Şah İsmayılın əsgərlərinin dəfn edildiyi kənddən reportaj - VİDEO

15:40 16-12-2019 607

Qubanın Ağbil kəndi tarixi abidələri ilə iz yaradan məkanlardandır. Ehtimala görə, Şah İsmayılın yürüşləri zamanı həlak olan əsgərlərin məzarları da bu kənddədir.

HerGun.Az-ın bölgə müxbiri xəbər verir ki, rayon ərazisində mövcud olan 15 qədim türbədən məhz dördü bu yaşayış məntəqəsində yerləşir. 

Kənddə dörd türbə mövcud olsa da, təəssüflər olsun ki, sovet dövründə həmin türbələrdən ikisi tamamilə dağıdılıb. Lakin yerli sakinlərin səyi nəticəsində iki türbə bu günə qədər qorunub saxlanılır. Bunlardan biri Şeyx Məziyyət, digəri isə Şeyx Rəşid türbəsidir. Bir neçə il öncə yerli əhali tarixi abidəni yenidən bərpa edib. 

Şeyx Məziyyət türbəsi 1537-ci ildə Şirvanşahlar dövründə, Şirvanşah Xəlilullahın göstərişi ilə memar Tacəddin tərəfindən inşa olunub. Türbə çöldən dörd və səkkizguşəli formadadır. Tarixi tikilidən bir qədər aralıda Şeyx Rəşid türbəsi yerləşir. Abidə xaricdən səkkizguşəli, daxildən isə dördbucaqlı plana malikdir. Türbədə Şeyx Rəşidin məzarı da var. Qədim tikili şərq üslubunda inşa edilib. Türbənin yerləşdiyi ərazidə, həmçinin, qədim qəbir daşlarına da rast gəlmək mümkündür. 

Tarixçi Fazil Tahirovun sözlərinə görə, bu qəbir daşları Səfəvi hökmdarı Şah İsmayılın yürüşləri zamanı həlak olan əsgərlərin məzarlarıdır. Hazırda qədim türbələrin yerləşdiyi ərazi ziyarətgahdır. 

Qeyd edək ki, qədim tikililər Mədəniyyət və Turizm Nazirliyinin ölkə əhəmiyyətli tarixi və mədəni abidələr siyahısına daxil edilib. 

Emin Xan