən ruh adamları yazdıqları poetik nümunələri, mənsur örnəkləri ilə bir növ özləri ilə dünya arasında ahəngdarlıq yaratmağa, heç kəsə deyə bilmədiklərini qələmlə kağıza söyləməyə çalışırlar. Bu “sirli-sehirli söyləmələr”də müəllifin hissləri, duyğuları, təlatümləri, arzuları, istəkləri, bir sözlə, özünün həyatı, yaşayışı, taleyi, aləmə baxışları müəyyən qədər əks olunur.

  “Özümə şair deməyə haqqım yoxdur” təvazökarlığına güvənən, yazdıqlarını doğma sandığı oxucularına “həvəskar kimi” təqdim edən Möhübbət Həsənovun yaradıcılığında Vətənə sevgi, yurda məhəbbət, el-obaya vurğunluq kimi ali hisslər qızıl xətlə keçir. Onun “Azərbaycan”, “Ancaq irəli”, “Hazıram, Komandan”, “Xoşbəxt idim” kimi şeirlərində bu yüksək amallar, mənəvi dəyərlər aydın şəkildə görünür:

Cıdır düzü həsrətlə yol gözləyir,

Ər igidlər, Vətən sizi səsləyir,

 Düşmən qorxusundan əsir, titrəyir,

 İlhamla irəli, əsgər, irəli!

Yenilməz ordumuz, ancaq irəli!

     Şair xalqımızın tarixinə, uluların ruhuna, müqəddəs oca ğa, halal çörəyə bağlı insandır. Bu vətəndaş yanğısı, oğul sədaqəti, yurddaş təəssübkeşliyi onun qələmindən süzülən misraların məna yükünə çevrilir. Ona görə də Azərbaycan ovqatlı, Azərbaycan təravətli, Azərbaycan hərarətli misraları mübariz ruhdadır, döyüş cəngindədir, haray üstündədir:

Qollarında qüvvət olsa,

Dizlərində taqət olsa,

 Ürəyində təpər olsa,

 Xislətində qeyrət olsa,

 Döyüşməyə cürət olsa,

 Sən qalibsən bu davada,

Ermənini qala oda!

    Mənfur düşmənə nifrət aşılayan, işğalçı ermənilərin murdar xislətini tar-mar edən bu şeirlər yolumuzu gözləyən Qarabağımızın azad olunacağı, üçrəngli bayrağımızın Şuşada dalğalanacağı, yağı tapdağında qalan yurdlarımızda toy-bayram tonqalları qalanacağı günün uzaqda olmadığı müjdəsini verir:

Şuşanı azad görmək istərəm,

Qoynuna vuruşla getmək istərəm.

 Namusu, qeyrəti itirməkdənsə,

 Uğrunda döyüşdə ölmək istərəm.

   İncə qəlbli, kövrək duyğulu şairin müxtəlif mövzulara həsr edilmiş şeirləri oxunaqlıdır, təsirlidir, düşündürücüdür. Bu dörd misrada ifadə edilmiş ağrı-acıya diqqət yetirin:

Yumaq kimi bükülmüşdü,

 Gözlər yola dikilmişdi,

Əsirlikdə “Qızıl qaya”

 Bir xeyli də kiçilmişdi.

   Möhübbət Həsənovun yaşadığımız reallıqla bağlı olan şeirləri insanın həyatdakı mövqeyini, öz haqqı uğrunda mübarizəsini, dünyaya bağlılığını, torpağa sevgisini söz-söz, misra-misra təcəssüm etdirir. Bu ovqata köklənən, bu havaya qol götürən oxucunun ürəyində nisgilli xatirələrin, ümidli arzuların yeri göynəyir.

  Möhübbət Həsənovun “Yuxuda elə xoşbəxt idim” silsiləsindən üzvi şəkildə bir-birinə bağlı olan iki hissəli orijinal bir şeiri var. Bu təsirli şeiri həyəcansız oxumaq olmur:

Yuxuda elə xoşbəxt idim,

Kəndimizə qayıtmışdım.

 Atam bağı suvarırdı,

 Anam ocaq qalayırdı,

 

  Sac kətəni “bişirirdi”,

Qoyun-quzu mələşirdi,

Gör nə sayaq iyləşirdi.

 Qızlar bulağa yenirdi.

Yuxuda elə xoşbəxt idim,

Kəndimizə qayıtmışdım.

    Şeirin ifadə forması, bədii obrazların yeniliyi oxucunu özünə cəlb edə bilir. Şair şeirin texnikasından məharətlə istifadə edərək, xəyalında canlanan ağrılı-acılı xatırlamaların inikisı ilə onu bir vətəndaş kimi narahat edən fikirlərini özünəməxsus şəkildə çatdırmağı bacarır:

Əvəz Fərəməzlə ağac əkirdi,

 Nicat Rəşadla çəpər çəkirdi.

 Qonşu qızı ipə paltar sərirdi.

Yuxuda elə xoşbəxt idim,

Kəndimizə qayıtmışdım.

   Müəllif burada gerçəkliklərin, həyatda görünənlərin, əslində olanların əksini poetik dillə ifadə edərək, hisslərini, duyğularını, arzularını, istəklərini bu üsulla oxucusuna ismarlayır. Başqa sözlə, qəddar erməni əsirliyində haray çəkən, doğmalarının yolunu gözləyən, yaddaşını qanadan dağları, bağları, çayları, çölləri, bir sözlə, gözü yollarda qalan ağlar yurd yerlərini insan kimi görür, insan kimi dilləndirir, insan kimi danışdırır:

“Yelli gədik” yas bağlayıb ağlamırdı,

 “Məngələn ata” qəzəbindən çatlamırdı.

 “Quru çayım” göz yaşların axıtmırdı,

“Çərəkən çay” üzü yuxarı axmayırdı,

Yastanada “dığa”, “ağçi” ağnamırdı.

Yuxuda elə xoşbəxt idim,

 Kəndimizə qayıtmışdım...

   Diqqət yetirdinizsə, bu parçada türk düşüncəsinin, türk ənənələrinin, türk məişətinin minillərə söykənən mədəni irsi, təsərrüfat həyatı, yaşam amalı çox ustalıqla sıralanıb.

Burada onu da önə çəkək ki, şair Möhübbət Həsənovun yaradıcılığında bu cür məqamlar saysız-hesabsızdır. Bu, bir cəhətdən onun zəngin folklorumuza-xalq sənətinə, aşıq ədəbiyyatına, klassik irsimizə dərindən bələd olması, millətimizin tarixini yaxşı bilməsi, o biri cəhətdən, çağdaş ədəbi prosesi yaxından izləməsi ilə izah oluna bilər.

    Şair bəzən öz şeirlərində dahi Nizami Gəncəvinin, o taylı-bu taylı Vətənimizin ustad sənətkarlarından Səməd Vurğunun və Məhəmmədhüseyn Şəhriyarın məşhur əsərlərinin motivləri ilə səsləşən mövzulara könül verəndə də, yeniliyə, orijinallığa can atır, onların poetik ideyalarına sadiqlik nümayiş etdirməklə yanaşı, özünəxas təzə söz çələngi toxumağa, təzətər ifadələr yaratmağa səy göstərir.

Şeirin ikinci hissəsi də bu üsulla davam edir, oxucunu öz sehrinə alıb uzaqlara aparır, tariximizi vərəqləyir, böyüklüyümüzü yada salır, şirin yuxularımızn bir gün çin olacağına inam   yaradır:

Dünyamız doğrudan çox gözəl dünya idi,

 Dərbənd elim bizdən uzaq düşməmişdi.

 Vətənimi Araz ikiyə bölməmişdi,

Borçalıda Kamandarlar yetişirdi.

Kərküklülər gözdən İraq düşməmişdi...

  Əminliklə demək olar ki, “Yuxuda elə xoşbəxt idim” şeiri öz sanbalına, ifadə tərzinə, vətənpərvərlik yükünə görə Möhübbət Həsənovun ədəbi yaradıcılığının zirvəsində dayanmağa  layiqdir.

   Möhübbət Həsənovun bir çox şeirlərinin məğzində elmi biliklərdən çıxan nəticələr dayanır. Bu cəhət onun dünya, kainat, təbiət, cəmiyyət, bəşəriyyət haqqında dünya görüşünün zənginliyindən, lazımi elmi biliklərə yiyələnməsindən, bir çox qanunauyğunluqları hərtərəfli mənimsəməsindən irəli gəlir:

Həyat onu sevənlərə sadiqdir,

Çoşğun çaylar dənizlərə aşiqdir,

Gör bir Günəş nə qədər peykə malikdir,

 Arzu dolu bir həyatdır bu dünya,

Bizli-bizsiz davamlıdır bu dünya...

Şairin özü həyatda mübariz olduğu kimi oxucusunu da zamanın axarına kor-koranə uymamağa, öz amalı naminə ali məqsədə doğru inmala, inadla irəliləməyə səsləyir:

Fəqir olma, qağa, fəqir olsan batdın,

Batdın dəryada batan köhnə qayıq kimi.

İtdin yəhərsiz, yüyənsiz bir at kimi,

 Öldün qocalar evində kimsəsizlər kimi.

   İnsanı saflaşdıran, durulaşdıran, onu mənən ucaldan saf eşq, təmiz sevgi duyğularının tərənnümünə həsr olunmuş şeirlərində Möhübbət Həsənov oxucusuna ən ali hisslər aşılamağa çalışır. Bu poetik əsərlərdə o, dünyanı yaşadan ülvi məhəbbəti mənəvi varlığın ümdə göstəricisi, səadətinin əlifbası, kainatın əbədiliyi kimi ifadə edir:

 

Nə yaxşı ki, sən varsan,

 Yoxsa Günəş doğmazdı.

O yorulub yatanda,

Ay da işıq saçmazdı.

Başqa bir nümunəyə diqqət yetirin:

Günəş zirvələrdən aşdığı kimi,

 Dalğa sahilinə qaçdığı kimi,

 Quşlar yuvasına uçduğu kimi,

 Mən sənin yanında olmaq istərəm.

    Möhübbət Həsənovun əzizlərinə, döğmalarına, dostlarına ithaf etdiyi şeirləri də var. Bu mənzum əsərlər həsr olunduğu insanlara rəğbət, qayğı ovqatı ilə bəzənib. Şair onlara poeziyanın şirin dili ilə gözəl hisslər aşılayır, könüllərinə fərəh bəxş  edir, yaşayıb-yaratmağa səsləyir:

Evimizin yaraşığı,

 Ailəmizin sübh işığı.

 Arzuların göy qurşağı

 Bir göyçək var, adı Lalə.

   Möhübbət Həsənovun yaradıcılığında satirik xarakterli şeirlərə də rast gəlmək olur. Mənəvi saflığı, əqidə bütövlüyünü, ülvi dəyərləri hər şeydən uca tutan şair insan adını daşıyan, fəqət insanlıqdan uzaq olan buqələmunların iç üzünü açmaqdan, xəbisliklərini ifşa etməkdən, yamanlıqlarını qamçılamaqdan çəkinmir:

İnsanı içindən qurd kimi yeyər,

 Bədxassəli bir yaradır paxıllıq.

İnsanı insanlıqdan edər

Bu dünyanı gor əzabı paxıllıq.

   Yaxud hər yerdə özünü yerli-yersiz gözə soxmağa çalışan, boyundan uzağa atdanmaq üçün dəridən-qabıqdan çıxan, di gəl ki, mənəviyyatslığı ilə xalqın gözündən düşən yalançı dil pəhləvanlarına, özündənbəy məxluqlara, varlığı bir qara qəpiyə dəyməyən dələduzlara həsr etdiyi tikanlı şeiri bu cəhətdən daha xarakterikdir, daha həyatidir:

   Onda bu ölkəni söküb-tökəcəm,

 Şeytanı da tora salıb güləcəm,

 Lazım gəlsə yalandan lap öləcəm,

Köç geri qayıtsa ollam birinci.

Yıxılana balta vurmaq peşəsi,

 Bu millətin silinməli ləkəsi,

Qoy işləsin dayanmadan çənəsi,

Sür-sümük yeməkdə olsun birinci.

Yaxşı şeyi onun gözü götürməz,

 “Yumruqla vurmaqla qum ki, əzilməz”

, O bilmir axı polad sınar, əyilməz,

Gah nala, gah mıxa vurmaqda birinci.

 

   Bu məqamda bir xatirə düşür yadıma. Bir dəfə xalq şairi Vahid Əzizlə təsadüfi görüş zamanı dostlarından biri ona Mö- hübbət Həsənovun yaxşı şeirlər müəllifi olduğunu söyləyir. Bu sözləri maraqla dinləyən şair ondan bir-iki şeir oxumasını xa- hiş edir. Möhübbət Həsənov yaddaş saxlancından öz şeirlərini oxumağa başlayır Birinci şeiri diqqətlə dinləyən şair ikincisini də eşitmək istəyir.

Gül bağçasında bir yaz səhəri,

 Bülbül gülə eşq elan edirdi.

Gül isə öz məftunluğunu

Ətir saçması ilə izhar edirdi.

    Şeir bitən kimi Vahid Əziz üzünü Möhübbət Həsənova tutub: “Sən şeirə kəşflər gətirirsən” - deyir.

    Xalq şairinin bu dəyəri Möhübbət Həsənovun poeziyaya məsuliyyətini artıqmaqla yanaşı, həm də ona mənəvi güc verir. Möhübbət Həsənovun yaradıcılığının bir qismini publisistika nümunələri təşkil edir. Bu yazılar təkcə ağrılı-acılı, kədərli-sevincli ömür yolu keçmiş ağsaqqalın tərcümeyi-halının ayrı-ayrı məqamlarına işıq salmır, həm də çağdaş gəncliyin mənəvi tərbiyəsinə müsbət təsir göstərir, onlara Vətən sevgisi, fiziki dözümlük, mübarizlik, dönməzlik hissləri aşılayır.

   Xatırlatmağı lazım bilirəm ki, “Abşeron”, “Qurtuluş”, “Qərb bölgəsi” kimi bir çox qəzetlər Möhübbət Həsənovun şeirlərinə və publisistik yazılarına zaman-zaman yer ayırmış, onun yaradıcılıq örnəklərinin bir qismini oxuculara çatdırmaqla xeyirxah iş görmüşdür.

   Elə buradaca vurğulayım ki, Möhübbət Həsənov cavanlıqda peşəkar idmanla məşğul olub, Yunan-Roma güləşi üzrə I dərəcəli idmançı adını qazanıb. Bu baxımdan onun səriştəli idman ustası kimi publisistik məqalələrində verdiyi tövsiyələr gənc idmançılarımız üçün faydalı ola bilər.

   Möhübbət Həsənov çox maraqlı söhbətdaşdır. Şahidi ol- duğu, görüb-götürdüyü əhvalatları o qədər səlis, aydın nitqlə çatdırır ki, dinləyicisi yorulmur. Bu onun daxili zənginliyindən, söylədiyi sözə cavabdehliyindən qaynaqlanan xüsusiyyətdir.

   Bu məqamda haqlı bir sual yaranır: Möhübbət Həsənova məxsus olan mərdlik, dönməzlik, mübarizlik, düzgünlük, sözü- bütövlük kimi dəyərlərin özülündə nə dayınır? Cavab aydındır:

   Möhübbət Həsənov sayılıb-seçilən bir soy-kökün nümayəndəsidir. Onun əsli-nəsli Qarabağ bölgəsində çox yaxşı tanınır, ehtiramla xatırlanır. El arasında “Mamed kişi” kimi tanınan atası Məhəmmədəli (Məhəmməd) Əvəz oğlu Həsənov dövlət adamı olub. Hərbi kəşfiyyat sahəsində mühüm xidmətlər göstərib, böyük rəğbət qazanıb. El-obada xüsusi nüfuzu olub. Deməli, babalarımız gözəl deyib: “Ot kökü üstündə bitər!”

   Şeir yazmağı “Böyük məhəbbətin nişanəsi” adlandıran ağsaqqal ziyalımız, şair dostumuz Möhübbət Həsənovun “Mən rəssam olsaydım” adlı bu ilk bədii kitabına “Mübarək olsun!” deyir, ona möhkəm cansağlığı, həyatda mübarizliyini və mərd liyini hər zaman qorumağı arzulayırıq!

Yaxın dostlarından biri demişkən:

Vüqarın əyilməz, kəlmən kəsilməz,

Tanıyanlara bir örnəksən, Möhübbət dayı!..

Knyaz Aslan,

Azərbaycan Yazıçılar Birliyinin üzvü, pedaqogika üzrə fəlsəfə doktoru, “Qızıl Qələm” mükafatı laureatı.