Şamil Süleymanov: Deputat olmağı neyniyirəm axı?

14:40 05-12-2019 1393

Aktyora bir milyon belə versən, çatmayacaq.

Bunu HerGun.Az-a açıqlamasında Xalq artisti Şamil Süleymanov deyib.

“Hazırda, kinomuzun vəziyyəti düzəlir. Bu sevindirici haldır. Amma serial mənim üçün laboratoriyadır. Orada bəzi eksperimentlər edirəm. Serial rejissorları, böyük film çəkən həmkarlarım yəqin ki məndən inciməzlər. Çünki serial rejissorlarının gözündən yayınıb nəsə etmək olur.

Ona görə də, bəzən yaşımı belə nəzərə almadan bir çox eksperimentlər edirəm. Məsələn, bu yaxınlarda ən böyük arzularımdan birinə serialda çatmışam. Tələbəlik vaxtından teatr maskasını, eyni zamanda gülüb-ağlamağı oynamağı istəyirdim. Kinoda bunu mənə heç cür icazə vermirdilər. Amma serialda onu edə bildim.

Qonorar məsələsi isə başqa məsələdir. Çünki aktyora bir milyon belə versən, çatmayacaq. Hətta iki milyon belə versələr, bəs etməyəcək”, -deyə aktyor bildirib.

Xalq artisti qeyd edib ki, xalqa səslənmək və öz fikirlərini bildirmək üçün öz tribunası var: 

“Niyə aktyor deputat olmalıdır? Mənim öz tribunam var. Lazım olanda oradan həqiqətləri deyəcəm. Milli Məclis iqtisadçı, siyasətçi və hüquqşünasların yeridir. Onların tribunası olmadığı üçün deputat olur. Mənim isə arxamda öz tamaşaçılarım var. Hamı məni tanıyır. Tribunamdan hər şeyi onlara danışa bilirəm. Deputat olmağı neyniyirəm axı?”.

Sevinc Yasinqızı