Azyaşlını hədələyib soydular - FOTO

11:40 05-12-2019 341

Mingəçevirdə iki nəfər naməlum şəxs azyaşlı oğlana bıçaqla zor tətbiq edərək, onun mobil telefonunu alıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən verilən məlumata görə, polis əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri ilə azyaşlıya qarşı soyğunçuluq edən şəxslərin Mingəçevir şəhər sakini 20 yaşlı Azər Salahov və Gəncə şəhər sakini 21 yaşlı Samir İsgəndərov olduqları müəyyən olunub. Onlar şübhəli şəxs qismində saxlanılaraq Polis Şöbəsinə gətiriliblər. 

Dindirilmə zamanı məlum olub ki, S.İsgəndərov “Instagram” sosial şəbəkəsində tanış olduğu dostu A.Salahovun Mingəçevir şəhərində yaşadığı evə qonaq gəlib. Daha sonra Gəncəyə qayıtmaq üçün yolpulu tapmayan dostlar çirkin əmələ əl atıblar.

Zəng etmək üçün azyaşlıdan mobil telefon istəyən həmin şəxslər daha sonra bıçaqla ona hədə-qorxu gələrək telefonu qaytarmayacaqlarını bildiriblər. Oğrular qaçaraq hadisə yerindən uzaqlaşıblar.

Saxlanılan şəxslərdən hadisə zamanı istifadə etdikləri bıçaq və mobil telefon maddi sübut kimi götürülüb.

Faktla bağlı Mingəçevir ŞPŞ-nin İstintaq bölməsində cinayət işi başlanılıb.