HR müdirinin işə başlaması. Elan edilməmiş soyuq müharibə: Biznes Roman - III hissə

19:20 21-10-2019 390

Fəxri Ağayev yazır...

Saata baxdı -  20:14. İş saatı çoxdan bitmişdi. 

Şirkətin HR direktoru Ruqiyyə xanım hələ də ofisdə sənədlərlə işləyirdi, amma bu bir iş deyildi.

O işləmirdi - sadəcə mexaniki şəkildə sənədləri bir-bir əlindən keçirirdi, ancaq beynində olan və idarə edə bilmədiyi aqressiyaya görə heç nə görmürdü.

Artıq bir ildir ki, bu şirkətdə idi. Onu bu şirkətə çox hörmət bəslədiyi sahibkarın müavini, Samir bəy gətirmişdi. “Yeni komanda qurulur, sahibkar şirkətdə olan özbaşınalıqdan bezib və artıq işi idarə edən sistemi qura biləcək müasir düşüncəli insanları axtarır” demişdi və əlavə etmişdi: “Köhnə komanda ilə bir şəkildə dil tapmalıyıq. Çətin insanlardır və sahibkarla şəxsi əlaqələri var”.

“Hmmm. Çətin?”, -  deyə acı gülümsədi Ruqiyyə xanım. Çətin sözü zəyif qalır onların yanında.
İşə başladığı ilk gün Samir bəy sahibkarın kabinetində hər kəslə Ruqiyyə xanımı tanış etmişdi.

Bazar ertəsi idi. Saat 09:30-da şirkət sahibinin kabinetində görüş olacaqdı hər kəslə.

Samir bəyin otağında gözləyən Ruqiyyə xanım çox ümidli və istəkli idi, tamamilə fərqli şeylər fikirləşirdi.

“Öncə şirkətlə tanış olaram, sonra bir-bir rəhbərlərlə şəxsən görüşlər keçirərəm. Şirkətin sənədləşmə işlərini toparlamaq problem deyil – işə Fərruxu cəlb edəcək və o maksimum 1 aya qədər bütün sənədləri rəsmiləşdirəcək”, - deyə düşünürdü. Samir bəy dedi ki, sahibkar şirkətin bütün fəaliyyətinin rəsmiləşdirilməsini istəyir.

“Bir HR direktorunun ən böyük arzularından biri də, fəaliyyətin rəsmi olmasıdır. Olsun”, - dedi özü-özünə və planlama düşüncələrini davam etdi: “Sonra şirkətdə sahibkar və digər rəhbərlərlə ümumi iclas keçirərik – növbəti üç il üçün strategiyamızı müzakirə edərik. KPİ sistemini qurarıq – strateji məqsədlərə görə”. Uzun zamandır belə real geniş yanaşmalı sistem qurucu bir iş üçün darıxmışdı xanım. 

Əgər o anda Ruqiyyə xanım onu şirkətdə nələrin gözlədiyini bilsəydi, elə iclasdan öncə uzaqlaşardı oradan.

Sənədləri barmaqları arasında çevirərkən əsəbi-əsəbi ayaqlarını titrədirdi masa altında : “Yekə kişilərdir, utanmırlar, hər şey edirlər: torba tikirlər, cavan uşaqları psixoloji əzirlər və işdən iyrəndirirlər, oğurluq baş alıb gedir və hamı da hər şeyi bilir”.

Bu gün səhər iclasda Satış Müdiri Elvin bəy rəsmən onun üzünə durmuşdu – utanmadan, və hər kəsin içində.

İşə gəldiyi gün Samir bəyin otağında gözləyəndə üzündəki gərginlik ifadəsi hələ də yadındadır, amma bir anlam verməmişdi o anda buna.

Saat 09:30-da görüş üçün sahibkarın, Novruz bəyin otağına keçdilər. Otağın girişində, katibənin olduğu otaqda 5-6 nəfər yaşlı insan vardı. Hamısı ayaqüstə durmuşdu və söhbət edirdilər. Samir bəy otağa Ruqiyyə xanımla daxil olanda birdən susdular. Soyuq salamlaşma.
Novruz müəllimin katibəsinin üzündəki ifadəni təsvir etmək çətin idi – gənc xanımın üzündə bir maska vardı sanki : dikbaşlıqla özgüvən və yüngül iyrənmə ifadəsi. Sanki onun yeri bura deyildi, amma bu şirkətin və sahibkarın səviyyəsinə özünü zorla endirib. 

Samir bəy gənc xanıma “Novzur müəllim bizi nə zaman qəbul edər?” deyə sual verəndə katibənin verdiyi cavab düşündürücü idi: “Az sonra biz sizə deyəcəyik. Hamı onu gözləyir”.

Sanki iclasın başlama saatı haqqındada sahibkarlar bərabər qərar qəbul edəcəklər. 

Otaqda hiss ediləcək şəkildə soyuq müharibə və sanki 3 qrup insan vardı: köhnələr, Samir bəylə Ruqiyyə xanım və özünü hər kəsdən ayıran katibə.

Zəng gəldi masadakı telefona. Naz-qəmzə ilə “bəli, Novruz müəllim” deyən və “müəllim” sözünün altını çizən xanım sanki hərkəsə demək istəyirdi ki, sizin üçün Novruz müəllim olan adam mənim üçün sadəcə Novruzdur. Dəstəyi yerinə qoydu və “Novruz müəllim sizi gözləyir” dedi boşluğa. Heç kimin üzünə baxmırdı - kraliçalara bu yaraşmaz.

Novruz müəllimin otağına ilk öncə 5-6 nəfər daxil oldu, sonra da Samir bəylə Ruqiyyə xanım.
Otağın böyüklüyü, yox – anormal böyüklüyü təccübləndirici idi. Sahibkarın masası otağın ən sonunda idi – ora daxil olan və sahibkara qədər gedən insan getdiyi yolda hər addımla cılızlaşırdı elə bil.

Ortada böyük dairəvi iclas masası vardı. Masada sular və salfetkalar. Və bir çox firmada olduğu kimi, yersiz şəkildə ortada süni güllər. Otaqdan qatı siqaret iyi gəlirdi. Masadan qalxan adam hər kəsi iclas masasına dəvət etdi.

Novruz müəllim masanın kənarında, yuxarı hissədə oturdu.

Sol tərəfində Samir bəy, sağ tərəfində isə dolu və üzündəki aqressiyanı gizlətməyən yaşlı bir adam oturdu. Ruqiyyə xanım Samir bəyin yanında oturdu və digərlərinin də aqressiv adamın yanında oturması gözündən qaçmadı. Şirkət bölünmüşdü artıq.

Hiss edilirdi ki, aqressiv yaşlı həm Novruz müəllimə çox yaxındır, həm də digərləri üçün ağsaqqaldır. Hər kəs üstünü çəkərək oturduğu halda, o adam sanki bilərək arxaya yaslanıb üzündəki istehza ifadəsi ilə Novruz müəllimə baxırdı. 

“Keçən dəfə sizlərə demişdim ki, biz artıq yenilənməliyik. Rəqiblər bizi yavaş-yavaş keçir.

Bizdən işdən çıxan insanlar rəqiblərimizi gücləndirir. Müasir sistem qurulmalıdır. Biz bunu bacaracağıq. Sizinlə bərabər” kimi əlaqəsiz ümumi söz yığını ilə Novruz müəllimz iclasa başladı və davam etdi: “Bizim üçün vacib olan bir vəzifədə bu gün yeni adam işə başlayır - Ruqiyyə xanım. “Eyçar”ımız olacaq. Yəni “addel kadr”, amma bildiyiniz “addel kadr” deyil. Bu başqa şeydi”.

Hiss edilirdi ki, heç özü də bilmir ki, HR işində söhbət nədən gedəcək və “başqa şey” nə deməkdir.

“Xahiş edirəm ki, hamınız xanıma dəstək olasız. O da bizdəndir artıq”, - deyə nöqtəni qoydu Novruz bəy.

Ağsaqqal çox rahat şəkildə “Novruz, özün də bilirsən ki, bizdə indi problem satışlardadır. Əgər xanım satışları artıracaqsa, əladı ki” deyə üzündəki istehza ifadəsi ilə dedi və davam etdi: “Yəqin ki, xanımın güclü satış təcrübəsi var. Yoxsa, bizdə “addel kadr” var da. Adını “eyçər” qoymaqla nə deyişəcəy ki?”

Yanında oturanlar onun sözlərini başlarını yelləyərək dəstəklədilər. 

Samir bəy “Novruz müəllim, icazə verin mən izah edim” dedi və Novruz müəllimin başını yorğun sallamasından sonra digərlərinə dedi:

“Baxın, bəylər. Bu gün bizim satışda olan problemin əsas səbəbi odur ki, biz işə doğru insanları əvvəlcədən almırıq. Ciddi yanaşma olmadan, dərin  təhlilsiz, müsahibələr keçirilmədən kim gəlirsə, işə alırıq, sonra da satış zəifdir deyirik. Ruqiyyə xanım ilk öncə elə işə götürməni burada sistemləşdirəcək”.

Ağsaqqalın yanında oturan və köynəyini iki düymə açaraq oturan biri dərhal müdaxilə etdi:

“Çox yaxşı. Biz ciddi deyildik – xanım ciddi alar işə. Mən sevindim. Bu gündən daha mən satıcıları axtarmıram. Xanım baxır da bu işə, çox əla oldu. Bizim indi altı nəfər satıcımız yoxdur. Elə birinci onları tapsın. Mən sabahdan çıxıram rayonlara”.

“Yox, belə olmaz, Elvin bəy”, - deyə Samir bəy etiraz etdi: 

“Ruqiyyə xanım işin içinə girməlidir. Ona zaman lazımdır. Belə bir anda onun üstünə hər şeyi atmaq olmaz axı”.

“Mən atmıram ki. Siz dediz ki, işə götürməni edəcək və mən də düşündüm ki, peşəkardır da. İşi bilirsə, o saat başlayar. Amma işi öyrənməlidirsə burada, heç problem deyil. Biz özümüz yenə hər şeyi edərik”, - Elvin bəy cavab verdi.

Ruqiyyə xanım qulaqlarına inanmırdı. Masada müharibə başlamışdı. Haqsız, ədalətsiz müharibə. Özü də fərqində olmadan ayaqlarını bərk-bərk sıxmışdı və daxili gərginlikdən nəfəs belə almırdı.

Samir bəy eşitməmiş kimi davam etdi :

“Şirkətimizdə ciddi digər problem də var – rəsmiyyət. Artıq dövlət qurumları bu məsələnin üstünə ciddi düşüblər. Hər kəsi rəsmiləşdirmək lazımdır - əmək müqavilələri olmalıdır, maaşların rəsmiləri qeyri-rəsmilərlə eyni olmaldır və daha çox şey”.

Digər qrupun sonunda oturan yaşlı və eynəkli bir adam əlini qaldıraraq dedi: 

“Niyə rəsmiləşdirirsiniz? Novruz müəllim, axı mən sizə demişdim – boş şeydir. Gələnləri bir təhər yola salırıq da, niyə bu qədər xərc edək eee?”

Novruz müəllim üzündə bezgin ifadə ilə söhbətləri dinləyirdi.

Samir bəy üzünü Novruz  müəllimə çevirdi: 

“Artıq çox şey dəyişir, Novruz müəllim. Rəsmiləşməliyik. Bu şərtdir. Və rahat olacağıq. Başqa çarəmiz yoxdur”.

Hər kəs susaraq Novruz müəllimin reaksiyasını gözləyirdi.

Ruqiyyə xanımın içi gərginlikdən sıxılırdı. Novruz müəllimin bir kəskin sözü bütün daşları yerinə oturdacaqdı – bunu masada oturan hər kəs anlayırdı.

“Yaxşı. Biz komandayıq. Hamımız eyni işi görürük. Hamımız buradan dolanırıq. Yaxşı olacaq. Mənim görüşüm var, sonra danışarıq”, - dedi və masadan qalxdı.

Samir bəy də, Ruqiyyə xanım da anladılar ki, bataqlıqda alliqatorlarla tək qaldılar.