Prezidentdən Əlibaba Məmmədovla bağlı - SƏRƏNCAM

17:20 05-12-2019 559

Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Əlibaba Məmmədovun 90 illiyinin qeyd edilməsi haqqında sərəncam imzalayıb. 

Bununla bağlı AZƏRTAC məlumat yayıb. 

Sərəncama əsasən, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi Azərbaycan Respublikasının Təhsil Nazirliyi ilə birlikdə Xalq artisti Əlibaba Məmmədovun 90 illiyi ilə bağlı tədbirlər planı hazırlayıb həyata keçirməlidir. 

Nazirlər Kabineti bu sərəncamdan irəli gələn məsələləri həll etməlidir.

2020-ci ilin fevral ayında Azərbaycan muğam sənətinin görkəmli nümayəndəsi, xalq artisti Əlibaba Balaəhməd oğlu Məmmədovun anadan olmasının 90 illiyi tamam olur. 

Dərin tarixi köklərə malik Azərbaycan xanəndəlik məktəbinin layiqli davamçısı kimi Əlibaba Məmmədov milli musiqi xəzinəsini daha da zənginləşdirmiş böyük sənətkardır. Klassik muğam irsinin saflığının qorunub saxlanmasını yaradıcılığının başlıca qayəsinə çevirən ustad xanəndənin repertuarındakı muğamlar ifaçılıq sənətinin kamil nümunələri səviyyəsinə yüksəlmiş və musiqi mədəniyyətimizin qızıl fonduna daxil olub.

Özünəməxsus ifa üslubu, məlahətli səsi və yüksək səhnə mədəniyyəti Əlibaba Məmmədova xalqın sevgisini qazandırmışdır. Sənətkarın mahir ifaçısı olduğu rəngarəng muğam və təsniflərlə yanaşı, müəllifi olduğu mahnılar dinləyicilərin qəlbində silinməz izlər qoyub.. Muğamın tədrisi sahəsində uzun illər uğurla çalışan tanınmış pedaqoq Əlibaba Məmmədovun yaradıcılıq yolu gənc xanəndələr nəsli üçün bir sənət məktəbidir.

Muğamla bağlı gerçəkləşdirilən müxtəlif layihələrdə daimi və səmərəli iştirakı onun muğam ifaçılığı ənənələrinin yaşadılması istiqamətində fəaliyyətinin mühüm mərhələsi hesab edilə bilər.