Nazir müavini intiharlarla bağlı dəhşətli statistikanı açıqladı

14:00 26-11-2019 780

Azərbaycanda son beş ildə intiharların sayı təqribən 3000-ə çatıb. Bu, çox yüksək rəqəmdir. Bunun 2/3-i kişilər, 1/3-i isə qadınlardır. Bunun ən üzücü tərəfi odur ki, intihar faktları arasında 173 uşaq və yeniyetmə olub.

HerGun.Az-ın məlumatına görə, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və BMT İnkişaf Proqramının intiharların qarşısının alınması ilə bağlı ilk dəfə hazırlanacaq Milli Fəaliyyət Planı layihəsi ilə bağlı keçirdiyi dəyirmi masada Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Anar Kərimov deyib.

On bildirib ki, Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, dünyada hər 40 saniyədə bir nəfər intihar edir:

“Son zamanlar baş verən intiharlara nəzər yetirsək, görərik ki, intihar edənlərin 1/3-i cavanlardır. Son 40-45 ildə intiharların sayı 60 faiz artıb”.

A.Kərimov intiharların əsas iki aspektinə diqqət çəkib:

“Birinci aspekt budur ki, bunun səbəbləri sosialyönümlü ola bilir. Sosial təminat, işsizlik problemləri, bəzi hallarda sosial psixoloji məsələlər də ola bilər. Digər tərəfdən, görürük ki, Azərbaycanda bir çox hallarda bu, həssas təbəqələr arasında baş verir.

Bura ruhi xəstəliyi, əlilliyi olan insanlar, məişət zorakılığının qurbanları olanlar, keçmiş məhbuslar aiddir. Amma yaddan çıxarmaq lazım deyil ki, intiharlar yalnız kasıb, yoxsul ailələrin problemi deyil. Bir çox inkişaf etmiş Avropa ölkələrində də bu problemə rast gəlinir”.

Nazir müavini qeyd edib ki, intiharlar Azərbaycanda daha çox həssas təbəqələrə aid və sosialyönümlü olduğu üçün onların qarşısının alınması məsələsi buna daha geniş və kompleks yanaşmağı tələb edir:

“Bu yalnız bir qurumun, təşkilatın problemi olmalı deyil. Bütöv cəmiyyət bu problemin aradan qaldırılması üçün səylərini əsirgəməməlidir”.

A.Kərimov bildirib ki, bu il ərzində bir çox sahələrdə, xüsusilə də sosial xidmətlərdə dəyişiklik görülür:

“Bu ona görə vacibdir ki, ilk növbədə sosial xidmətlərin əhatəsi genişlənir, onların çeşidləri artır. Digər tərəfdən, bu xidmətlər elektron şəkildə göstərilir. Bir çox məqamlarda bunlar artıq vətəndaşlarda qıcıq yaratmır. Onlar artıq əlavə süründürməçiliklə üzləşməyə, hansısa sənədləri toplamağa məcbur deyillər. Bu da onların psixoloji durumuna hansısa mənfi təsir göstərməsinin qarşısını alır”.

Nazir müavini qeyd edib ki, intiharların səbəblərindən biri də maddi təminatdır:

“Bu il ərzində 14 növ müavinət, yeddi növ təqaüd  artırılıb. İki yeni təqaüd təsis edilib. Azərbaycanda təqribən 70 min ailə il ərzində ünvanlı sosial yardımdan bəhrələnir. Bu da 160 min insanı əhatə edir. İşsizliyin aradan qaldırılması üçün biznes sturtaplarının olması da vacibdir.

Özünəməşğulluq proqramlarının vacib amillərindən biri odur ki, proqrama cəlb edilənlərin ən azı yarısı daha çox həssas təbəqələr - gənclər, qadınlar, məcburi köçkünlər və sair ola bilər”.

İlhamə Əbülfət