Səməd Seyidov: Bəzi şər qüvvələr Azərbaycanı xaosa sürükləmək istəyir

14:00 21-10-2019 556

Bəzi şər qüvvələr Azərbaycanı xaosa sürükləmək istəyir və biz həmin şər qüvvələrlə mübarizənin içərisindəyik.

Report xəbər verir ki, bunu Milli Məclisin deputatı Səməd Seyidov deyib.

Onun sözlərinə görə, Azərbaycan dəfələrlə beynəlxalq təşkilarların ikili standartları ilə üzləşib:

“Həmin qüvvələr indi də beynəlxalq təşkilatlar vasitəsilə deyil, daxildən Azərbaycanın sabitliyini pozmaq, ölkəni xaosa sürükləməyə cəhd edirlər. Ən faciəvisi isə odur ki, bunu demokratiya, insan haqları, qanunun aliliyi pərdəsi ilə örtməyə cəhd edirlər”.

S.Seyidov bildirib ki, Avropa İttifaqı Azərbaycanda radikal müxalifətin keçirdiyi qanunsuz aksiyanı təhlil etməmiş bəyanat verib:

“Avropa İttifaqının özündə nümayişçilərə güc tətbiq edilir. Fransada baş verən hadisələrdə 11 nəfər həlak oldu, gözləri çıxan insanlar var idi. Biz beynəlxalq təşkilatlara öz müraciətimizi göndərməliyik.

Biz Avropa Parlamentinə, Avropa Şurasına, ATƏT və digər təşkilatlara müraciət göndərib deməliyik ki, qanunun aliliyi haqqında danışan təşkilatlar qanunun aliliyini pozan insanları müdafiə etməməlidir.

Avropanın özündə baş verən hadisələr ikili standartların nə qədər yüksək səviyyədə olduğunu göstərir. Mən əminəm ki, Azərbaycan xalqı hər şeyi çox gözəl görür”.