Doqquz aya yarm milyon manat sığorta haqqı toplandı

12:20 29-10-2019 568

2019-cu ilin yanvar-sentyabr aylarında ölkədə fəaliyyət göstərən sığorta şirkətləri tərəfindən 522.5 milyon manat məbləğində sığorta haqqı toplanıb.

HerGun.Az xəbər verir ki, bu barədə Maliyyə Bazarlarına Nəzarət Palatasının məlumatında bildirilib.

Bu dövr ərzində 201.7 milyon manat məbləğində sığorta ödənişi həyata keçirilib.

Vergi sahəsində aparılmış islahatlar nəticəsində daha öncə təklif edilən vergi güzəştlərinin və həyatın yaşam sığortasına yönəldilən vəsait üzrə limitin azaldılması ilə əlaqədar ümumilikdə həyat sığortasında azalma olub.

Lakin sosial-iqtisadi əhəmiyyət daşıyan növlərdən olan istehsalatda bədbəxt hadisə və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta üzrə 29 faiz (8.1 milyon manat) artım olub. 

Ödənişlərdə keçən ilin müvafiq dövrü ilə müqayisədə, avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə 10.4 milyon manat, hava nəqliyyatı vasitələrinin sığortası üzrə 5.4 milyon manat, avtonəqliyyat vasitələrinin sığortası üzrə 2.6 milyon manat artım olub.  

Azalma isə, əsasən, tibbi sığorta (1 milyon manat) və hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası (2 milyon manat ) üzrə olub. Sözügedən növlər üzrə ödənişlər müvafiq dövr ərzində hadisənin baş vermə intensivliyindən asılı olaraq dəyişib.

Aqşin Kərimov