Paytaxtda piyadaların ağır günü: Şəhərin müxtəlif yerlərində, beş ayrı qəzada beş nəfər yaralandı

00:40 26-11-2019 359

Bakının dörd rayonunda avtomobillərin piyadaları vurması ilə nəticələnən qəzalar baş verib. 

HerGun.Az xəbər verir ki, ilk hadisə Sabunçu rayonunda qeydə alınıb. 

Hadisə Bakıxanov qəsəbəsində olub. “Arablinka” adlanan ərazidə minik avtomobili yolu keçmək istəyən 1954-cü il təvəllüdlü İsayev Rəfael Məhzəli oğlunu vurub.  

Yaralı xəstəxanaya yerləşdirilib. Ona qapalı kəllə beyin və müştərək travma diaqnozu qoyulub. Vəziyyəti ağır qiymətləndirilir.  

Faktla bağlı Sabunçu Rayon Polis İdarəsində araşdırma aparılır. 

İkinci hadisə Binəqədi rayonunda baş verib. Qəza 8-ci mikrorayon ərazisində qeydə alınıb.  

Minik avtomobili “Piknik” kafenin yaxınlığında yolu keçmək istəyən 27 yaşlı İsmayılov Rəşid İsmayıl oğlunu vurub.  

Yaralı xəstəxanaya çatdırılaraq reanimasiya şöbəsinə yerləşdirlib. Faktla bağlı Binəqədi Rayon Polis idarəsində araşdırma aparılır. 

Xətai rayonunda da bir nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Qəza Babək prospektində qeydə alınıb.  

Avtomobil özəl xəstəxanalardan birinin qarşısından yolu keçmək istəyən 1992-ci il təvəllüdlü Rəhimov Tural Nahid oğlunu vurub.  

Yaralı ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.  

Hadisənin təfərrüatı araşdırılır.  

Daha bir qəza Tennis Akademiyasının yaxınlığında qeydə alınıb. Minik avtomobili yolu keçmək istəyən 1963-cü il təvəllüdlü Məmmədova Aygün Knyaz qızını vurub.  

Yaralı xəstəxanaya çatdırılıb. Ona sağ qasıq-oturaq sümüklərinin sınığı diaqnozu qoyulub.  

Vəziyyətinin ağır olduğu bildirilir. 

Sonuncu qəza faktı Qaradağ rayonunda, Korgöz qəsəbəsində qeydə alınıb.  

1990-cı il təvəllüdlü Əmiraslanov Rauf Qulu oğlu yolu keçmək istəyən zaman onu avtomobil vurub.  

Yaralı xəstəxanaya yerləşdirilib. Ona kəllə-beyin travması diaqnozları qoyulub.  

Hadisənin təfərrüatı araşdırılır.