Həmsədrlər birgə bəyanat yaydı

17:09 29-06-2019 1067

ATƏT-in Minsk qrupunun həmsədrləri birgə bəyanat yayıblar.

Bəyanatın mətni ATƏT-in rəsmi saytında dərc edilib. 

Minsk qrupunun həmsədrləri İqor Popov (Rusiya), Stefan Viskonti (Fransa) və Endryu Şafer (ABŞ) yaydığı birgə bəyanatda bildirilib ki, onlar iyunun 27-28-də Vyanada ATƏT-in Baş katibi Tomas Qremingerə və qurumun fəaliyyətdə olan sədri, Slovakiya Xarici İşlər naziri Miroslav Layçaka regiona son səfərləri və bu yaxınlarda Azərbaycanla Ermənistan Xarici İşlər nazirlərinin Moskvada və Vaşinqtonda keçirilən məsləhətləşmələri barədə məlumat veriblər.

Onlar ATƏT Yüksək Səviyyəli Planlama Qrupunun rəhbəri, polkovnik Vladimir Minariklə də görüşüblər. Görüşlərdə ATƏT-in fəaliyyətdəki sədrinin şəxsi köməkçisi Anjey Kaspşik də iştirak edib.

İyunun 28-də münaqişə tərəflərinin eyni vaxtda girovları qarşılıqlı olaraq azad etmələrini alqışlayan həmsədrlər belə bir müsbət addıma sövq edən Beynəlxalq Qırmızı Xaç Cəmiyyətinin səylərini də yüksək qiymətləndiriblər.

“Həmsədrlər tərəfləri sülhə rəvac verən, substantiv danışıqlar üçün əlverişli olan ab-havanı daha da bərqərar edəcək əlavə konkret humanitar addımlar atmağa çağırırlar”, – deyə bəyanatda vurğulanıb.