Qumar Marxuliya: Gürcüstanla Ermənistan arasında strateji tərəfdaşlıqdan söhbət gedə bilməz

11:00 17-10-2019 528

Gürcüstan Baş naziri Georgi Qaxariyanın rəhbərlik etdiyi nümayəndə heyəti Ermənistanda olub. Ermənistan tərəfinin fikrincə, səfərin ən vacib nəticələrindən biri Ermənistan Baş naziri Nikol Paşinyanın Tbilisi ilə əlaqələrin inkişafı üçün strateji konsepsiya hazırlamaq təklifi olub. 

Yerevan KİV-də qeyd edilib ki, həm Ermənistanın, həm də Gürcüstanın konseptual sənədlərində ölkələr strateji tərəfdaş statusuna malik deyillər. “Ermənistan Baş nazirinin bəyanatı Ermənistan və Gürcüstan əlaqələrinə yenidən baxılması və Yerevanın ikitərəfli münasibətlərə strateji baxımdan yanaşdığı və bunun qarşılığını görmək istəməsi ilə bağlı Tbilisiyə mesaj idi”, - “Sputnik Ermənistan”a müsahibəsində Gürcüstan məsələləri üzrə erməni ekspert Conni Melikyan deyib. 

Nikol Paşinyan Georgi Qaxariya ilə görüşündə regionun təhlükəsizliyi məsələsinə də toxunub. Bununla yanaşı, Paşinyan əminliyini bildirib ki, Ermənistan-Gürcüstan münasibətləri xarici təsir olmadan inkişaf etməlidir. Burada o, Gürcüstanla Azərbaycan arasındakı münasibətlərə açıq şəkildə işarə edib. 

Görünür, Gürcüstanda Nikol Paşinyanın mesajını qəbul etməyiblər. Hətta “Sputnik Ermənistan”a müsahibəsində gürcü politoloq Qiya Abaşidze Tbilisi üçün Ermənistanla yaxşı qonşuluq, sabit və dinc münasibətlərin olması bildirməsinə baxmayaraq, qeyd edib ki, bu kimi dəyişikliklər üçün vaxt lazımdır.

Öz növbəsində, tarix elmləri doktoru, professor, Qafqaz Beynəlxalq Geosiyasət Tarixinin Tədqiqi Mərkəzinin prezidenti Quram Marxuliya Media.Az-a açıqlamasında deyib ki, Gürcüstanla Ermənistan arasında strateji tərəfdaşlıqdan söhbət gedə bilməz:

“Abxaziyada bizə qarşı vuruşdular, erməni batalyonlarına dəstək verdilər. Ermənistan Gürcüstanın Tsxinvali bölgəsində bütün bu quldur hərəkətlərini dəstəklədi. Gürcüstan və Ermənistan arasında strateji müttəfiqlik sadəcə mümkün deyil.

Bizim strateji müttəfiqimiz və tərəfdaşımız Azərbaycandır. Buna görə Nikol Paşinyanın Gürcüstana hər hansı bir mesaj göndərməsinə dəyməz”.