Məşhur aktrisa: Yaşlı, əxlaqsız qadın obrazı canlandırmaq istərdim - ÖZƏL MÜSAHİBƏ

15:45 18-10-2019 643

“Akasya Durağı”, “Deli Yürek” və “Cennet Mahallesi” seriallarındakı rolları ilə tanınan türkiyəli aktrisa Melek Baykalın HerGun.Az-a özəl müsahibəsi:

- İlk dəfədir Bakıya gəlirsiniz. Bakını sevdinizmi?

- Bakını çox bəyəndim. Ən çox da Bakının gecələri möhtəşəmdir. Qədimi binalarınız şəhərə gözəllik qatır. Ümid edirəm ki, o binalara bizdəki kimi müdaxilələr olmaz. Çünki texnologiya inkişaf etdikcə hündürmərtəbəli binalar tikilir.

- Uzun zamandır sizi televizaya və seriallarda görmürük. Hansı səbəblərdən fasilə vermisiniz?

- Hər iki işdə də xeyli əziyyət çəkdim. Bir müddətdən sonra yorulduğumu anladım. Çünki serial çəkmək çox çətindir. İnanın ki, bayramlarda belə işləyirdik. O səbəbdən də ailəm, sevdiklərim, dostlarımla daha çox vaxt keçirmək üçün serial təkliflərinə “yox” dedim. Artıq on ildir ki, bu sektordan uzaqlaşmışam.

- Daha çox Cennet Mahallesi serialı ilə tanındınız. Həmin serial kimi ürəyinizcə olan təklif gəlsə, qəbul edərsiniz?

- Təkliflər çox gəlir. Amma artıq qərarımı vermişəm. Bir daha serial sektoruna dönməyəcəm.

- Hazırda nə işlə məşğulsunuz?

- Teatrda fəaliyyətimi davam etdirirəm. Bundan çox böyük zövq alıram. Mənim üçün teatr hər şeydir.

- Səhər verilişlərinə də qayıtmaq fikriniz yoxdur?

- Beş il dayanmadan qadın proqramları hazırladım. Amma mənim proqramım evlilik verilişlərinin qurbanı oldu. Kanallar reytinq xatirinə evlilik proqramlarını seçdi. İndi də başqa tipli proqramlar üstünlük təşkil edir. Onlar mənim həyat fəlsəfəmə uyğun olmayan verilişlərdir. Bu səbəbdən də ekranlarda yoxam.

- Bəyəndiyiniz və baxdığınız hansısa proqram var?

- Çağla Şikelin proqramına baxıram. Çünki mənim proqramımın eynisini edib. Ona görə də o proqramı bəyənirəm. Proqramda öyrənə biləcəyimiz hər şey var. Amma qətlləri, bir-birinin arvadı və ya kürəkən ilə qayınanın qaçması kimi mövzuları təbliğ edən verilişlərə baxmıram. İnanın ki, onlar məni maraqlandırmır.

- Müge Anlının da proqramına baxmırsınız?

- Xeyr, baxmıram. 

- Son zamanlar Türkiyədə qadına və uşaqlara şiddət xeyli artıb. Bu yöndə sizə hansısa təklif gəlsə, qəbul edərsiniz?

- Bəli, edərəm. Qadına şiddət və uşaq istismarı mövzusunda hər şeyi edərəm. Bu tip hadisələrin qarşısını almaq üçün əlimizdən gələni etməliyik. Çünki balaca uşaqlara qarşı təcavüzlər məni çox incidir.

Biz qadınlar öz hüquqlarımızı qoruya bilmirik. Haqlarımızı necə lazımdırsa, almalıyıq. Biz öz hüquqlarımıza sahib çıxmasaq, necə olacaq? Öncə özümüz hüquqlarımıza sahib çıxmalıyıq.

- Azərbaycanlı qadınlarla türkiyəli xanımlar arasında hansı fərqlər var?

- Azərbaycanlı qadınlar bir az daha çox özünə fikir verir. Yəni sizin xanımlar daha bəzəklidir (gülür). Bəzənməyi çox sevirlər.

 - “Cennet Mahallesi” serialında birgə oynadığınız Alişan və Çağla Şikellə görüşürsünüz?

- Düzdür, işlərimiz çox olur, amma vaxt tapan kimi görüşürük.

- Serial çəkilişləri zamanı maraqlı hadisələr baş verirdi?

- Alişan çox qıdıqlanırdı. Çağla ilə birləşib, Alişanı tutub onu qıdıqlayırdıq. Hətta Alişan bir dəfə az qala özündən gedirdi. Nəfəs belə ala bilmirdi. Masaj edərək özünə gətirdik.

- Oynamaq istədiyiniz hansısa rol var?

- Vaxtı keçmiş, yaşlanmış, əxlaqsız qadın obrazını canlandırmaq istəyərəm.

- Türkiyəli aktyorlarından kimləri bəyənirsiniz?

- Bu, çox çətin sualdır. Çünki mənim bəyəndiklərimi sizlər tanımazsınız. Onlar həqiqi aktyor və aktrisalardır. Türkiyədə iki serial çəkməklə məşhur olanları aktyor hesab edirlər. Amma onlar deyil, başqaları həqiqi aktyorlardır.

İndi tanınanların çoxu başqa peşədən gəlib aktyor olublar. Amma yenə də bir çoxunu bəyənirəm. Çünki sevərək bu işi görürlər. Bizdə indi qısa yoldan pul qazanmaq dəbdədir.

- Son illər Türkiyədə seriallar daha çox gündəmdədir. Bu tələbatı necə qiymətləndirirsiniz?

- Seriallara tələb inanılmaz dərəcədə çoxdur. Təəssüflər olsun ki, sənət və mədəniyyət proqramları yoxdur.  Hazırda mədəniyyət səviyyəmiz çox aşağıdadır. Oxuyan insanlarımız yox səviyyəsindədir.

- Niyə həmkarlarınız kimi estetik əməliyyat etdirmirsiniz?

- Heç vaxt estetik əməliyyat etdirməmişəm. Botoksum belə yoxdur. Çünki aktyorun estetik etdirməsinə qarşıyam. Bizim üzümüzdəki hər bir cizgi çox önəmlidir. Əgər aktyorluğu buraxsam, estetik etdirə bilərəm.

Sevinc Yasinqızı
FOTO: Ramil Zeynalov