“Qarabağ” İspaniya səfəri öncəsi ilk məğlubiyyətini aldı

22:40 22-11-2019 423

Azərbaycan Premyer Liqasında XII tur sürpriz nəticə ilə start götürüb.

HerGun.Az xəbər verir ki, turun ilk günündə bir oyun keçirilib. Milli komandaların matçları ilə əlaqədar yaranan fasilədən sonrakı ilk qarşılaşma Sumqayıtda keçirilib. Şəhərin eyniadlı komandası son çempion “Qarabağ”ı qəbul edib.

Premyer Liqanın lideri olan Ağdam klubu ilk yarının 36-cı dəqiqəsində ispaniyalı futbolçusu Xayme Romeronun cərimə zərbəsindən sonra hesabı açıb. Lakin “Sumqayıt” fasilədən sonra fəallığı artırıb. Meydan sahiblərinin iranlı futbolçusu Peyman Babayi 65 və 68-ci dəqiqələrdə vurduğu iki topla komandasını hesabda önə çıxarıb – 2:1.

69-cu dəqiqədən etibarən isə qonaqlar 10 futbolçu ilə mübarizə aparmalı olub. İsmayıl İbrahimli qırmızı vərəqə alaraq komandasını azlıqda qoyub.

Beləliklə, “Qarabağ” cari mövsüm Premyer Liqada ilk məğlubiyyətini alıb. Bu, Avropa Liqasının “Sevilya” ilə səfərdəki vacib matçı ərəfəsində baş verib.

Səbuhi Musayev