Brilliant Dadaşova gileyləndi: Beş il aparıcısı olduğum verilişdən bir qəpik də pul qazanmadım - FOTO

18:20 30-11-2019 818

Biz musiqini sevən insanlar üçün yaşayırıq. Tamaşaçıya təmmannasız şəkildə klip, mahnılar təqdim edirik. Bunu onları sevindirmək üçün edirik. İllər öncə, beş il sərasər Space TV-də “Gözəllik dünyanı xilas edəcək” verilişinin aparıcısı oldum. Amma o verilişdən bir qəpik də pul qazanmadım.

HerGun.Az xəbər verir ki, bu sözləri Xalq artisti Brilliant Dadaşova məclislərin birində söyləyib. O, üzünü millət vəkillərinə tuturaq, onların bəh-bəhlə misal çəkdikləri “Türkiyədə müğənnilər yüksək məbləğdə dövlətə vergi ödəyirlər” fikirlərinə etirazını bildirib:

“Bəzi hörmətli millət vəkilləri bizi Türkiyə ilə müqayisə edirlər. Amma bu yanlışdır. Çünki biz müstəqilliyimizi yeni əldə etmişik, onlar isə 80-90 ildir ki, bu sistemi yaşayırlar. Türklər vergi ödədiklərinə görə fəxr edirlər. Çünki onların yerli sənətçiləri proqram aparanda külli miqdarda vəsait əldə edirlər. Məhz bu səbəbdən onlar peşələrinə bu qədər həvəslidirlər. Biz isə ayda-ildə bir dəfə toya gedib, aldığımız qonorardan vergi ödəyirik.

Evdən çölə çıxmaq belə hamısı puldur. Yəni saçıma, makiyajıma və geyimimə pul xərcləyirəm. Elə bir dünyada yaşayırıq ki, vəsaitsiz, təmmənnasız, bir qəpik qazanmadan hansısa bir layihə və ya proqram hazırlamaq mümkün deyil”.

“Türkiyədə müğənnilər proqramlardan, telekanallardan, radiolardan, bələdiyyə konsertlərindən belə pul qazanırlar” söyləyən Brilliant Dadaşova onların gizlinlərini gün üzünə çıxarıb:

“Bir ilə yaxın TMB kanalında aparıcılıq etdim. Amma orada qonorar alırdım. Verilişi hazırlamaq üçün böyük vəsait tələb olunurdu. Verilişin TMB  (Türk Musiqi Birliyi) kanalında yayımlanmasına baxmayaraq,  sərmayəni azərbaycanlılar yatırır. Amma Türk dünyasına daxil olan digər ölkələr də birləşib vəsait ayırsa, daha asan olar. Mən onlardan çox pul tələb etmədim. İstəyirdim ki, Türk Musiqi Birliyinə qatqım olsun. TMB-nin tanıtım gününü keçirmək istədik. İclas oldu və qərara gəldilər ki, proqrama tanınmış xarici müğənnilər dəvət olunsun. Onlar oxumayacaqdılar, sadəcə masa arxasında oturacaqdılar. Buna görə isə həmin müğənnilər 100 minlərlə dollar pul tələb etdilər. Beləcə, TMB-nin açılışı təxirə salındı. Çünki çox baha başa gəldi. 

Türkiyədə müğənnilər proqramlardan, telekanallardan, radiolardan, bələdiyyə konsertlərindən belə pul qazanırlar. Məsələn, bələdiyyə xeyriyyə məqsədi ilə konsert təşkil edir, ad olur ki, müğənni gəldi və pulsuz oxudu. Amma sənətçi çıxışına görə konsertdən pul alır. Onların toyu (toy onlar üçün ekstra hesab olunur) belə olmayanda, pul sarıdan çətinlik çəkmirlər. Çünki Türkiyədə 1000-dən çox radio kanalları var. Bir radio gündə bir dəfə türk müğənnisinin mahnısını öz efirində səsləndirsə, onun hesabına pul yatırılır. Tək radiodan onlar görün, nə qədər pul qazanırlar”.

Türkiyədə mahnılarınızın TV və radio kanallarında yayımlanmasına görə pul ödəyirsiniz sualına xalq artisti bu cür münasibət bildirdi:

“Mənim də mahnılarım ara-sıra türk radiolarında səslənir. Buna görə nə mən onlara, nə də onlar mənə pul ödəmir”.

Rəşad Əliyev