Hərbçilərin Dünya Oyunlarında Azərbaycanın medallarının sayı beşə çatdı

12:20 24-10-2019 474

Çinin Uxan şəhərində keçirilən hərbçi idmançılar arasında keçirilən VII Dünya Oyunları davam edir.

HerGun.Az xəbər verir ki, bu gün iki yunan-Roma güləşi üzrə idmançımız mübarizəyə qoşulub. 

Həsən Əliyev (-77 kq) 1/8 finalda erməni Varujan Qriqoryana gücünü göstərib – 5:0. Həmyerlimiz 1/4 finalda ukraynalı Dmitri Pişkova aman verməyib – 7:1. Pəhləvanımız yarımfinalda 2017-ci ildə dünya çempionu olmuş serb Viktor Nemeşə 3:2 hesabıyla qalib gələrək finala yüksəlib. Həsən finalda iranlı Peyman Poştamla qarşılaşacaq.

Rafiq Hüseynov (-87 kq) isə əvvəlcə ukraynalı Aleksandr Şişmanı 2:1 hesabıyla məğlub edib. Pəhləvanımız 1/4 finalda koreyalı Sanqyeok Parkı üstələyib – 5:1. Rafiq yarımfinalda dörd il əvvəl Bakıda keçirilmiş ilk Avropa Oyunlarının finalında uduzduğu Yevgeni Saleyevlə qarşılaşıb. Rusiyalı rəqibinə ilk hissədə “tuşe” ilə qalib gələn Hüseynov adını finala yazdırıb. Güləşçimiz finalda macar Viktor Lorintslə qarşılaşacaq.

Qeyd edək ki, dünən digər yunan-Roma güləşi üzrə idmançımız Mikayıl Rəhmanov (-67 kq) bürünc medal qazanıb. Ümumilikdə Azərbaycan üç bürünc medal qazanıb. İki güləşçimizin finala çıxması ilə medallarımızın sayı beşə çatıb.

Səbuhi Musayev