Azad Rəhimov: Məşqlərə ciddi yanaşmaq lazımdır - MÜSAHİBƏ

16:54 30-06-2019 733

Azərbaycanın Gənclər və İdman naziri Azad Rəhimovun HerGun.Az-ın II Avropa Oyunları üçün Minskə ezam olunmuş əməkdaşına müsahibəsi

- II Avropa Oyunlarında Azərbaycan artıq 26-cı medalı qazanıb. İdmançılarımızın çıxışını necə qiymətləndirirsiniz?

- Medal qazanmaq baxımından çox razıyam. Güləşçilərimiz həmişəki kimi bizi sevindirirlər. Həm sərbəst, həm yunan-Roma, həm də qadın güləşçilərimizin böyük potensialı var. Bundan başqa, yeni boksçularımız yaxşı təsir bağışlayırlar, onlara da inanırıq. Ümumiyyətlə, məşqlərə ciddi yanaşmaq lazımdır. Çünki Tokio Olimpiadasına cəmi bir il vaxt qalıb.

O ki qaldı digər idman növlərinə, sambo Olimpiya idman növü olmasa da, kütləvilik böyükdür. Hesab edirəm ki, sambonun yaxşı inkişaf dövrü yaşaması üçün dövlət, sponsorlar tərəfindən böyük dəstək olmalıdır.

- Açılışda iştirak etdiniz, həmçinin bir neçə yarışı izlədiniz. Təşkilatçılıq, tamaşaçı marağı baxımından II Avropa Oyunları sizdə necə təəssürat yaratdı?

- Yarışın Minskdə keçirilməsinə baxmayaraq, şəxsən mən belə yüksək səviyyəli təşkilatçılıq gözləmirdim. Koordinasiya komitəsinin üzvü kimi, burada üç dəfə iclasda olmuşam, bütün proseslərdə iştirak etmişəm. Hazırlıq işlərini görürdüm. Azərbaycanlı mütəxəssislər də burada çalışırlar. Bu gün idman qurğularının, oradakı tərtibat işlərinin, medalların təltifetmə mərasiminin, könüllülərin çalışqanlığının yüksək səviyyədə olduğunu deyə bilərəm. Avropa Oyunları gözəl keçdi, Bakıda yüksək səviyyədə təşkil olunan yarışın səviyyəsi heç də aşağı düşməyib. Bu onun təsdiqidir ki, Avropa Oyunları davam etdirilməlidir. Şadıq ki, bir neçə gün əvvəl Polşanın Krakov şəhəri III Avropa Oyunlarının paytaxtı elan edildi. Çox sevinirik ki, bunun startı Azərbaycanda, Bakıda verilib və həmin səviyyə davam edir. Minsk şəhərini, Təşkilat Komitəsini, Olimpiya Komitəsini ürəkdən təbrik edirəm.

- Bu gün bağlanış mərasimində Azərbaycan sizdən başqa kimlərlə təmsil olunacaq?

- İdmançılarımızın çoxu Vətənə qayıdıb. Son olaraq sərbəst güləşçilərimiz də qayıtdılar. Hazırda yunan-Roma güləşçilərimiz, boksçularımız, karateçilərimiz, həmçinin velosiped idman növü və gimnastikadan iki nəfər bizimlədir. Onlar bağlanış mərasimində iştirak edəcəklər. Rəsmi səviyyədə isə dövlət tərəfindən bu iş mənə həvalə edilib. Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə də mənimlə bir yerdə olacaq.

Səbuhi Musayev