Ziyarətgahlara aparacağını vəd edərək 31 nəfəri aldatdı - FOTO

16:54 10-10-2019 452

Özünü dindar şəxslərə Ramil, Amil və Kamran kimi tanıdaraq onları İraq və İran İslam Respublikasında yerləşən ziyarətgahlara aparacağını söz verərək onlardan müxtəlif məbləğlərdə pul alan dələduz saxlanıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, əvvəllər məhkum olunmuş paytaxt sakini Xəyal İsmayılov artıq tutulub. 

Şikayətçilər bildirir ki, ziyarətgahlar üçün pul ödəsələr də, ziyarət zamanı gəldikdə zəvvarlar X.İsmayılovla əlaqə saxlaya bilməyib.

Araşdırma zamanı müəyyən edilib ki, həmin şəxs oxşar əməllərini təkcə Yasamal rayonu ərazisində deyil, paytaxtın digər rayonlarında da həyata keçirib. 

Qeyd edək ki, hələlik 31 nəfər zərərçəkən saxlanılan şəxsin qanunsuz əməllərindən polis orqanlarına şikayət edib.

Artıq X.İsmayılov barəsində toplanmış materiallara hüquqi qiymət verilməsi üçün Yasamal Rayon Polis İdarəsinin İstintaq Şöbəsinə təqdim edilib. Bu şəxsin dələduzluq əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa, onlardan aidiyyəti üzrə Yasamal Rayon Polis İdarəsinə müraciət etmələri xahiş olunur.