Dəri haqqında yayılmış 10 mif

16:00 11-10-2019 501

Dəri haqqında hər şeyi bildiyinizi düşünürsünüzsə, o zaman hər kəs tərəfindən qəbul olunmuş “sağlam və təmiz dəri” anlayışının həqiqətə uyğun olmaması sizi təəccübləndirəcək. 

Belə ki, bu gün Harvard Tibb Məktəbinin məqaləsinə istinadən hər kəs tərəfindən qəbul olunmuş dəri haqqında 10 mifdən danışacağıq. 

1. Doğru seçilmiş dəri kremi dərinizi cavan saxlaya bilər.

Əslində, daha cavan görünmək və ya yaşlanma prosesini yavaşlatmağa kömək edəcək yüzlərlə dəriyə qulluq prosedurları var. Qırışları azaltmaq üçün ən yaxşı vasitə retin turşusudur (Retin-A). Tam olaraq hansında olduğunu demək çətindir, amma bir çox reseptsiz satılan məhsulların tərkibində sözügedən turşu var. Ümumilikdə isə günəş kremləri və siqaret çəkməmək qırışlara qarşı ən yaxşı vasitə hesab olunur.

2. Antibakterial sabun dərini təmiz saxlamaq üçün ən yaxşı vasitədir.

Dəridə, adətən, bakteriyalar olur və dərini bakteriyalardan tamamilə təmizləmək mümkün deyil. Hətta bir çox mütəxəssis antibakterial sabunların istifadəsinin antibiotikədavamlı bakteriyaların yaranmasına səbəb ola biləcəyindən narahatdır.

Odur ki, gündəlik istifadə üçün antibakterial sabundan istifadə etmək lazım deyil. Bunun üçün adi sabun da kifayətdir. Mütəmadi olaraq adi sabunla (antibakterial olmayan) əllərinizi yumaq bakteriyaların inkişafına mane olacaq.

3. Şokolad və ya yağlı yemək sızanağa səbəb olur.

Həqiqət budur ki, əslində, sızanaqlar dəridə olan və sebum adlanan yağlı maddədən qaynaqlanır. Bu maddə dəri tərəfindən ifraz olunur. Yəni hər hansı bir qidanın dəridə səpkilərə səbəb olması ilə bağlı heç bir sübut yoxdur. 

4. Qaralmanın zərərləri.

Deyilənə görə, günəşdə və ya solaridə xüsusilə günəş kremlərindən istifadə etmədən çox vaxt keçirmək, qaralmaq dəri xərçəngi riskini artıra bilər. Daha doğrusu, dəri xərçəngi riski günəş şüaları altında ümumi qalma müddəti və qaralmanın miqdarı ilə ölçülür. Həddindən artıq qaralma dəriyə zərər verir, qırışların vaxtından əvvəl  yaranmasına səbəb olur.

Ancaq əslində, günəş vannası qəbul edərək dəri rənginin qaralmasına nail olmaq təhlükəli deyil. Xüsusilə ehtiyat tədbirləri görsəniz, (buraya günəşdən qoruyucu SPF 30 kremindən istifadə (zəruri hallarda kremi təzələmək) və günəşin ən qızmar vaxtında (10:00-dan 14:00-a qədər) evdə olmaq daxildir) həm istədiyiniz kimi sağlam rəng tonuna sahib olacaqsınız, həm də xərçəng riskindən uzaq duracaqsınız. 

5. Qaralma sizin üçün faydalıdır.

İnsanların sağlamlığı əksər hallarda onun sağlam qara rəng tonu ilə əlaqələndirilir. Amma doğrusu, dəri rənginin tonu qara olan insanların rəng tonu ağ olanlardan daha sağlam olması ilə bağlı heç bir dəlil yoxudr. Bununla yanaşı, günəş şüalarının insan sağlamlığı üçün faydası böyükdür.

Belə ki, günəş şüası dəridə D vitamininin sintezini aktivləşdirir. D vitamini sümükləri möhkəm saxlamağa, xərçəngin bəzi növlərindən qorunmağa və immunitet sistemini gücləndirməyə kömək edir. Qeyd etmək lazımdır ki, günəş şüası qəbul etməsəniz, (qida rasionunuzda nə qədər D vitamini almağınızdan asılı olaraq), D vitamini çatışmazlığından əziyyət çəkə bilərsiniz.

6. Günəş kremlərinizin tərkibində SPF səviyyəsi nə qədər yüksəkdirsə, bir o qədər yaxşıdır.

Belə bir düşüncə var ki, yüksək səviyyəli SPF tərkibli kremdən tez-tez istifadə etmək tərkibində az miqdarda SPF olan kremdən istifadə etməklə müqayisədə əlavə üstünlüklərə malikdir. Mütəxəssislər xüsusən pik saatlarda (10:00-dan 14:00-a qədər) günəşdə iki-üç saatdan çox qalacaq şəxslərin minimum 30 SPF tərkibli günəş əleyhinə qoruyucu vasitələrdən istifadə etməsini məsləhət görür.

7. Əhəmiyyətli dərəcədə nəzərə çarpan çapıqlar cərrahın bacarığıdır.

Çox vaxt cərrahın həqiqi bacarığını əməliyyat zamanı kəsikləri necə aparması, tikməsi və əməliyyat sonrasında qalan çapıqların izi ilə müəyyən edirlər. Amma bacarıqlı cərrahlar, adətən, xüsusən üzdəki (nazik tikiş atmaq və ya tikiş atmaqdan ümumiyyətlə qaçmaq), bədənin hər hansı digər hissəsindəki kəsiklərdə yara izi saxlamamağa xüsusi diqqət yetirirlər.

8. E vitamini yara izlərini solğunlaşdırır.

Bu iddianı sübut edən dəlil azdır. Əgər çapıq izləri ilə bağlı narahatlığınız varsa, cərrah və ya dermatoloqlara müraciət edin. Lazer müalicəsi də daxil olmaqla, çapıqları silmək üçün bir çox variant var.

9. Ayaqları çarpazlaşdırmaq varikoz damarlarının yaranmasına səbəb olur.

Varikoz damarların yaranmasına bir çox faktorlar səbəb olsa da, ayaqları çarpazlaşdırmaq bura aid deyil. Burada irsiyyət ən önəmli səbəblərdən biridir. Varikozdan əziyyət çəkən insanların 80 faizinin ailəsində eyni xəstəlik olur.

Varikoz damarlarının yaranmasına səbəb olan digər amillər siqaret, oturaq həyat tərzi, yüksək təzyiq, hamiləlik, piylənmə və uzun müddət ayaqda qalmağı tələb edən iş rejimidir. Əgər sizdə artıq varikoz damarları varsa, yatarkən ayaqlarınızı yuxarı qaldırmaq və dar corablar geyinmək faydalı ola bilər. Ancaq ayaqlarınızı çarpaz qoymağın nə ziyanı, nə faydası olacaq.

10. Başı masaj etmək keçəlliyin qarşısını ala bilər.

Nə qədər cazibədar görünsə də, baş masajının keçəlliyin qarşısını almasına dair heç bir dəlil yoxdur.

Əgər dərinizdə qeyri-adi bir şey diqqətinizi çəkirsə və ya dərinizin sağlamlığını necə qoruyacağınıza dair sualınız varsa, həkiminiz və ya dermatoloqunuza müraciət edin. Üstəlik, kimdənsə yuxarıda sadalanan dəri haqqında miflər eşitsəniz, onun səhvini ehmalca düzəldə bilərsiniz.  

Sevinc İbrahimova