Baş nazirin qərarı kərə yağının bahalaşmasının qarşısını alacaq - RƏSMİ

12:00 05-12-2019 489

Nazirlər Kabinetinin 463 nömrəli qərarının birinci hissəsi istehsalçıların, ikinci hissəsi isə istehlakçıların maraqlarının qorunmasına xidmət edir.

HerGun.Az-ın xəbərinə görə, bunu Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov bildirib.

O bildirib ki, qərarın birinci hissəsinə əsasən quş əti, qida və damazlıq yumurta, meyvə tərəvəz (pomidor, soğan, fındıq, alma, təzə üzüm, xurma), meyvə-tərəvəz şirələri, sement və sement klinkeri, gips, kərpic, alçipan, kafel və metlaxın idxalına tətbiq edilən spesifik rüsumların vaxtı 2021-ci ilin sonunadək uzadılır.

“Bu da sadalanan məhsulları istehsal edən yerli sahibkarlar üçün əlverişli daxili bazar şərtləri formalaşdırır”, - deyə o əlavə edib.

İ.Məmmədov bildirib ki, qərarın ikinci hissəsi isə istehlakçı maraqlarını qoruyur və daxili bazarda kərə yağının qiymətinin sabit qalmasını təmin edir.

“Bu məqsədlə ölkəyə idxal olunan kərə yağının pərakəndə satış qiymətinin artmasının qarşısını almaq üçün 2017-ci ildə tətbiq edilmiş aşağı rüsum həddinin vaxtı 2021-ci ilin sonunadək uzadılır”.

Xatırladaq ki, Baş nazir Əli Əsədov dekabrın 4-də “Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri”ndə dəyişiklik edib. 

Aqşin Kərimov