Murad Azərbaycanı “Avroviziya”da təmsil etmək istəyir: Avropa səhnəsini üç dəqiqə ərzində fəth edəcəyəm

15:20 06-12-2019 61

Bəstəkar-müğənni Murad Arif mayın 12-dən 16-dək Niderland Krallığının Rotterdam şəhərində keçiriləcək “Avroviziya-2020” beynəlxalq mahnı yarışmasında ölkəsini təmsil etmək fikrinə düşüb.

HerGun.Az xəbər verir ki, sənətçi bu haqda şəxsi “Facebook” hesabında yazıb. Ötən axşam klubların birində konsert verən sənətçi namizədliyini irəli sürdüyü haqda status paylaşıb:

“Bugünkü konsertimdən sonra bəyan etmək istəyirəm və hər birinizdən buna dəstək gözləyirəm: “Eurovision 2020” üçün namizədliyimi rəsmi olaraq təklif edirəm. Buna hazıram və arzulayıram.

Bizə üç dəqiqəlik hit lazımdır ki, özümüz yazaq, öz uşaqlarımızla, nəğməmizlə oraları partladaq. Bizə inanın!”

Məsələ ilə bağlı HerGun.Az-ın əməkdaşı Murad Arif ilə əlaqə saxlayıb. O “Avroviziya” müsabiqəsinə tam hazır olduğunu bildirib:

“Ötən axşam möhtəşəm bir konsert proqramı ilə çıxış etdim. Məhz bu konsertdən sonra bir daha əmin oldum ki, “Avroviziya”ya tam hazıram. Amma bu il yarışmaya qatılmaq istəyirəm. Çünki bu gücü və hazırlığı indi özümdə görürəm. Mənim qədər “Avroviziya”nı mükəmməl şəkildə öyrənən və təhlil eden yoxdur. Dəfələrlə mən yarışmanın şərhçisi olmuşam.

Bir dənə “Hə” cavabı alsan bütün gücümü bu yolda səfərbər edib, Avropa səhnəsini üç dəqiqə ərzində fəth edəcəyəm. Bunu ürəkdən istəyirəm. Əminəm ki, bunu bacaracağam. Çox iddialıyam. Bəstələrim və mahnılarım ölkə sərhədlərindən çıxıb, əcnəbi ifaçıların repertuarlarında yer alıb. Bu Azərbaycanda ilk dəfədir ki, məşhur pop ifaçı öz istəyini və ideyasını ortaya qoyur”.

Qeyd edək ki, “Avroviziya-2019” yarışmasının qalibi Niderland təmsilçisi Dunkan Laurens olub. Dunkan 492 səslə ölkəsinə “Avroviziya” sevinci yaşadıb. Azərbaycan təmsilçisi Çingiz Mustafayev 297 xalla yeddinci yerdə qərarlaşıb.

Rəşad Əliyev