Avropa çempionatı: Qadın millimiz Rusiyanın seriyasını qırdı, kişilər Almaniyaya məğlub oldu - YENİLƏNİB

21:40 30-10-2019 431

Gürcüstanın Batumi şəhərində keçirilən şahmat komandaları üzrə Avropa çempionatı bir günlük fasilədən sonra bu gün qaldığı yerdən davam edib. 

HerGun.Az xəbər verir ki, bu tura qədər yeddi xalla VI sırada olan kişi millimiz bu gün çempionatın reytinqinə görə IX komandası olan Almaniya ilə qarşılaşıb. 

Çempionatda hələ birinci lövhədə qələbə qazanmamış komandamızın lideri Şəhriyar Məmmədyarov bu gün qara fiqurlarla Liviu-Diter Nisipyanu ilə heç-heçə edib. 

Rauf Məmmədovun uduzduğu görüşdə Arkadi Naydiç və Qədir Hüseynov da bərabərliyə razılaşıblar. 

Ümumi hesabda Almaniya üstün olub – 2.5:1.5. 

Səkkiz xalla turnir cədvəlinin III sırasında qərarlaşmış qadın millimiz isə bu gün ən ciddi sınağına çıxıb. Komandamız keçirdiyi bütün görüşdə qələbə qazanmış, turnir cədvəlinin və qadın şahmatı üzrə reytinqin lideri Rusiya ilə qarşılaşıb. 

Bütün şahmatçılarımız, nəticə etibarilə komandamız oyundan heç-heçə ilə ayrılıb - 2:2. 

Qeyd edək ki, 6 turdan sonra aktivində 7 xal olan kişi millimiz 12-ci, 9 xallı qadın millimiz isə 3-cü pillədə qərarlaşıb.  

 

12:13

Gürcüstanın Batumi şəhərində keçirilən şahmat komandaları üzrə Avropa çempionatı bir günlük fasilədən sonra bu gün qaldığı yerdən davam edəcək.

HerGun.Az xəbər verir ki, hazırda yeddi xalla VI sırada olan kişi millimiz bu gün çempionatın reytinqinə görə IX komandası olan Almaniya ilə qarşılaşacaq.

Hazırda səkkiz xalla IV sırada olan almanlar ilk beş turda məğlub olmayan dörd komandadan biridir. Digər üç komanda Ukrayna, Rusiya və İsraildir. Çempionatda hələ birinci lövhədə qələbə qazanmamış komandamızın lideri Şəhriyar Məmmədyarov bu gün qara fiqurlarla Liviu-Diter Nisipyanu ilə oynayacaq.

Səkkiz xalla turnir cədvəlinin III sırasında qərarlaşmış qadın millimiz isə bu gün ən ciddi sınağına çıxır. Komandamız keçirdiyi bütün görüşdə qələbə qazanmış, turnir cədvəlinin və qadın şahmatı üzrə reytinqin lideri Rusiya ilə qarşılaşacaq.

Komandamız Avropa çempionatından medalla qayıtmaq istəyirsə, bu çətin görüşdə ən azı heç-heçə etməyə çalışmalıdır.

Səbuhi Musayev