Gimnastlarımız Polşada 10 mükafat qazandılar

18:45 29-06-2019 738

Azərbaycanın bədii gimnastika üzrə komandası Polşanın Qdın şəhərində keçirilən beynəlxalq turnirdə 10 mükafata sahib olub.

HerGun.Az xəbər verir ki, senyorkalar yarışında qrup hərəkətləri üzrə ikinci komanda bürünc het-trikə imza atıb.

Narin Qurbanova, Güllü Ağalarzadə, Nərmin Cahangirova, Humay Əliyeva və Sona Rəhmanovanın yer aldığı kollektiv çoxnövçülükdə, habelə beş topla hərəkətlərdə və üç qurşaqla kompozisiyada üçüncü olub.

Yuniorlar arasında Arzu Cəlilova topla hərəkətlərdə gümüş, qurşaqla hərəkətlərdə bürünc medal qazanıb. Nərmin Səmədova isə lentlə kompozisiyada ikinci yer tutub. Təmsilçilərimiz həmçinin komanda hesabında qızıl mükafatlara sahib olublar.

Fəridə Səfiyarzadə, Ləman Əlimuradova, Milana Ələkbərova və Selcan Hacızadədən ibarət yuniorlar qrupu isə mükafatların tam komplektini qazanıb. İdmançılarımız beş lentlə hərəkətdə birinci yer tutublar, çoxnövçülükdə ikinci, beş qurşaqla hərəkətlərdə isə üçüncü olublar.