II Avropa Oyunları: Bağlanış mərasimi başlayıb

23:54 30-06-2019 686

Belarusun paytaxtı Minskdəki “Dinamo” Milli Stadionunda II Avropa Oyunlarının möhtəşəm bağlanış başlayıb.

HerGun.Az-ın Minskə ezam olunmuş əməkdaşının məlumatına görə, mərasimdə 4500-ə yaxın könüllü və təxminən 2000 idmançı iştirak edir.

Bağlanış mərasiminin icraçı direktoru Yevgeni Timaşukun rəhbərliyi altında gedən hazırlıqlar son anadək gizli saxlanılıb. Bu da tamaşaçılara sürprizlər yaşatmaq məqsədi daşıyır. Təşkilatçılar bu mərasimə hazırlıq uçun ötən gecə də məşq təşkil ediblər.

Bugünkü bağlanış mərasimində bayrağın növbəti Oyunların ev sahibi Polşanın Krakov şəhərinə ötürülmə mərasimi olmayacaq.

Mərasim zamanı Oyunların bayrağı sadəcə endiriləcək. Tədbirdə müasir Belarus nümayiş etdiriləcək.

İyunun 21-də açılış mərasimi keçirilən və 10 gün bütün Avropanın diqqət mərkəzində olan yarışın Sülh məşəli də yalnız bağlanışın sonlarında söndürüləcək.

Tədbir çərçivəsində keçiriləcək iştirakçı ölkələrin paradı zamanı Azərbaycan komandasının bayraqdarı karateçi Asiman Qurbanlı olacaq.

Səbuhi Musayev