Nazim: Suları bulandırırdı, onu milyonlar qarşısında pərt elədim - FOTO/VİDEO

12:45 12-10-2019 530

“Maşın” realiti şousunu öz istəyi ilə tərk edən müğənni Nazim Pişyari HerGun.Az-ın kamerası önünə keçərək, oyunda baş verən qalmaqallı hadisələrə aydınlıq gətirib.

Əsəblərin tarıma çəkildiyi və çaxnaşmaların yaşandığı şouda müğənni Kərim Abbasov həmkarı Nazimlə söz savaşına çıxıb. O, “Nazim məndən 12 il bundan öncə aramızda baş verənlərin heyifini çıxır” deyərək yanan ocağa benzin səpib. Pişyari isə redaksiyamızın əməkdaşı ilə söhbətində Abbasovun onu verilişlərin birində pərt etdiyini dilə gətirib:

“Mənim şouda bir hədəfim var idi, o da Kərim Abbasov idi. Onu oyundan çıxarmaq üçün qruplaşma yaratdım. Kərimi oyundan uzaqlaşdırdıqdan sonra mənim üçün oyun bitdi. Abbas şouda aramızda düşən çaxnaşmanı 12 il əvvələ bağladığını söylədi.

Mən də cavab olaraq illər öncə baş verənlərin deyil, bir ay bundan öncə verilişlərin birində başıma açdığı oyunun acığını çıxdığımı dilə gətirdim. Hamı aramızda yaşanan hadisə ilə maraqlanır. Gözlədim ki, Kərim özü danışar, amma oxu atıb yayı gizlətdiyi üçün qərar aldım ki, bu məsələnin astarını gün üzünə özüm çıxarım.

ATV-də aparıcı Mətanət Əliverdiyevanın verilişinə dəvət aldım. Heç xəbərim belə yox idi ki, Kərim Abbasov orada qonaqdır. Verilişin prodüseri Xamis yaxınlaşıb dedi ki, “Sənin Kərimlə nə problemin var?”.

Cavab olaraq heç bir problemin olmadığını söylədim. O isə Kərimin ona dediyi “Əgər Nazim bu studiyaya girərsə, biz verilişi tərk edəcəyik” mesajını çatdırdı. Bu sözlərdən sonra çox pərt vəziyyətə düşdüm.

Çəkiliş heyətinin rəhbəri “Sən qaldığın təqdirdə biz bir qonaqla verilişi çəkə bilmərik” deyib, çıxış yolunu proqrama bu dəfə “qatılmamaq”da gördü. Mən də qalmaqal yaradıb, məsələni böyütmək istəmədiyimi bildirib, “dağ dağa rast gəlməsə də, insan insana nə vaxtsa rast gələr” deyib, haçansa bunun heyfini Kərimdən çıxacağım ümidi ilə çəkiliş meydançasını tərk etdim.

“Maşın” şouya da qatılanda xəbərim belə yox idi ki, hansı məşhurlar oyunda iştirak edəcək. Kərimi görər-görməz əlimi göyə qaldırıb “Ay Allah, sənə qurban olum” deyib, oyunumu birinci gündən başladığımı beynimə saldım. Kərim Abbasovu aşıq Namiq Fərhadoğlunun əli ilə şoudan çıxardım. Kərim bundan sonra nə müsahibələr versə, nə desə də, qatar getdi. Sən məni 100 nəfərin içində pərt etdinsə, mən səni milyonlar qabağında biabır etdim”.

Sənətçi şouda söz xiridarı Aqşin Fatehlə aralarında yaşanan mübahisəyə aydınlıq gətirib, onun oyunda “işverən”lik etdiyini deyib:

“Bütün iştirakçılar xəbərdar idilər ki, şouya beş günlük gəlmişəm. Çünki başqa işlərim var idi. Dedim ki, oyuna maşın üçün gəlməmişəm. Heç birinizə də rəqib deyiləm. Səs toplasam da, gedəcəyəm, toplamasam da. Heç kimi çıxarmayacağam. Çünki mənim oyunum Kərimi çıxarmağımla bitdi.

Aqşin isə suyu bulandırırdı. Şou başlayanda Niyam Salami ilə qərara aldıq ki, oyunu Aqşin tərk etməlidir. Mən çıxsam belə, A.Fateh də çıxacaq. Niyam Aqindəki heyfini çıxmalı idi. Niyamla münasibətim yaxşıdır. Əlimi götürəcəyimi də Niyam bilirdi. Onun üçün şoudan çıxanda Aqşinə məni yaxşı tanımadığını söylədim. O, ikibaşlı oyun oynadı. Çanaq Aqşinin öz başında partladı”.

Rəşad Əliyev