Azərbaycan ədəbiyyatı yüz əlli il Seyid Əzim yolunda

21:00 14-12-2019 463

Aqşin Yenisey yazır...

Nə üçün mənəviyyat dedikdə, istər ağıl dəryası olsun, istər zırrama kütbeyin, əksər insanın ağlına din və spiritual nəzəiyyələr, teolologiya gəlir? Niyə Tolstoy, Dostoyevski kimi böyük yazıçılar insan mənəviyyatını kilsə divarları ilə məhdudlaşdırmışdılar, onların əsərlərindəki kilsədən kənarda qalan bütün xarakterlər qəddar, zalım, mənəvi cəhətdən yoxsul adamlar idilər? Nədən bütün xristian ədəbiyyatı insan mənəviyyatını tərkibindəki İsa ruhunun miqdarı ilə ölçürdü? Ümumiyyətlə, dindar olmaqla mənəviyyat sahibi olmaq eyni şeydirmi, dindən, spiritual, teoloji  fikirlərdən kənarda insana yetəcək qədər mənəviyyat varmı? Dindar olmaq bütün hallarda mənəviyyatlı olmaq deməkdirmi?

Nə qədər ərəb, rus (müsəlman, xristian) mədəniyyətlərinin təsiri və təzyiqi ilə üzləşsə də Azərbaycan ədəbiyyatında din mənəviyyat yaradan, yaxud onu qoruyan  mənbə kimi müzakirə olunmadı. Lap başından böyük Nizami Gəncəvi Homerdən təsirlənərək mənəviyyatı tarixi proseslərin yaratdığına inanırdı. Füzuli mənəvi dünya həyatını reallıqdan imtina edib, mistik sərgərdanlıqla eyniləşdirdi. Məcnunda sufiyanə ruhanilik psixi pozuntunun son həddi olan şizofireniyaya (saçını-başını yolub, çölə düşmə) qədər irəlilədi. Füzuli poeziyasının qapıqonşusu cadugərlik idi. 

Nəsimiyə görə, insanın varlığı, vücudu özü bir mənəvi hadisə idi. Seyid Əzim isə məsələni konkretləşdirdi; din insan üçün nəinki mənəvi mənbədir, əksinə, onun olan-qalan mənəviyyatını da korlayır. (“Allaha rüşvət”, “Köpəyə ehsan” və s.) 

Özündən sonra Azərbaycan ədəbiyyatına Seyid Əzim qədər təsir göstərən ikinci bir ədibimiz olmayıb. Ədəbiyyatımız – hər nə qədər ədəbi tənqidçilikdən çox ədəbi mollalıq edənlərə ev sahibliyi etsə də - bu günəcən Seyid Əzimin açdığı yolla irəliləyir. Bu yoldan nə maarifçilər çıxdı, nə onlarla sovet ədəbiyyatı arasında keçid rolu oynayan Cəfər Cabbarlı kimi yazıçılar imtia etdi, nə sovet ədəbiyyatı Seyiddən üz çevirdi, nə də indiki müstəqillik dövrünün şair və yazıçıları ona asi ola bildilər. Yalnız Hüseyin Cavid istisnası var ki, o da mövzuları və üslubu ilə daha çox Osmanlı ədəbiyyatının yetirməsidir. 

Son yüz əlli ildə Azərbaycan ədəbiyyatı tarixinə kim düşübsə, Seyid Əzimin ətrafında dövr etdiyi üçün düşüb. Seyid Əzimdən qaçmaq, yaxud ondan imtina etmək ədəbiyyatımızda uğursuzluq əlamətidir. Seyid Əzimə qarşı çıxmaq isə ədəbiyyatımızda “ölümdən əvvəlki ölümdür”. Dostum Həmid Herisçi son illər dini fanatizm, fatalizm bataqlığına kəllə vursa da, şeir kitabının adını “SSSR” qoydu. Bu da o deməkdir ki, türklər demiş, “abimin” alt şüurunda din, iman deyə bir şey yoxdur, inanc, fatalist fikirlər onun üçün şüur oyunlarıdır. Adam allaha, yaxud hansısa zəncirin kəramətinə inanırsa da şüuru ilə inanır, ruhu ilə deyil. Alt şüurunun üstünə isə “SSSR” aksizi vurulub: atesit ideologiyanın möhürü. Lermantovun “Qafqaz”ının ətrafında uçan qaraquşu kimi Həmid ağa da “nə qədər yüksək uçarsa” yenə Seyid Əzimin dövrəsində uçur. 

İndi qayıdaq yazının girişindəki suala ki, niyə xristian ədəbiyyatı insan mənəviyyatını tərkibindəki İsanının “miqdarı” ilə ölçürdü? Bunun başlıca səbəbi min illik bir dövr ərzində Qərb dünyasının yunan-Roma fəlsəfəsindən uzaqlaşıb yəhudi-xristian doktrinalarına qapanması idi ki, bu da xristian müəllifləri insanı birtərəfli yazmağa və yozmağa vadar edirdi. Qədim yunanlar mənəviyyatı ruhun və bədənin sağlamlığında görürdülər və sağlam ruh üçün musiqini, sağlam bədən üçün idmanı təklif edirdilər. Məsələn, Homerə görə, mənəviyyat demək, qəhrəmanlıq demək idi. Aşağı-yuxarı Homerdən təsirlənən Nizami də mənəviyyatı daha çox tarixi, sosial ədalətdə axtarırdı.          

Yəhudi düşüncəsi bütün insani üstünlükləri tək peyğəmbər obrazında cəmlədi. Yəhudilərin bu düşüncəsini, yəni “ruhani avtoritetin” insanlığın rəmzi olması inancını xristianlar olduğu kimi onlardan mənimsədilər. İnsan içində gəzidirdiyi peyğəmbərlik (İsa) əlamətləri qədər mənəviyyatlı idi. Kimdə ki belə əlamətlər yox idi, axmağın, zalımın biri hesab olunurdu. Mənəviyyat demək, İsaçı olmaq, dindar olmaq demək idi. Çünki İsa öz inancının həm qəhrəmanı, həm də şəhidi, qurbanı olmuşdu. Bu fakt xristianları öz peyğəmbərlərinə daha da emosional yanaşmağa məcbur etdi və edir.      

Yaşadığımız çağ metanarrativ üslubun ədəbiyyatda get-gedə üstün mövqe qazandığı bir çağdır. Nədir metanarrativ üslub? Ədəbi-tənqidi yazılara fransız filosofu Jan Fransua Liotarın ağzından düşüb. Metanarrativ üslub postmodern anlayış olaraq, çox inanclı, çox mədəniyyətli, bir növ, multikultural bir cəmiyyəti və ya ümumi bir tarixi daha fərqli məğzi ilə, ixtisarla və ya ümumiləşdirici nəzəri prinsiplər çərçivəsində izah etməyə çalışan qlobal bir üslubdur, təhkiyə formasıdır. Keçmişdən ötürülən bütün məlumatlara şübhə və tənqidin “qoruyucu uniformaları” ilə yanaşmaqdır metanarrativlik. 

Liotar özü azadlıq, bərabərlik, ədalət, təkamül, rasionalizm kimi maarifçi dəyərləri metanarrativ adlandırır və iddia edir ki, bu dəyərlər artıq dəyərini itirib. Ancaq onunla razılaşmayanların sayı da az deyil. Məsələn, Entoni Giddes kimi sosioloqlar iddia edirlər dünyada modernizm dövrü başa çatmayıb (onun fikirləri barədə yazımız olacaq).  Yaxud başqa bir ingilis filosofu Ernest Gellner Liotarın postmodernizmini aşağılayaraq, postmodernizmin zamanımızda güclü və dəbdə olan bir anlayış olduğunu, bu anlayının altında hansı şeytaniliklərin yatdığını və bu anlayışın hələ özünü gizlədiyini  iddia edir. Gellnerə inansaq, postmodernizm gələcəyin fəlakəti olacaq. Metanarrativ üsluba modernizmin modernizmi də, qloballaşan kapitalizmin yeni üslubu da deyənlər var. Təəssüf ki, ədəbiyyatımızda metanarrativ əsərlər yazılmır. (Mən yeni çap olunmuş “Tarix və Tale” adlı romanımda bu üslubun imkanlarından düçüncəmizin üfüqlərini genişləndirmək naminə yararlanmağa cəhd etmişəm, amma yenə də təəssüf ki, son söz bu üslubun adını belə bilməyən oxucuların olacaq). 

Metanarrativ yanaşmaya görə, insan mənəviyyatı azadlıq, bərabərlik, ədalət, tarixi təkamül, rasionalizm kimi dindən, spritializmdən, teologiyadan uzaq dəyərlərdədir. Tolstoyun, Dostoyevskinin zəmanəsində Rusiyada dindən, İsadan başqa narrativlər yox idi (heç bu gün də yoxdur). İsanın əlçatanlığı və emosional cazibədarlığı bu yazıçıları onu mənəviyyatın simvolu kimi göstərməyə, hər Kirilovun, hər Sergi Atanın, hər Nexlyudovun xəmirinə bir damla İsa qanı qatmağa sövq edirdi. 

Avropa və rus ədəbiyyatından fərqli olaraq ABŞ ədıbiyyatında İsaçılıq deyil, allahçılıq mənəvi ölçü sayılırdı. ABŞ dindarları İsaya bir o qədər bel bağlamırdılar. Çünki Riçard Doukinzin yazdığı kimi, Amerikaya köçənlər divarlarına İsanın şəklini vuran dini bürokratiyanın Avropada törətiyi cinayətləri, hətta pişik saxladığı üçün diri-diri yandırılan insanları öz gözləri ilə görənlər və onların törəmələri idilər. Onlar özləri ilə yeni qitəyə xristian peyğəmbərini deyil, xristian allahını aparmışdılar.

Dinin mənəviyyat yaradan tezisləri ölümdən sonra həyatın varlığı, günah və bağışlanmaq arzusudur ki, bunların heç birinin varlığına ağıl zəmanət vermir. Əksinə ağıl deyir ki, ölümdən sonrakı həyatın varlığı bağışlanmaq ümidi yaradır ki, bu da günaha batmağa şərait yaradır. Aşırı dindar ölkələrdə praktika onu göstərir ki, bu ölkələr ən az mənəvi keyifiyyətlər sahibdirlər. Qonşun ac yatarsa, sənində yediyin haramdır kimi mənəvi dəyərlər tapınan ölkələr məhz ən çox qonşunun ac yatdığı ölkələrdir. Yaxud yetim haqqının ilahi bir haqq olduğuna inanların ölkəsində məhz yetim-yesirin heç bir haqqı yoxdur. 

Xristianlığın nisbətə sekulyarlaşması Qərbdə mənəvi dəyərlərin tanrını deyil, insanı qorumalı olduğu fikirini gücləndirdi. Xristianlar mənəviyyatı İsadan və kilsədən ayırından, mənəvi zənginliyi ibadət “hərisliyi” ilə deyil, azadlıq, söz və fikir azadlığı, demokraiya kimi metanarrativ dəyərlərlə ölçməyə başlayandan sonra oralarda ac yatan qonşuların, haqqı tapdalanan yetimlərin sayı azaldı.

Biz də isə... mən bu yazını Giddensin fikirlərinin davamı olaraq insanın özünün belə texnoloji bir məhsul olmağa can atdığını deyərək, yaxın illərdə nəinki dini, ilahi, hətta metanarrativ, insani dəyərlərin belə yox olacağı ehtimalının artıq müzakirə mövsuna çevrildiyi fikri ilə bitirməyə hazırlaşanda televizorda siyasi hakimiyyətə çan atan bir müsəlman siyasətçi “qul haqqıdan”, “ac qonşulardan”, “yetim qarnından” zaddan danışıb həmvətənlərindən səs istəyirdi.