Ərazimizdən əvvəl qorxularımız kiçilmişdi

22:20 26-11-2019 384

Aqşin Yenisey yazır...

Mədəniyyətin kökünün qorxu hissinə söykəndiyini izah və sübut edən yüzlərlə fikir sahibi mövcuddur. İnanc, yazı, silah, müqəddəslik və s. bizi mədəni edən bütün ünsürlərin müəllifidir qorxu hissi. İnsanlıq cəmiyyət halında yaşamağın verdiyi avantajları ildırıma borcludur. Bu gün, adətən, balkondan baxaraq uşaqları əyləndirdiyimiz göydə ildırım çaxması, yerdə gözünüzə sataşan nə qədər insan yaradıcılığı varsa, hamısının qədim müəllifi odur. 

Türk aydını Xalis Çətinin “Qorxu siyasəti və siyasət qorxusu” adlı kitabı (oxumayanlara tövsiyə edirəm) fillərin itaətə necə öyrədilməsinin təsviri ilə başlayır. Fil dedikdə isə adam istər-istəməz Hindistanı, Hindistan dedikdə ingilis müstəmləkəsini, müstəmləkə dedikdə isə öz tariximizi xatırlamaya bilmir.

Demək, fillər su içmək üçün həmişə eyni yoldan istifadə edirlər. Bunu müşahidə edən ilk fil əhlilləşdirənlər həmin yolda fillərə tələ qururdular. Özləri isə qara paltarlar geyir, filin tələyə düşdüyünü görcək, gizləndikləri yerdən çıxıb tələdəki filin başına, üzünə, qulaqlarına, xortumuna, harası gəldi, dəmir uclu qarmaqlarla, üzəri mismarlı dəyənəklərlə döyərək işgəncə verirdilər. Sonra filləri al qan içində və ac-sussuz tələdə ölümə tərk edirdilər. Bu dəyənəklərə də “tərbiyə” dəyənəkləri deyirdilər. Fillərin ölüm, aclıq və qorxuya qarşı müqaviməti zəiflədikdə və onlar tələdə qan içində can verməyə başladıqda həmin qara paltarlı adamlar bu dəfə ağ paltarlarını geyinir, filləri tələdən xilas edir, yaralarını sağaldır, qarınlarını doyururdular. Beləliklə, fillər onları ölümdən qurtarmış bu ağ paltarlı adamlara canla-başla itaət etməyə başlayırdılar. 
Hindlilərin fillərə etdiyini sonralar ingilislər hindlilərə etdilər.

Postsovet məkanında Rusiyanın əvvəl əzib, sonra “çiçəkləndirdiyi” ölkələrə, latın Amerikasında və ərəb dünyasında Qərbin əvvəl yaradıb, sonra devirərək xalqı “zülmündən xilas etdiyi” diktaturalara baxanda bu metodun təkcə filləri deyil, insanları, xalqları da itaət həzzinə qovuşdurduğuna şahidlik etmək olar. 

Bizi maraqlandıran suala keçməyin vaxtıdır; gəlin görək qorxu mühiti necə yaradılır, qorxu hissi necə kollektiv duyğuya çevrilir? Fillərin nümunəsində gördük ki, hindlilər filləri tələyə tək-tək salıb ram edirdilər, sonra bu ram edilmiş tək fillərdən ibarət itaətkar bir fil sürüsü yaranırdı. Bu itaətkar sürüdəki filləri birləşdirən biopsixoloji amil qorxunun və xilaskarın eyni olması idi. Eyni üsul cəmiyyət həyatında da keçərlidir. Əvvəlcə şəxsi qorxular yaradılır, sonra onlar ümumi bir xilaskarın mərhəmətinə həvalə edilir. Məsələn, hər kəs özünün cəhənnəmindən qorxur, qonşunun cəhənnəmdə yanacağı fikri heç kimi maraqlandırmır, hər kəs elə bilir ki, cəhənnəmdə tək yanacaq. Əsas məsələ bu şəxsi cəhənnəm qorxusunun hamılaşması və kollektivləşdirilməsidir. Elə ki ayrı-ayrı şəxslərin cəhənnəmi ümumiləşdi, bu zaman teokratik mafiya ümumi xilaskarı, məsələn, İsa Məsihi ortalığa çıxarır.

Ayrı-ayrılıqda qorxduqları üçün əzab çəkən insanlar, özlərinə oxşayanlarla bir yerə yığışaraq birgə əzab çəkəcəkləri sosial və siyasi quruluşları yaradırlar. Beləliklə, öz dərdlərini iztirablara birgə dözmə ittifaqına çevirirlər (Xalis Çətin). Tək-tək qorxmaq əndişəsini birlikdə qorxmaq rahatlığı ilə əvəzləyirlər. Diqqətlə baxsanız görərsiniz ki, hamının qorxduğu cəmiyyətlərdə heç kim özünü qorxaq hesab etmir. Çünki təşkilatlanmış qorxaqlıq özünəməxsus bir cəsarət yaradır. Böyük şairimiz Ramiz Rövşən bu məqamı xüsusi bir istedadla bircə misraya yerləşdirə bilib: “Qorxaq köpəklərin igid sürüsü”. 

Kənd uşaqları yəqin ki, həyət itlərinin canavara hücum taktikasını görüblər. Kəndə canavar girdikdə əvvəlcə ayrı-ayrı itlər öz həyətlərindən hürməyə başlayırlar, amma heç birinin təkbaşına canavara cummağa cəsarəti çatmır. Elə ki itlər hürə-hürə, bir-birilərini çağıra-çağıra bir yerə yığışır, bu zaman “qorxaq köpəklərin igid sürüsü” yaranır və kollektiv qorxu müdhiş bir cəsarətə çevrilir. Hər bir it sürünün qəhrəmanı olmağa çalışır. Canavara hücum uğrunda, sanki, bir yarış başlayır; kim birinci və daha çox qoparacaq. Linç psixologiyası.  

İnsan kollektiv həyat tərzini totalitarizmə borcludur. Stalinin QULAK-ından sonra hər nə qədər lənətlənsə də, ictimai şüur öz başlanğıcını totalitarizmdən alır. Vahid qorxu (məsələn, ildırım) onu tanıyanları vahid inanca, vahid ideologiyaya səmimi-qəlbdən inanmağa məcbur etməsəydi, bəlkə də, indi insanın adı dinozavrlarla eyni siyahıda olacaqdı; nəslikəsilmişlər. 

Bizim ərəblərin gəlişi ilə başlayan və rusların gəlişi ilə “çiçəkləyən” “Qorxu çağı”mızın ömrü ona görə uzun oldu ki, islama və kommunizmə qarşı qoyduğumuz ideyaların totalitarizmini, yəni “qorxaq igidliyinin sürüsünü” yarada bilmədik. Sıravi azərbaycanlı orucunu pozmaqdan qorxduğu qədər cümhuriyyətini itirməkdən qorxsaydı, indi biz tarixdən başqa mətləbləri oxuyacaqdıq. Biz torpaq itirməkdən qorxmadıq, amma tək səbirdən, qara pişikdən qorxduq. Bizim qorxularımızı kiçiltdilər. Qorxularımız kiçildikcə ərazimiz də kiçildi. Müstəmləkəçilik bizə kiçik qorxularla yaşamağı öyrətdi.    

Bizi böyük qorxularımızın ətrafında kollektivləşməyə, təşkilatlanmağa qoymadılar. Ona görə Rəsulzadənin qurduğu cumhuriyyət cəmi 1 il 11 ay yaşadı. Çünki xalqda cümhuriyyəti itirmək adlı böyük qorxu yaratmağa macal vermədilər. İlk cümhuriyyət qurucuları totalitarizmin klassik gücünü, məsələn, Atatürk kimi “iyiyə kullanmaq” məsələsində yanaşı, ya da çox “kövrək” idilər. Amma sovet hökuməti və onu itirmək qorxusu ümumi düşmənə (ağlara, faşizmə) qarşı təşkilatlandı və hətta bu gün də artıq olmayan sovet hökumətini itirməkdən qorxanlar var məhəllədə nərdtaxta oynayanlar arasında. 

Bu yerdə fransız filosofu Qustav le Bonnun “Xalqların xarakteri” kitabından bir sözünü xatırlayacağam: “Heç bir xalq tarixdən dərs almır”. Yəni bir xalq icmalaşma, təşkilatlanma kimi şeyləri başqalarının tarixinə baxaraq özündə yarada bilməz. Bundan ötrü xalqın ümumi böyük qorxuları olmalıdır; sürgün illərinin yox olmaq qorxusu ilə üzləşən yəhudiləri kimi. 

Mən bunları yazmaqla totalitarizmi öymürəm, əksinə, demək istəyirəm ki, ölkə o zaman müstəmləkəyə, xalq o zaman köləyə çevrilir ki, onun ümumi qorxularını başqaları yaradırlar.

Ölkə və xalq o zaman azad olur ki, özü öz qorxularını tanıyır və sahibinə çevrilir. Əgər bir xalq həyət-bacasında canavar görmək istəmirsə, mütləq öz “qorxaqlarının igid sürüsünü” yaratmalıdır.