ATƏT sədri girovların mübadiləsindən danışdı

23:18 28-06-2019 1180

ATƏT-in fəaliyyətdə olan sədri, Slovakiyanın Xarici İşlər naziri Miroslav Layçak Dağlıq Qarabağ münaqişəsinin həllinə dair humanitar məsələlərdəki irəliləyişləri yüksək qiymətləndirib. 

ATƏT-in saytında yer alan xəbərə görə, Layçak fikirlərini Minsk qrupunun Rusiya və ABŞ-dan olan həmsədrləri İqor Popov və Endryu Şofer ilə görüşündə səsləndirib. Onlar görüşdə həm də fransalı həmsədr Stefan Viskonti və fəaliyyətdə olan sədrin şəxsi nümayəndəsi Anjey Kasprşikin adından çıxış ediblər. 

Diplomat həmsədrlərin məsləhətləşmələrinin nəticələrini, eləcə də, Minsk qrupunun vasitəçiliyi ilə aprelin 15-də Moskvada və iyunun 20-də Vaşinqtonda Azərbaycan Xarici İşlər naziri Elmar Məmmədyarov və Ermənistan XİN başçısı Zöhrab Mnatsakanyan arasında keçirilən görüşləri yüksək qiymətləndirib. 

Layçak bu gün Bakı və Yerevanın razılığı ilə baş tutan girovların mübadiləsindən də danışıb:

“Biz bu humanitar jesti alqışlayırıq. Bu, dialoqun münaqişədən əziyyət çəkən insanlara necə müsbət təsir edə biləcəyini göstərir”.