Bakıda kimin əli kimin cibindən çıxır? – Cibgirliklə necə mübarizə aparaq?

10:40 19-11-2019 356

Son günlər ictimai nəqliyyatlarda cibgirlik haları artıb. Bir neçə gün ərzində paytaxtın Nəsimi, Binəqədi, Xətai rayonları üzrə polis idarələrinə ictimai nəqliyyat vasitələrində mobil telefon, pul oğurlanması ilə bağlı daxil olan müraciətlər çoxalıb.

Xüsusən metroda oğurluq halları artmağa başlayıb. Yaranmış vəziyyət ictimai nəqliyyatdan istifadə edən vətəndaşların narahatlığına səbəb olub.

Məsələ ilə bağlı hüquq-mühafizə orqanları ilə əlaqə saxladıq.

Bakı Şəhər Baş Polis İdarəsinin Mətbuat Xidmətinin rəisi, polis mayoru, Elşad Hacıyev HerGun.Az-ın sorğusuna cavab olaraq bildirib ki, dünyanın bütün iri şəhərlərində cibgirlik halları mövcuddur və onlarla mübarizə aktualdır:

“Cibgirlik, adətən, ictimai nəqliyyatda, insanların sıx olduğu ticarət mərkəzlərində baş verir.  Cibgirlik viktomoloji zəmində - cinayət üçün münbit şəraitdə törədilən gizli talama əməlidir. Bu, insanların ehtiyatsızlığından və səhlənkarlığından yaranır. Üzərində olan qiymətli əşyanı, yaxud pulu digər şəxsin əlçatan olduğu yerdə gəzdirməsi bu əməlin törədilməsinə zəmin yaradır.

Dünyanın bütün iri şəhərlərində cibgirlər var və onlarla mübarizə aktualdır. Bakı cibgirlər üçün bir sıra Avropa və MDB ölkələrinin paytaxtları ilə müqayisədə, ən əlverişsiz şəhər hesab olunur, çünki onlara qarşı ciddi mübarizə aparılır”.

E.Hacıyevin sözlərinə görə, 2019-cu ilin doqquz ayı ərzində paytaxtda qeydə alınan cibgirlik halları 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə 30,8 faiz azalıb:

“Paytaxtın nəqliyyat sisteminin əksəriyyətində videomüşahidə kameralarının mövcudluğu  polisin bu istiqamətdə əməliyyat-axtarış işinin effektivliyini artırır. Müşahidə kameralarının olması həm də profilaktik əhəmiyyət daşıyır, cibgirliyi özləri üçün peşə seçənləri bu əməldən çəkdirir”.

Cibgirliklə məşul olan şəxslərin iş başında saxlanılması hallarına münasibt bildirən polis mayoru, bu işin kənardan göründüyü kimi asan olmadığını diqqətə çatdırıb:

“Cibgirləri “iş başında” yaxalamaq böyük peşəkarlıq tələb edir. Əvvəla, ona görə ki, cinayət faktını sübut etmək – cibgirin əlini başqasını cibində tutmaq asan məsələ deyil. Çünki o, hərəkət zamanı, diqqəti üzərindən yayındırmaq üçün müxtəlif qiyafələrdə olur.

Digər tərəfdən, onlar gün ərzində insanların sıx toplaşdığı müxtəlif məkanlarda gəzir, tez-tez yerlərini dəyişirlər. Bu mənada, paytaxtda cib oğurluğuna qarşı mübarizə, daxil olan müraciətlər üzrə onun araşdırılıb aşkar olunması, vətəndaşa dəyən ziyanın ödənilməsi diqqətimizdədir. 

Ehtiyatsızlıq və səhlənkarlıq nəticəsində baş verən cibgirlik əməli insanın harada olmasından asılı olmayaraq, sıxlıq şəraitində  baş verir. Tövsiyəmiz ondan ibarətdir ki,  belə yerlərdə insan üzərində olan qiymətli əşyalara, yaxud pula nəzarət etməli, digər şəxslər bunu gördükdə vətəndaşlıq nümunəsi göstərməli, qanunsuz əməlin qarşısının alınmasına çalışmalıdır”.

Könül Cəfərli